Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçment məsələsinə avqustun 1-də və yaxud 2-də ölkə parlamentinin yuxarı palatasının plenar iclasında baxılacaq.
Bu barədə parlament komissiyasının sədri Raymundo Lira bildirib.
Braziliya qanunvericiliyinə əsasən, ilk səsvermədə senatorların 50 faizi impiçmentin lehinə səs versələr, ikinci səsvermə baş tutacaq. Bu zaman prezidenti vaxtından əvvəl istefaya göndərmək üçün senat üzvlərinin üçdə ikisinin səsi kifayət edəcək. Yay Olimpiya oyunları ərəfəsində ilk səsvermə Rio-de-Caneyroda start götürəcək, ikinci səsvermə isə bilavasitə yarışların keçiriləcəyi günlərdə olacaq.
2011-ci ildən ölkəyə rəhbərlik edən Russeffin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.
Mayın ortalarında Dilma Russeff vəzifəsindən kənarlaşdırıldıqdan sonra vitse-prezidenti Mişel Temer Braziliyanın yeni hökumətini formalaşdırıb. O vaxt Braziliya Senatı 55 səs lehinə, 22 səs əleyhinə olmaqla prezidentə impiçment prosedurunun davam etməsini dəstəkləyib. Bundan sonra dövlət başçısı 180 gün ərzində postunu tərk edib.