Sərkisyan görüşdən sonra jurnalistlərə birbaşa açıqlama verir, Elmar Məmmədyarov isə Lavrovun fikirlərini şərh edir
Hökumət uğursuzluq seriyasını uğurla davam etdirir. Prezidentlərin Vyana görüşünün nəticəsi daha bir təslimçiliyin, daha bir qətiyyətsizliyin görüntüsü oldu. Ilham Əliyev müharibə etməmək öhdəliyi götürdü, status-kvo möhkəmləndi və Qarabağ yenə mənasız danışıqların ümidinə qaldı. Bəli, Azərbaycan hökuməti düşmənə və dünyaya bəyan etdi ki, “lazım” cəbhəyə gəlməyəcək.
Bu hakimiyyət yalnız vətəndaşa güc göstərməyi bacarır. Düşmənin xahişi ilə atəşkəs imzalayanlar vətəndaşla 23 ildir müharibə aparırlar. Azərbaycan xalqı bir daha şahid oldu ki, bu hakimiyyətlə Qarabağı işğaldan azad etmək mümkün olmayacaq. Hamı dərk edir ki, hakimiyyətə neft pulları lazımdır və bu pulları 20 faiz ərazi olmadan da qazanmaq olur.
Bir sözlə, Vyana görüşü məğlubiyyətlə barışmağın göstəricisidir. Bundan sonra prezidentlərin görüşündə müzakirə mövzusu atəşkəs olacaq. Hansı tərəfin atəşkəsi birinci pozduğu, hansı tərəfin razılaşmaya əməl etmədiyi gündəmə gələcək. Rəsmi təbliğat isə Azərbaycanın atəşkəsə sadiqliyini uğur kimi təqdim edəcək. Beləliklə, aprelin əvvəlində yaranmış döyüş ruhu, həmrəylik, müharibə ab-havası sönəcək və prezidentlər müxtəlif paytaxtlarda görüşüb dərdləşəcəklər.
Amma faciə təkcə bununla da bitmir. Vyana görüşündən sonra açıq göründü ki, Azərbaycan informasiya müharibəsində də uduzur. Belə ki, Vyana görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyan jurnalistləri başına yığıb görüşün nəticələri haqqında açıqlama verdi. Ona görə də Ermənistan mətbuatı da, dünya mətbuatı da görüşün yekunları ilə bağlı birbaşa Sərkisyanın dilindən informasiya yayırdı. “Jurnaslitlərin dostu” olan Azərbaycan prezidenti isə həmişəki kimi sirr saxlayır. Başa düşürük ki, bu adam 13 illik prezidentliyi dövründə jurnalistlərə açıqlama verməyib, mətbuat qarşısına çıxmayıb. Heç olmasa dövlətin taleyi ilə bağlı məsələlərdə mətbuata açıq olmaq, öz mövqeyimizi diktə etmək lazımdır. Sərkisyan “Ilham Əliyev bizi inandırdı ki, müharibə olmayacaq” açıqlaması verir və bütün mətbuat bunu tirajlayır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə “Biz Lavrovun fikirləri ilə razıyıq” söyləyir. Ölkə ictimaiyyəti, dünya mətbuatı bunlardan normal açıqlama gözləyir, bizim nazir isə Lovrovun fikirlərini şərh edir. Sanki, Azərbaycanın xarici işlər naziri yox, Lavrovun mətbuat katibidir. Hətta, Qarabağla bağlı görüşün yekunları barədə də Rusiyanın diliylə məlumat verirlər. Hadisənin boyatı çıxandan sonra isə hökumət sözüçüləri süni pozalar verməyə başlayırlar.
Müharibə etmək üçün qətiyyət yoxdur, heç olmasa danışıqlar masası arxasındakı mövqeyimizi dəqiq çatdıraq. Ölkə başçısının mətbuata münasibəti necədirsə, diasporumuzun xaricdəki fəaliyyəti, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılma səviyyəsi də elədir.
Bir sözlə, hökumət informasiya siyasətində də Ermənistanın xahişini yerinə yetirmiş kimi görünür. Sərkisyan haqsız olduğu halda operativ reaksiya verib özünü haqlı göstərir. Bizim prezidentimiz isə jurnalistlərdən qaçmağa davam edir.
Akif