Ötən il ilə müqayisədə xarici ticarət həcmi 34, idxal 23, ixrac isə 43 faiz aşağı düşüb
Nemət Əliyev: «İxracın gücləndirilməsinə dair qərarlar ölkəyə valyuta axınını nəinki stimullaşdırmayıb, əksinə itkilərimiz daha da böyüyüb»
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34.30 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatda belə deyilir. Məlumatda qeyd edilir ki, idxal 23.8 faiz, ixrac isə, az qala, yarıbayarı (42.63 faiz) düşüb.
Əsas malların ixracında azalma
Komitə bildirir ki, xam neftin 42.44, neft məhsullarının 56.06, təbii qazın 6.26, elektrik enerjisinin isə ixracı 55.46 faiz azalıb.
Bundan başqa, çayın 61.03, bitki və heyvan mənşəli yağların da ixracının 90.21 faiz azaldığı bildirilir.
Habelə, şəkərin 76.55, spirtli və spirtsiz içkilərin də ixracının 17.46 faiz azaldığı qeyd edilir.
Kimya sənayesi məhsullarının 85.45, alüminium və ondan hazırlanan məmulatların da ixracının 4.02 faiz azaldığı deyilir.
Qara metal, ondan hazırlanan məmulatların 268.95, pambıq ipliyin 86.55, meyvə-tərəvəzin 58.45, plastmas və onlardan hazırlanan məmulatların isə ixracının 1.82 faiz artdığı bildirilir.
Çay idxal lideridir
İdxalda əsas mallarda artım belə olub: meyvə-tərəvəz 109.87, ət 8.03, çay 200.23, şəkər 16.66, bitki və heyvan mənşəli yağlar 43.41 faiz.
Buğda idxalının azalması diqqət çəkir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə 46.39 faiz az buğda gətirilib.
Bundan başqa, əczaçılıq məhsullarının idxalı 15, mebel və hissələrinin gətirilməsi 17.3 faiz azalıb. Habelə, idxalda tütün, tütün məmulatları 61.82, nəqliyyat vasitələri və onların hissələri 59.72 faiz azalıb.
Amma göstəricilərin azalmasına baxmayaraq büdcəyə maliyyə gəlməsini təmin edən iki dövlət müəssisəsinin proqnozlarında elə ciddi azalma olmayıb. Gömrük Komitəsi 1-ci rüb üçün planı 61, Vergilər Nazirliyiisə 105 faiz yerinə yetirdiyini vurğulayıb. Bu rəqəmlər iqtisadiyyatın real durumunu göstərmədiyi aydındır.
İqtisadçı Nemət Əliyev hesab edir ki, statistik rəqəmlər xarici ticarətdə düzən yaratmağın mümkün olmadığını göstərir. Neft qiymətlərinin müəyyən qədər artmasının da hakimiyyəti xilas etmədiyini deyən N.Əliyev vurğuladı ki, ixrac yönümlü fəaliyyətin gücləndirilməsinə dair qəbul edilən qərarlar ölkəyə valyuta axınını nəinki stimullaşdıra bilməyib, əksinə, valyuta itkilərimiz daha da böyüyüb: «Mart və aprel aylarında həyata keçirilmuiş xarici ticarət əməliyyatları üzrə 390,7 milyon dollar həcmində xarici valyuta itkisi olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında valyuta itkimiz 1 milyard dollardan çoxdur. 4 aylıq ixrac 1,8 milyard dollar və ya 42,6%, idxal 809 milyon dollar və ya 23,8% azalıb. Ümumi xarici ticarət dövriyyəsi 34 faizdən çox düşüb».
N.Əliyev vurğuladı ki, Gömrük Komitəsinin və Vergilər Nazirliyinin büdcəyə ödəmələri manat səviyyəsində artıb. Əgər onu xarici valyutaya çevirsək, o zaman bəlli olacaq ki, artımdan yox, əksinə azalmadan söhbət gedir: «Gömrük Komitəsinin büdcəyə ödəmələrində təsir dərəcəsi çox aşağıdır. Çünki milli valyuta dəyərdən salınıb, alıcılıq qabiliyyəti aşağı düşüb. Ona görə də vəziyyət həddindən artıq ağırdır».
Xəyal