Yaralılar arasında Azərbaycan vətəndaşı da var
ABŞ: «Bu vəhşətə heç bir məqsəd bəraət qazandıra bilməz»
İyunun 7-də İstanbulda növbəti terror aktı törədilib. Türkiyə vaxtı ilə səhər saat 8.40-da İstanbulun Vəznəcilər bölgəsində – Bəyazıt polisinin yaxınlığında güclü partlayış baş verib. Uzaqdan idarə olunan partlayıcı qurğu çevik polis alayının əməkdaşlarını daşıyan avtobusun yaxınlığında işə salınıb.
6 polis, 5 mülki vətəndaş həyatını itirdi
Nəticədə 6-sı (Ramazan Kırboğa, Emrah Pekdoğan, Kadir Cihan Karagözlü, Duha Beker, Gökhan Topçu, Yaşar Özden) polis əməkdaşı, 5-i mülki vətəndaş olmaqla 11 nəfər həyatını itirib, 36 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
İstanbul valisi Vasip Şahin yaralıların dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyini, iş üzrə ətraflı təhqiqatın aparıldığını bildirib. Valinin sözlərinə görə, partlayış bomba yüklü avtomobillə törədilib.
Hadisənin baş verdiyi Böyükşəhər bələdiyyəsinin ərazisinə xeyli sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Teraktla bağlı İstanbul Polis İdarəsinin Terrora Qarşı Mübarizə şöbəsində təhqiqat başladılıb.
Türkiyə mətbuatının yazdığına görə, yerli ekspertlər teraktla bağlı əsas şübhəli kimi PKK-nı göstərirlər. Onların fikrincə, hücum PKK-nın bundan əvvəl törətdiklərinə bənzəyir. Lakin eyni zamanda İŞİD ehtimalının da gözardı edilməməli olduğu vurğulanır.
Hadisədən dərhal sonra Türkiyə baş naziri Binali Yıldırım ölkənin daxili işlər naziri Əfqan Ala və səhiyyə naziri Rəcəb Akdağla görüşüb. Çankaya köşkündə baş tutan görüşdə nazirlər olayla bağlı son bilgiləri baş nazirin diqqətinə çatdırıblar. B.Yıldırım hadisə ilə bağlı İstanbul valisi Vasip Şahinlə də danışıb.
Ərdoğan yaralılara baş çəkdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanalara yerləşdirilən yaralılara baş çəkib. Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Ərdoğan bildirib ki, terrorçuların kimi hədəf almasının hökumət üçün fərqi yoxdur. Çünki bütün hallarda hədəf ölkə insanıdır: “Hərbiçinin də, polisin də, təhlükəsizlik əməkdaşının da vəzifəsi millətin təhlükəsizliyini təmin etməkdir. Terror aktı da bunlara qarşı törədilir. Bunun güzəştə gedilə biləcək tərəfi yoxdur. Terrorçulara qarşı mübarizəmizi usanmadan davam etdirəcəyik. Ürəyimiz qan ağlayır, amma hər şeyin bir bədəli var».
Almaniya və Britaniyadan Türkiyə xəbərdarlığı
İstanbul terroru ilə bağlı açıqlama yayan Almaniya Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə olan və bu ölkəyə səyahət etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib. Almanları son dərəcə diqqətli olmağa çağıran XİN onlara insanların çox olduğu məkanlardan uzaq durmağı tövsiyə edib: «Ölkədəki siyasi gərginliyi nəzərə alaraq terror hücumlarının ola biləcəyini unutmayın və ölkənin cənub-şərq bölgəsinə səyahət etməyin».
Növbəti xəbərdarlıq Britaniya Xarici İşlər Nazirlyindən gəlib. Nazirlik vətəndaşlarını diqqətli olmağa və yerli hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına əməl etməyə çağırıb.
Azərbaycanlılar varmı?
Azərbaycan Xarici İşlər Nazirliyi də İstanbulda törədilən dəhşətli terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan XİN İstanbul şəhərində törədilən qanlı terror aktını qəti şəkildə qınayıb: “Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan respublikası terrorun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və buna qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir. Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”.
Avropa Birliyi qınadı
Avropa Birliyi adından Istanbul terroruna reaksiya Avropa Komissiyasından gəlib. Qurum Türkiyənin növbəti dəfə terrora hədəf olmasından təəssüfləndiyini bildirib: “Aralarında polislərin də olduğu xeyli sayda insan həyatını itirdi və yaralandı. Həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”.
Britaniya xarici işlər naziri Filip Hammond “Twitter”dən yaydığı açıqlamada ölkəsinin bu dəhşətli hücumu qınadığını bildirib.
Britaniya səfiri: “Şok vəziyyətindəyəm”
Britaniyanın Türkiyədəki səfiri Riçard Moor isə baş verənlərdən şok vəziyyətinə düşdüyünü deyib: “Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.
Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmeyer Istanbulda baş verən vəhşi hücumu sərt şəkildə qınadıqlarını bəyan edib: “Türkiyənin növbəti dəfə yas tutmaq məcburiyyətində qalması çox sarsıdıcıdır. Düşüncələrimiz türk dostlarımızın yanındadır. Qurbanların ailələrinə və dostlarına dərin kədərimizi çatdırırıq”.
“ABŞ bu mənfur hücumu qınayır”
ABŞ-ın Türkiyədəki səfiri Con Bass “Twitter”dən bu fikirləri paylaşıb: “Istanbuldakı vəhşi terror hücumunun dərin kədəri içindəyəm. Heç bir məqsəd bu vəhşətə, belə məntiqsiz zorakılığa bəraət qazandıra bilməz. Yaralılara tezliklə sağalmalarını arzu edir, ölənlərin yaxınlarına başsağlığı verirəm. ABŞ bu mənfur hücumu qınayır. Terrora qarşı mübarizədə Türkiyə ilə çiyin-çiyinə durmaqda davam edəcəyik”.
Gültəkin