“The Financial Times” yazır ki, ABŞ senatı 11 sentyabr qurbanlarının ailələrinə və qohumlarına Səudiyyə Ərəbistanı rəsmilərini məhkəməyə vermək imkanı yaradan qanun layihəsini qəbul edib.
Məqalədə deyilir ki, bu hərəkətlə Senat həm də Ağ Evlə fikir ixtilafında olduğunu göstərib.
“The Financial Times” bunu da xatırladır ki, 2001-ci ilin sentyabrında təyyarələri qaçıraraq New York və Washington-dakı binaları hədəfləyən “19 terrorçudan 15 səudiyyəli olub”.
Bununla belə basqınların ardınca təşkil olunmuş ABŞ komissiyası bu hücumların Səudiyyə Ərəbistanı ilə birbaşa bağlı olmadığını göstərib.
Buna baxmayaraq, Ağ Ev sözü gedən komissiya hesabatının 28 səhifəsini hələ də məxfi saxlayır. Bununla əlaqədar millət vəkilləri də daxil bir çox siyasətçilər bu səhifələrdə Səudiyyə Ərəbistanının “terror aktları ilə əlaqəsini” göstərən faktların olduğunu bildirirlər.
Bu vaxtadək hücum qurbanlarının ailələri və yaxınları Səudiyyənin kral ailəsini, bank və xeyriyyələrini məhkəmələrə verməyə çoxsaylı cəhdlər ediblər.
Obama veto qoyacaq
“The Financial Times” yazır ki, bu məhkəmə iddialarının indiyədək uğursuz olmasına səbəb 1976-cı il tarixli ABŞ qanununun mövcudluğudur. Bu qanun xarici ölkələrin bütövlükdə ittiham edilməsini qadağan edir.
Senatın indi qəbul etdiyi qanun layihəsi məhz bu qanunun müddəalarından bəzilərini qüvvədən salmağa yönəlib.
Səudiyyə belə bir qanunun qəbul ediləcəyi barədə xəbərdən hiddətlənmiş və bu hadisənin baş verəcəyi təqdirdə ABŞ iqtisadiyytına yatırdığı 750 milyard dollar investisiyanı “geri çəkəcəyi” ilə hədələmişdi.
Buna görə də prezident Obama belə bir qanuna veto qoyacağını bəyan etmişdi.
Əgər Senatın qəbul etdiyi qanun layihəsi qanuna çevrilərsə, xarici ölkələri ABŞ-da ittiham olunmaqdan müdafiə edən immunitet qüvvəsini itirəcək və beləliklə, vətəndaşlar “ABŞ torpağında törədilmiş terror aktlarına” görə xarici dövlət və vətəndaşları məhkəməyə vermək imkanı qazanacaqlar.
Səudiyyə 11 sentyabr terroru dəstəkləməkdə ittiham edilir
“The Guardian” qəzeti ötən həftə yazırdı ki, məxfi saxlanan sənədlərdə Səudiyyə rəsmilərinin təyyarəqaçıranlara dəstək verdikləri barədə faktlar yer alır.
11 sentyabr komissiyasının üzvü olmuş John Lehman iddia edib ki, bu sənədlərdə “terror aktlarında Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyinin əli olduğu” barədə çoxsaylı dəlillər mövcuddur.
Demokrat senator Charles Schumer isə deyib ki, bu qanun layihəsi əslində çoxdan qəbul edilməliydi və onun Birləşmiş Ştatlar üçün heç bir xoşagəlməz nəticələri olmayacaq, beləki layihədə söhbət ABŞ torpağında törədilmiş cinayətlərdən gedir.
“Bu gün Senat uca və həmrəy səslə elan etdi ki, terrorçu hücum qurbanlarının ailələri onu törədənləri, hətta bu, bütöv bir ölkə və dövlət olsa belə məsuliyyətə cəlb etmək haqqına malikdir” – deyib Schumer səsvermədən sonra keçirilən mətbuat konfransında.
Qanun layihəsinin təşəbbüsçülərindən respublikaçı senator John Cornyn deyib ki, yeni qanun səudları hədəfləmir, hərçənd o, 11 sentyabr hücumuna aid məxfi hesabatın hələ açıqlanmadığını da yada salıb.
Cənab Cornyn deyib ki, məxfi saxlanan 28 səhifənin açıqlanması zəruridir. (BBC azeri)