Mədəniyyətimizdə silinməz Bədəlbəylilər imzası

Maarifçilik və sənət fəaliyyəti

Azərbaycan xalqının tanınmış soylarından olan Bədəlbəylilər mədəniyyət tariximizdə silinməz iz qoyan bir nəsildir.  Bu soy öz başlanğıcını Kərbəlayı Bədəl bəy Məhərrəm bəy oğlu Miriyevdən götürüb. Bu soy Kəbirli elinin Çullu oymağına bağlıdır. Zamanında Şuşa şəhərində məskunlaşmışlar.
Bədəlbəylilər nəslinin ən qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli – xalq maarifçisi idi. Qori Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdir. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdır. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən “Nicat” cəmiyyətinin ən fəal üzvü olmuşdur. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır. O, “Leyli və Məcnun” operasında Məcnun, Ibn Salam obrazlarını böyük məharətlə ifa etmişdir. Bədəl bəy Bədəlbəyli 1932-ci ildə vəfat edib.
Bədəlbəylilər nəslinin tanınmış nümayəndələrindən biri də Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) olub.
Əhdəm Ağdamski Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biridir. O, Azərbaycanda milli opera və operettalarımızda qadın obrazlarının ilk ifaçısı olub. Qadın obrazları yaratdığından adını və soyadını tamaşaçılardan gizli saxlamaq üçün “Miri” ləqəbini götürmüş, lakin uğurlu çıxışından sonra Əhməd Ağdamski kimi özünü təqdim edirdi. Gözəl səsi olan ifaçı “Leyli və Məcnun”da Leyli, “Aşıq Qərib”də Şahsənəm, “Ər və arvad”da Minnət xanım, “Arşın mal alan”da Gülçöhrə obrazlarını böyük məharətlə yaratmışdır və bununla ilk opera və operettalarımızı xalqa çatdıraraq professional musiqimizin yaranmasında öz sözün demiş və əvəzsiz rolunu oynamışdır.
Dəfələrlə səhnədən düşməyən “Leyli və Məcnun” operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 dekabr tarixli “Kaspi” qəzeti öz səhifələrində belə yazır: “Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi”.
1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi.
Ilk milli baletin banisi Əfrasiyab Bədəlbəyli
XX əsrin birinci yarısında Azərbaycan musiqili teatr aləmində Əfrasiyab və Şəmsi Bədəlbəylilərin adları özünəməxsus mühüm yer tutur.
Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu – bəstəkar, dirijor, librettoçu, Azərbaycanın xalq artisti Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. Ilk Azərbaycan baletinin – “Qız qalası”nın (1940), “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.
Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.).
Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə anadan olub. Ali Pedaqoji Institutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib.
Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib. Bir çox dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiosu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Əməkdar incəsənət xadimi (1940), xalq artisti (1960) Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.
“Qız qalası” baleti ilə görkəmli bəstəkar Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli Azərbaycanda ilk milli balet məktəbinin yolunu açdı. Yaradıcılığı boyu milli musiqimizin inkişafına xüsusi diqqət yetirən Əfrasiyab Bədəlbəyli xalqın musiqi təfəkküründən yaranan dərin mənalı muğam sənətinə dair geniş tədqiqat aparmış və “Izahlı monoqrafik musiqi lüğəti” kitabını tərtib etmişdir. Həmçinin musiqi sənətinin tarixinə və nəzəriyyəsinə aid “Musiqi lüğəti”ni də məhz bəstəkar yaratmışdır. Digər musiqi əsərləri, dirijorluğu, bir sıra balet və dram tamaşalarına librettoları, xalq musiqisinə dair mülahizələri, tərcümələri və ictimai fəaliyyəti – bunların hamısı bəstəkar, pedaqoq, alim Əfrasiyab Bədəlbəylinin Azərbaycan milli musiqimizin, musiqi elmimizin təşəkkülü və inkişafı yolunda yaratdığı irsidir.
