Bizə yaxın çevrələrin gündəlik çay söhbətlərində mütləq həbsxana mövzusu var. Hara çevirsək, söhbətin bir ucu gedib ora çıxır. Başqa cür olması da imkansız. Hamımız məhbus əhval-ruhiyyəsindəyik, içəridəki içəridə, çöldəki çöldə zülm çəkir. Yaxın günlərdə yenə 10 minlik əfv siyahısını müzakirə edirdik. Söhbətin axarı dönüb getdi dünya təcrübəsindən məlum olan cinayət və cəza sistemlərinə. Bu məsələlərdə humanizmin ən parlaq örnəklərini yaratmış Norveç və Hollandiya kimi ölkələrin təcrübələrindən danışdıq. Həmin ölkələrdə həbsxanaların ləğv edilməsi ilə bağlı görülən işlər, insanların ev şəraitində islah olunub normal həyata qayıtması üçün tətbiq edilən elektron qandal sistemi, cinayətkarlığın qarşısının alınmasına yönəlik mühüm tədbirlər… Həmsöhbətlərimiz arasında mütaliəli bir dostumuz var. Deyir ki, dünya təcrübəsindən müqayisə aparsaq, bu sahədə ən sərt qaydaların Amerikada olduğunu görərik. Norveç və hollandlardan fərqli olaraq, onlar cinayət törətmiş şəxslərin “layiqli cəza” alması qənaətindədirlər. Özlərinə görə əsaslandırmaları da var. Qanunların hakim olduğu bir cəmiyyətdə azadlığın şirinliyini dəyərləndirə bilməyən adamlar məhkumluğun acısını yaxşı-yaxşı dadmalıdırlar…
Qanunların hakim olduğu bir cəmiyyət! Doğrudur! Dostumuzun bu fikri mənə 4 il əvvəl Amerikada baş vermiş bir cinayət hadisəsini xatırlatdı. Hər halda oxuyanlarınız da var, o hadisəni. Deməli, o zaman Kaliforniya Universitetinin tələbəsi Daniel Chong narkotiklərlə mübarizə qrupu tərəfindən yoldaşları ilə birlikdə şübhəli şəxs qismində həbs olunmuşdu. Amma bütün yoxlamalardan sonra onun heç bir günahı olmadığı aydınlaşdırılmış və qısa zamanda azad ediləcəyi söylənmişdi. Tələbəni sərbəst buraxmaq məqsədi ilə müvəqqəti bir hücrəyə salmış, sonra unutmuşdular. Danile Chongun unudularaq orda qaldığı 5 gün sonra fərq edilmiş və gənc sərbəst buraxılmışdı. Ancaq o müddətdə tam ac və susuz qalan tələbə 15 kq arıqlamış və həddindən artıq su itirdiyi üçün xəstəxanaya düşmüşdü. Bu məsuliyyətsizliklə barışmayan Danile Narkotiklərlə mübarizə dairəsinə qarşı şikayət iddiası qaldıraraq, şəxsinə dəyən zərərə görə təzminat tələb etmişdi. Məhkəmə onun şikayətinə baxaraq, iddiasını haqlı saymış və təzminat olaraq böyük bir məbləğ ödənilməsi haqqında qərar çıxarmışdı. O məbləğ mənim kimi sizi də təəccübləndirəcək, şübhəsiz. Nə az, nə çox, 4,1 milyon dollar! Indi gəl də, amerikan hüquq və məhkəmə sistemindən, cəzalandırma sistemindən şikayətçi ol. Buraxın, qanunların bu qədər “qəddar” olduğu bir ölkədə yaşayım da, o “qəddarlıq”dan əziyyət çəkim…
Əlbəttə, hökmün yalnız qanun tərəfindən diktə olunduğu ölkələrdə heç həbsxanalar da təhlükəli deyil. Nə yazıq, bəhs etdiyimiz o ölkələrin bizimlə müqayisə olunacaq hər hansı tərəfi yox. Hər şeyin yalana, qisasçılığa, sifarişə, rüşvətə dayandığı bir sistemin ədaləti nə olacaq ki, sizcə? Insanı tora salmaq, amansızlıqla cəzalandırmaq, həbsxanalarda çürütmək bahasına qazanc əldə etmək! Günahsız adamlardan cinayətkar obrazı yaratmaq, onların taleyi üzərində oyun qurmaq, hökm çıxarmaq! Necə dəhşətli bir sistemin idarəçiliyində olduğumuzun tam da fərqində deyilik, anlaşılan. Kor kimi baş alıb hara getdiyimizin də…