Postsovet məkanında yalnız üç ölkədə şirkətlərə dair bilgi məhdudiyyəti var
Londonda gerçəkləşən Birinci Antikorrupsiya Sammiçox ciddi çağırışlarla yadda qalıb.
Daşınmaz əmlak və şirkət sahibləri, onların son xeyirgötürəni barədə məlumatların ictimaiyyətə tam açıq və əlçatanlığı əsas hədəflər kimi açıqlanıb.
Gürcüstanda şirkətlərə dair məlumatlar ayrıca sayta yerləşdirilib
Gürcüstanın sammitə qatılan baş naziri Giorgi Kvirikashvili ölkəsindəki şirkətlərin son sahiblərinin adlarının açıqlanacağı məlumat bazasının yaradılması imkanlarının araşdırılacağına söz verib.
Bu ölkədə şirkətlərə dair məlumatlar ayrıca internet səhifəsində yerləşdirilib və beləcə, ofşor bölgələrdə yaradılan şirkətləri məhz kimlərin qurması məsələsi gündəmə gəlib.
AzadlıqRadiosu Azərbaycanın bu mötəbər sammitdə təmsil olunub-olunmamasıyla bağlı məlumat əldə edə bilməyib. 2012-ci il iyulun 1-dən Azərbaycanda şirkət təsisçiləri, onların pay bölgüsü barədə məlumatlar «kommersi sirri» qrifiylə qorunur. Bu, ölkədə fəaliyyət göstərən bəzi şirkətlərin prezident İlham Əliyevlə bəzi yüksək vəzifəli məmurların ailə üzvlərinə məxsusluğu barədə mediada gedən səs-küylü araşdırmalardan sonra baş verib.
Azərbaycan, Özbəkistan və Türkmənistandan başqa…
Azərbaycandan başqa Özbəkistanda da şirkət təsisçilərinə dair məlumatlar məxfi sayılır. Türkmənistanda isə, ümumiyyətlə, belə bir məlumat bazası yoxdur. MDB-nin digər ölkələrində həmin məlumatlar ictimaiyyətə açıqdır. Ukraynalı araşdırmaçı jurnalist Oleg Khomenok belə deyir.
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayevin fikrincə, Azərbaycan Britaniyanın təşəbbüsünə qoşulmalı, ölkədə mülk alan bütün insanların adları açıqlanmalı, bu məqsədlə xərclənən vəsaitin mənşəyi bəyan edilməlidir:
«Qanuna təcili əməl olunmalıdır»
«Rəsmi şəxslərin gəlir bəyannaməsi təqdim etməsini nəzərdə tutan qanuna təcili əməl olunmalıdır. Üstəlik, bu qanun yalnız məmur və deputatlara deyil, bütün dövlət şirkətlərinin vəzifəli şəxslərinə şamil edilməlidir. Onlar gəlir və əmlak durumlarını ictimaiyyətə açıqlamalıdırlar. Bəyannamədə yalan məlumat göstərən şəxslərə qarşı sərt cəza tətbiq edilməlidir».
Ekspert şirkət təsiçiləri barədə məlumatı kommerisiya sirri sayan qanuni qadağaya da toxunaraq, bu qadağanın ləğvi vaxtının çatdığını, kommersiya müəssisələri reyestrinin ictimaiyyətə tam açıq olması zamanının da yetdiyini deyir. (azadliq.org)