BBC-dən Putini «topa tutan» məqalə
«Ipə-sapa yatmayan «xuliqan» olmaq əntiqədir, çünki hamı qorxub bir kənara çəkilir»
Ötən həftə Nadejda Savçenkonu Kiyevdə qarşılayarkən Ukrayna prezidenti Petro Poroşenko belə bir vəd vermişdi: “Krımı da, Nadejda kimi qaytaracağıq”. Rusiya prezidenti Vladimir Putinin buna reaksiyası belə oldu: “Allah sizin danaya bizim canavarı yeməyi qismət eləsin”.
Dovşanlar və danalar arasında canavar
BBC-nin Moskva müxbiri Artyom Kreçetnikov öz məqaləsində Putinin bu cavabını təhlil edib, Kreml rəhbərinin bu eyhamının arxasında nələrin dayana biləcəyindən yazıb. Kreçetnikov deyir ki, zəngin rus dilində mənası Putinin bu fikrinə uyğun gələn bir çox zərb-məsəl var: “Istəməyin cana ziyanı yoxdur”, “Rəvayət təzədir, inanmaq olmur” (Avazın yaxşı gəlir, oxuduğun Quran olsa), “Xərçəng fit çalanda” (Dəvənin quyruğu yerə dəyəndə) , “Bura bax, bəlkə sənə göydəki Ayı gətirək?” və sair. Amma niyə axı məhz canavar? Bəlkə təsadüfdür? Yox əşi. Daha çox freydsayağı kəlamlara oxşayır. Hə, deməli prezident öz ölkəsini belə bir obrazda görür. Dovşanlar və danalar arasında canavar kimi. Nolar?! Qoy olsun. Onsuz da bütün dünya müasir Rusiyanı məhz belə qəbul edir.
Biz təəccüblənirik və hirslənirik ki, bu rusofobiya haradan qaynaqlanır və niyə bizi sevmirlər? Siz uşaqlığınızdan bu yana bircə nağıl xatırlayırsınızmı ki, orada canavar müsbət qəhrəman olsun? Təbiət və keçmiş peşəsi etibarilə Vladimir Vladimiroviç təmkinli və qapalı adamdır. Amma hərdən hiss etdiyi kimi də reaksiya verir. Bax, bu zaman işlətdiyi ifadələr çox şeyi başa düşməyə imkan verir.
Moskvaya olar, Vaşinqtona yox?
O canavarı əvvəllər də yada salıb, amma o vaxt bənzətməni özünə aid işlətməmişdi. 2006-cı ilin mayında Federal Məclisə müraciətində, o, ABŞ-ın adını birbaşa çəkməyərək demişdi: “Yoldaş canavar özü bilər, kimi yeyər. O yeyir və heç kəsə də qulaq asmır”. Amma o vaxt həmin bənzətmədə pisləmə var idi, indikində isə qürur hissi. Belə çıxır ki, Vaşinqton güc nümayiş etdirəndə pisdir, amma Moskva bunu edəndə çox yaxşıdır?
2014-cü ilin dekabrında keçirilən mətbuat konfransında Putin Rusiyanı ayıya bənzətmişdi və demişdi ki, “ayı giləmeyvə və balla keçinə bilməz və mütləq tayqa boyunca çoşqaları qovub tutmağa çalışacaq”. Bunun dərhal ardınca əlavə etmişdi ki, bütün dünya bu ayının dırnaqlarını qoparmaq istəyir.
Burda səbəb və nəticə nədən ibarətdir? Onun daha bir çıxışı, doğrudur bu dəfə hər hansı zooloci bənzətməsiz olsa da, diqqətəlayiqdir.
2014-cü ilin oktyabrında “Valday” diskussiya klubunda Putin “Xruşşovun çəkməsini” – sovet liderinin guya BMT Baş Assambleyasının iclasında çəkməsi ilə tribunanı döyəcləməsi barədə geniş yayılmış epizodu xatırlatmışdı. Dünyada, xüsusən də Birləşmiş Ştatlarda hamı düşünürdü ki, sən Allah, qoy, bu Nikita rədd olsun cəhənnəmə, bir də gördün zopladılar. Raketləri də çoxdur, gəlin onlara hörmətlə yanaşaq”, – deyə şərh etmişdi Putin.
Bir çoxları bu tarixi epizodu milli rüsvayçılıq hesab edirlər, amma bizim prezidentimizin xoşuna gəlir! Sən demə, ipə-sapa yatmayan “xuliqan” olmaq əntiqədir, çünki hamı qorxub bir kənara çəkilir. Çünki nə hoqqa çıxaracağını heç kəs bilmir!
Heyvanlar simvol kimi
Bu barədə çox şey demək olardı. Məsələn, deyə bilərdik ki, bir çox dövlətlərin gerblərini qartallar, şirlər və qaplanlar bəzəyir. Çünki vaxtilə krallar və imperatorlar bu varlıqlara oxşamaq istəyiblər, amma müasir zəmanəmizdə öz xalqını açıq şəkildə hər hansı yırtıcı ilə müqayisə etmək heç bir sivilizasiyalı ölkə liderinin ağlına gəlməz.
Deyə bilərdik ki, zaman keçdikcə gücdən çox ağıl mühüm olur. Deyə bilərdik ki, nə qədər istəsən də, dünyada hamıdan güclü ola bilməzsən. Deyə bilərdik ki, milli xudbinliklə, ən azı açıq şəkildə lovğalanmaq pisdir. Deyə bilərdik ki, hamının bizdən qorxması yox, bizim həyat və nailiyyətlərimizə qibtə etməsi daha mühümdür. Deyə bilərdik ki, lap uzağa getsək, tarixdə azadlıq və demokratiya olmadan da uğurlu inkişaf nümunələri var, amma ətraf aləmlə qarşıdurma şəraitində kiminsə çiçəklənib tərəqqi etməsi halları heç kimə bəlli deyil.
Əslində dediklərimin heç biri orjinal fikir deyil. Amma düşündüm ki, görəsən, mən hansı heyvanı Rusiyanın rəmzi kimi görmək istərdim? Uşaqlıqdan mənim sevimlim fil olub: Qüdrətli, təmkinli, müstəqil. Heç kimi yemir, heç kimin üstünə şığımır, amma hünərin var, sən ona toxun. Amma Afrikaya səfərim mənim fillər haqqında təsəvvürmü alt-üst etdi. Fillər əslində çox kinli və çılğın heyvanlar imiş və onların öz aralarındakı və başqa heyvanlarla münasibətləri o qədər də yaxşı deyilmiş.
Onda bəs hansı heyvan? Bəlkə, zəhmətkeş qunduz? Tədbirli tülkü? Yoxsa dağ başından iki pələngin çarpışmasını seyr edən müdrik meymun? Bəlkə heç heyvanat aləmindən nümunə axtarmaq lazım deyil. Bəlkə elə sadəcə, şüurlu insanlar kimi davranmaq kifayətdir?”.