xaqaniquzeyli@gmail.com
…Birinci dünya müharibəsi illərindəki Bakıdan bəhs edən unudulmaz “Bizim Cəbiş müəllim” filmində maraqlı epizodlardan biri də, heç mübaliğəsiz, bazar səhnəsidir. Bazarda şübhəli fəaliyyəti ilə patrul xidmətinin diqqətini çəkən Əbülfəz sorğu-sual zamanı ona məxsus hinduşkadan imtina edir. O gözəl bilirdi ki, ucuz alıb baha satmaq istədiyi hinduşkaya sahib çıxsa, başı ağrıyacaq. Çünki Əbülfəz kiçik monopolist idi, kifayət qədər pulu var idi və bazara diqtə edirdi. Nəinki bir, hətta on hinduşkadan imtina edə bilərdi. Bu onun biznesi üçün heç bir təhlükə törətmirdi.
…Bu günlərdə Azərbaycan Dillər Universitetinin yeni təyin olunmuş rektoru Dünyamin Yunusovun evindən təxminən 65-80 min manat pul, 15 min manat dəyərində isə qızıl oğrurlanması xəbəri yayıldı.
Lakin Dünyamin müəllim ilk açıqlamasında məbləği təxminən on dəfə azaltdı və o pulun halal olduğunu sübut etməyə çalışdı. Dedi ki, “mənim evimdə heç o qədər pul olmayıb. Qızıl-ziynət əşyaları isə yoldaşımın 40 ildə yığdığı pullarnan alınıb. Oğurlanan puldan təqribən 7-8 mini bizim olub. Mən və yoldaşım öz pensiyamızı yığırdıq ki, müəlliməni Türkiyəyə həkimə aparaq”.
Qısa bir haşiyə çıxmaq istəyirəm, bu xəbəri oxuyanda ağlıma ilk gələn nədən rektorun manatı dollara çevirməməsi oldu. Adi fəhlə belə evdə manatla pul saxlamır, çünki elə bir dönəmdə yaşayırıq ki, sabah oyanıb maşın almaq üçün yığdığımız manat bir velosiped üçün bəs etməyə bilər. Əslində, bu xırda detal oxuduğunuz bu yazını yazmağıma səbəb oldu. Necə yəni, bu gün qoca pensiyaçı belə qəpik-quruşunu dollara çevirir. Yəni biz o qədərmi sadəlövhük?
Əslində birinci xəbər, yəni Dünyamin müəllmin “korrektəsinə” qədərki məlumat, Azərbaycan reallığına haradasa uyum saxlaya biləcək bir dozada idi. Çiçəyi burnunda rektorun evindən o qədər pul və qızılın çıxması digər rektorlara bir örnək olardı. Nə gizlədək, Azərbaycanda bəlli bir rektor standartı var. Hər kəsə məlum olan maliyyə qaynağı onlara böyük bir biznes səltənəti yaratmağa imkan verir. Bu gün şadlıq evi, iri ticarət obyektləri, ən müxtəlif biznesləri olmayan rektor, demək olar, yoxdur.
Lakin Dünyamin müəllim yuxarıda bəhs etdiyim “Bizim Cəbiş müəllim” filmindəki Əbülfəzin yolu ilə getdi.
Oxşar tendensiyanı digər iri məmurlara şamil etmək olar. Onlara aid hansısa obyekt, biznes sahəsi ictimailəşən kimi, ortaya çıxıb imtina edirlər. Bu, əsasən yanğın olanda, obyektlərində kriminal olay baş verəndə, qarət olunanda dilə gətirilir. Danılması mümkün olmayan evlərinin oğrular tərəfindən aparılmasıdır ki, onu da çox vaxt təkzib edirlər. Obrazlı desək, oğrulara qarşı həmrəylik ortaya qoyurlar. Bir məşhur atalar sözündə olduğu kimi…
Əslində onların bu addımı başadüşüləndir. Çünki onlar bunu etiraf etməklə, dolayı yolla cinayətkar olduqlarını da etiraf etmiş olurlar. Ayda min manat alan rektor on milyonlar dəyərində səltənətin necə ərsəyə gəlməsinə haqq qazandıra bilər?
…Yadınızdadırsa, 1994-cü ildə ali məktəb müəllimlərinin, ozamankı spiker Rəsul Quliyevlə görüşü keçirilirdi. Görüşü AzTv yayımlayırdı. Spiker onlara sovet dövrünü, daha dəqiq desək, Heydər Əliyev dönəmini xatırlatdı və o zaman necə yaşadıqlarını soruşdu. Hamının qırışığı açıldı, üzləri güldü – “əla yaşayırdıq, gözəl günlər idi” dedilər və tarixi bir cavab aldılar: “Gedin yaşayın, yaradın də, əvvəlki kimi, kimdir sizə mane olan?!”
Sistem elə qurulub ki, orada maaşla dolanan rektor, dekan nəzərdə tutulmayıb. Təsəvvür edin ki, ali məktəblərdən rüşvət yığışdırılıb. Orada yalnız bilik yeganə meyar hesab olunur. Ölkədə böyük bir savadlı gənc ordusu yaranır və başlayır haqqlarını tələb etməyə. Bunun qarşısını almaq üçün yeganə yol onları həbs etməkdir.
Odur ki, bugünkü təhsil siyasəti cahilləşmiş gənclərin fonunda ağıllı görünmək istəyən hakimiyyəti tam qane edir.
Mən, adətən, yazılarımı nikbin tonda bitirməyə çalışıram. Çox təəssüf ki, bu dəfə bunu bacarmayacam…