xaqaniquzeyli@gmail.com
…Bir neçə il əvvəl mətbuatın gündəmini zəbt edən Məleykə Abbaszadə-Misir Mərdanov qarşıdurmasını yəqin ki, xatırlayırsınız.
O zaman üstünlük, demək olar, Məleykə Abbaszadənin tərəfində idi. Rejimin muzdlu mediası başda olmaqla əksəriyyət Misir Mərdanovu bərbad təhsilimizin bir nömrəli baiskarı elan edir, hətta onun məsuliyyətə cəlb olunması üçün çağırışlardan belə çəkinmirdi.
Ölkədə belə bir fikir formalaşdırılmağa başlamışdılar ki, Misir Mərdanov nazir postundan gedən kimi təhsilimiz, xüsusən də orta məktəb sistemi çiçəklənməyə başlayacaq, rüşvət adlı rəzalətə son qoyulacaq.
Rejimin yüksək çinli məmurlarının himayə etdiyi Məleykə Abbaszadə attestat kimi “ciddi uğur” qazansa da, Misir Mərdanovun kreslosuna otura bilmədi. Olan valideynlərə oldu, onlar orta təhsil haqqında sənəd üçün TQDK-ya üz tutdular. Necə deyərlər, dava yorğan davası imiş. Misir Mərdanov getdi. Heç nə dəyişmədi, əksinə…
Mən Şamaxı məktəbində baş vermiş utancverici hadisəyə – müəllimin 15 yaşlı şagirdini hamilə buraxmasına fərqli bucaqdan yanaşmaq istəyirəm. Oxşar hadisə, yəni müəllimin şagirdini intim münasibətə təhrik etməsi bizim üçün yeni deyil.
Azərbaycan məktəbində müəllim-şagird münasibətləri pedaqogikanın bütün qanunlarına zidd şəkildə formalaşaraq eybəcər şəklə düşüb. Dəfələrlə şahidi oluruq ki, direktorun müxtəlif adlarla yığdığı pulu verə bilməyən şagird alçaldılır, təhqir olunur, bir sözlə, “persona non qrata” elan edilir. Ölkədə bu cür zədələnmiş uşaqların sayı ən azı on minlərlədir. Həmin uşağın psixoloji durumunu təsəvvür edin. Ona nə etsən belə cəzasız qalacaqsan, çünki onu müəllimlər də sevmirlər. Onlar ürkək və daim günahkar kimi gəzirlər.
Beləliklə, təbəqələşmə məktəbdən başlayır, şagirdlər “ögey” və “doğma”, “kasıb” və “imkanlı” kateqoriyalarına bölünür.
Müasir Azərbaycan məktəbində heyrət doğuracaq “nümunələr” kifayət qədərdir – göz kəsdiyi xanım müəllimdən rədd cavabı alınca ona töhmət verib, ardınca işdən qovan direktordan, məktəbə məmur sevgilisinin xidməti maşınında gələn direktora qədər…
Bir neçə il bundan əvvəl təhsil naziri vəzifəsinə hakimiyyətin ən üst təbəqəsinə yaxın birisini gətirdilər. Beləliklə, cəmi bir neçə il əvvəl elit qızıl mağazalar şəbəkəsində hüquqşünas(!) işləyən, intellektual Mikayıl Cabbarov təhsil naziri oldu.
Gözləmək olardı ki, hər sahədən ağlasığmaz gəlirlər əldə edən hakimiyyət təhsildən gələn gəlirdən imtina edib. Çünki təhsildə rüşvət bu prosesdə iştirak edən az qala bütün ölkə əhalisində rejim haqqında fikir formalaşdırır. Əslində gözəl alibi də var idi – Misir Mərdanov amili. Hər şeyi onun üzərinə atmaqla rejim uğurlu bir manevr edə bilərdi. Təəssüf ki, belə olmadı. Tam məsuliyyətlə deyirəm, bir neçə ildən sonra təhsilimizin Misir Mərdanov dövrü nostalji ilə xatırlanacaq. Hazırda təhsilimiz bütün neqativ hallarla yanaşı, amiranə bir cahillik dövrünə qədəm qoyub. Təkcə bir misal gətirəcəm, gerisini özünüz düşünün. Beləliklə…
Bu yaxınlarda direktor olmaq istəyənlər üçün yazılı müsabiqə keçirilib. Iştirakçılara yalnız keçib-keçmədikləri bildirilir. Bu hansı meyarla aparılır, o da sirdir. Daha aydın olsun deyə qəbul imtahanları ilə müqayisə edək. Təsəvvür edin ki, övladınız imtahan verib və siz test-imtahan nəticələri əvəzində “siz keçdiniz”, yaxud da “siz keçmədiniz” mesajını alırsınız. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.
Kiçik (!) bir detalı nəzərinizə çatdırmaq istəyirəm ki, təhsilimizin başında Mikayıl Cabbarov və onun hüquqşünas (!) komandasıdır. Hüquqla pedaqogikanın bir-biri ilə yaxından-uzaqdan əlaqəsi olmayan sahələr olmasını bir kənara qoyaq…
YAP iqtidarının etimad göstərdiyi hüquqşünas tipində “Qanun naminə” povestinin qəhrəmanının cizgilərini axtarmağın, loru dildə desək, avamlıq olduğu haqda fikrimlə razılaşarsınız. Nazirin Bakı Baş Təhsil idarəsinə təyin etdiyi Elnur adlı gəncin qısa müddətdə işdən azad edilməsinə səbəb onun qısa müddətdə “işin” şitini çıxarması oldu. Bu haqda da yazacağıq.
Demək, daha böyük “sürprizlər” hələ qabaqdadır.