Almaniyanın türk əsilli millət vəkili Cem Özdemir 1915-ci ildə baş vermiş və Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini “soyqırım” adlandıran, Bundestaqda qəbul olunmuş qətnamə ilə bağlı ölümlə hədələndiyini deyib.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan almaniyalı millət vəkillərini səsverməyə görə qəzəbli tonla tənqid edib. O, Almaniya parlamentindəki 11 türk əsilli millət vəkili haqqında nifrətlə danışıb: “Onlar necə türkdürlər?”
“Onların qanı laboratoriyada yoxlanılmalıdır”, – o deyib.
Ankara meri həmin 11 millət vəkilini tvitində göstərərək, “onlar bizə arxadan zərbə vurdu” deyib. Almaniya mediasının yazdığına görə, bunu bir çox türk millətçiləri retvit edib və onlardan bəziləri ölüm hədələri yağdırıb.
Ötən həftə Almaniya parlamenti erməni “soyqırımı” layihəsinə səs verdikdən sonra Türkiyə öz səfirini Berlindən geri çağırıb.
Təhlükəsizlik məsələsi
Almaniya Yaşıllar partiyasının həmsədri qətnamənin təşəbbüsçülərindən biri olub. Polis onun şəxsi təhlükəsizliyinin qorunmasını gücləndirib.
Aldığı ölüm hədələrilə bağlı o deyib: “Təəssüf ki, türklərin də öz Pegidası var”, – bununla o, “anti-immiqrasiya” və “anti-islamçı” yürüşlər təşkil edən alman millətçi hərəkatına işarə edib.
Onun köməkçisi Marc Berthold deyib: “Biz təhqir və hədələrə alışmışıq, ancaq əvvəllər heç zaman bu qədər çox ölüm hədəsi eşitməmişdik”.
Almaniyalı millət vəkillərinin səsverməsinə qarşı türkiyəli millətçilər nümayiş keçirib və “Boz Qurd” işarəsi göstərib – bu, keçmişdə solçuları və liberalları öldürmüş millətçi qrupdur.
(bbc azəri)