Vergi ödənişlərinin dörddə üçü neft sektorunun payına düşür
Ekspertə görə, bank sektorunun vergi ödənişlərinin 30 faiz azalması çöküşün əlamətidir
Vergilər nazirinin müavini Sahib Ələkbərovun keçirdiyi mətbuat konfrasında bir sıra maraqlı rəqəmlər açıqlanıb.
S.Ələkbərovun sözlərinə görə, bu ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Nazir müavini həmçinin bildirdi ki, 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib.
Vergilər nazirinin müavini Ilkin Vəliyev isə bildirdi ki, 2.204 milyard manat vergi daxilolmalarınÿ 511 milyon 600 mini qeyri-neft sektorunun payına düşür.
Son bir ildə bank sektorunda yaranmış vəziyyət, bir neçə bankın bağlanması bu sahədən vergi daxilolmalarına ciddi təsir göstərib.
I.Vəliyevin sözlərinə görə, bank sektorundan vergi daxilolmalarında azalma müşahidə edilməkdədir. Nazir müavini qeyd etdi ki, bu ilin yanvar-aprel ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorundan vergi daxilolmalarında 30 faizlik azalma qeydə alınıb.
Sual yaranır, əgər bankların vergi ödəmələri 30 faiz azalıbsa, deməli, bankların üzləşdiyi problemlər heç də elan olunduğu kimi deyil. Yəni problemli kreditlərin faizi 6-7 faiz deyil, beynəlxalq təşkilatların qeyd etdiyi kimi, 3 dəfə artıq, ən azı 21 faizdir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, rəsmilər son zamanlar o qədər yalan danışırlar ki, bunun əksini sübut etməyə belə ehtiyac yoxdur. Nazir müavininin açıqlamasındakı məqamlara toxunan N.Əliyev qeyd etdi ki, müstəqil ekspertlərin uzun müddət söylədiklərini nazir müavini hələ indi etiraf edir: “Indi özlərində müəyyən cəsarət tapıb etiraf edirlər ki, qeyri-neft sektorundan büdcə daxilolmaları çox cüzidir. Amma gərək izah edəydilər ki, uzun müddətdir Azərbaycanda həyata keçirilən vergi siyasəti sahibkarların belini qırıb. Niyə vaxtında bunun qarşısını almırdılar ki, qeyri-neft sektorunda çalışanlar bu vəziyyətə düşməsinlər”.
Ölkənin qeyri-neft sektorunun tam çökdüyünü deyən N.Əliyev vurğuladı ki, bank sektoru faktiki olaraq yox dərəcəsindədir. Bank sektorunun maliyyə fəaliyyətini Mərkəzi Bankın gizli saxladığını xatırladan ekspert bildirdi ki, bu məlumatın gizli saxlanılması onunla bağlıdır ki, ölkənin bank sektoru mənfəətli işləmir: “Bankların əsas vəzifəsi ölkənin iqtisadi və sosial həyatını kreditləşdirməkdir. Bank sektoru isə bu fəaliyyətini dayandırıb. Mərkəzi Bankın bankların fəaliyyəti barədə məlumatı açıqlamaması bankların imicinə ciddi ziyan vurur. Əhali düşünür ki, görünür, bu şübhəli davranışlar əbəs deyil”.
N.Əliyev vurğuladı ki, bankların bu günləri mənfəət əldə edə biləcəyi istiqamət yoxdur. Çünki bankların kredit verməsi tamamilə dayanıb.
Xəyal