Nəslin layiqli davamçıları
Azərbaycanda musiqili-komediya teatrının yaranması və onun müasir inkişaf mərhələsi yenə də XX əsrin 40-cı illərinə təsadüf edir. Yeni yaranan mədəniyyət ocağının direktor və bədii rəhbər vəzifəsi Şəmsi Bədəl oğlu Bədəlbəyliyə həvalə olunmuşdur.
Azərbaycan Dram Teatrında “Müsyo Jordan və dərviş Məstəli şah”, “Ölülər”, “Xoşbəxtlər”, “Kral Lir”, “Iki qardaş” kimi tamaşalara quruluş verən və rejissor kimi püxtələşən Şəmsi Bədəlbəyli Azərbaycanın musiqili-komediya teatrında fəaliyyəti zamanı onun realistik ideyaları həyata keçirilmiş və yaradıcılığın bədii prinsipləri formalaşmışdır. Bəstəkarları teatra dəvət edən rejissor onlara məhz musiqili-komediya janrında əsərlər yaratmağı sövq etmişdir. Bununla operetta janrına yeni həyat verildi. Görkəmli bəstəkarlar F.Əmirov, S.Rüstəmov, S.Ələsgərov, V.Adıgözəlov, A.Məlikov, E.Sabitoğlu yaratdıqları musiqi səhnə əsərləri Üzeyir bəyin bu janrda təməlini qoyduğu ənənələri layiqli davam etdirmişlər. “Ürək çalanlar”, “Gözün aydın”, “Ulduz”, “Durna”, “Hacı Qara”, “Hicran” və şübhəsiz ki, “Arşın mal alan” və “Məşədi Ibad” və bir çox başqa musiqili komediya tamaşaları Şəmsi Bədəlbəylinin bizlərə qoyduğu yaradıcılıq irsidir.
Istər dram, operetta, istərsə də opera tamaşalarına quruluş verən Şəmsi Bədəlbəyli ön planda Azərbaycan xalqının aktual problemlərinə, müasir həyatına əsəslanaraq yadda qalan tamaşalar yaratmışdır.
Azərbaycan Dövlət Filarmoniyasında müdir və bədii rəhbər və son illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri işləyən Şəmsi Bədəlbəyli başqa ölkələrin mədəniyyətilə xalqımızı mütəmadi şəkildə tanış edərək qarşılıqlı yaradıcılıq əlaqələrinə lazımi şərait yaratmışdır. Odur ki, Azərbaycan müasir rejissorlar məktəbinin görkəmli nümayəndəsi Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəyli geniş aspektli rejissor fəaliyyətilə səhnə mədəniyyətimizin quruculuq mərhələsində böyük rol oynamışdır.
Bədəlbəylilər nəslinin layiqli davamçısı yaradıcılıq fəaliyyətiylə Azərbaycanda ifaçılıq sənətinin ənənələrini inkişaf etdirən istedadlı pianoçu, Beynəlxalq mükafatlar laureatı, xalq artisti, professor Fərhad Şəmsi oğlu Bədəlbəylidir.
Xalqın yüksək mədəniyyətini dünya miqyasında təbliğ edən, bənzərsiz ifası ilə millətimizin sənət varlığını nümayiş etdirən Fərhad Bədəlbəyli bu gün fortepiano məktəbinin ən parlaq nümayəndəsidir.
Onun ifaçılıq ustalığı musiqi məzmununu özünəməxsus ifadə tərziylə, təsirediciliylə fərqlənir. Yüksək ustalıq səviyyəsinə malik müəllim məktəbinin yetirməsi bu gün milli musiqimizin ənənələrini davam etdirən Bakı Musiqi Akademiyasına rəhbərlik edərək ictimai xadim Fərhad Bədəlbəyli gələcək nəsillərin musiqi, mənəvi və estetik tərbiyəsində öz fəal iştirakını davam etdirir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir