Yaxud, Bəxtiyar Sadıqov öz dediklərinə inanırmı?
“Azərbaycan” qəzetinin mandatlı redaktoru Bəxtiyar Sadıqov yenə də qələmə sarılıb və “Mətbuat və milli maraqlar” başlıqlı palaz boyda məqalə yazıb. Bu ölkədə çoxdandır ki, səlahiyyət sahibləri mətbuatın və milli maraqların başına daş salanlardı. Təhsili məhv edənlər təhsildən, səhiyyəni xəstələndirənlər səhiyyədən, hüququ tapdaq edənlər hüquqdan, mətbuatı məddahlıq məkanına çevirənlər azad mediadan, korrupsiynı çiçəkləndirənlər şəffaflıqdan danışırlar.
Bəxtiyar Sadıqov da mətbuat və milli maraqlardan danışa-danışa “Azadlıq” qəzetinə daş atmaq istəyib. Şükrlər olsun ki, “Azadlıq” qəzetinin başı möhkəmdi və rejim qəhrəmanlarının atdığı daşdan yarılmaz.
Bəxtiyar Sadıqov yazır : “Azadlıq” qəzetinin müxbirliyinə və gizli redaktorluğuna qayıtmış Əli Kərimlini götürək. Nəcəf Nəcəfovun yaratdığı “Azadlıq”ı ilimiz on iki ay antiazərbaycançı şəbəkənin hazırladığı şər və böhtan xarakterli yazıların reklamına və Azərbaycan xalqına xəyanət etmiş insanların tribunasına çevirən Əli Kərimli nədənsə Qarabağ məsələsi kəskinləşən kimi onun “həlli variantı”nı təklif edir. Böyür-başındakıların biri demir ki, a bala, belə “həll” edən idinizsə, elə iqtidarda olanda həmin “variantları” işlədəydiniz də!. Ciddi və prinsipial, xalqımız üçün taleyüklü məsələlərə belə münasibət olmaz! Dövlətin bir nömrəli problemi ilə bağlı məsələdə iqtidar-müxalifət bölgüsü, ikili yanaşma və qeyri-ciddilik olmamalıdır”.
Mandatlı redaktor öz aləmində mükəmməl arqumentlər tapıb və “Azadlıq”ı, Əli Kərimlini hədəf seçməklə ağalarının xoşuna gəlməyə çalışıb. O qədər yalan danışıblar ki, öz yalanlarına özləri də inanmağa başlayıblar.
Birincisi, vətənimizin bəxtiyar oğluna demək istəyirik ki, “Azərbaycan”la “Azadlıq”ı səhv salmasın. Planlaşdırılması Prezident Aparatında baş tutan, yuxarıdan gələn sifarişləri tirajlamaqla məşğul olan, zərrə qədər müstəqilliyi olmayan, Azərtac-ın materiallarını səhifəyə yerləşdirmək missiyasını yerinə yetirən, bir ailənin mədhi üzrə ixtisaslaşmış “Azərbaycan” dan fərqli olaraq, “Azadlıq” qəzeti müstəqildir və doğru bildiklərini yazır. Bəli, “Azadlıq” qəzeti yalnız Əli Kərimlinin yazılarını tirajlamaqla məşğul deyil. Bu qəzet haqqı tapdanan, zalımla mübarizə aparan, dövlətin və xalqın mənafeyi naminə çalışan hər kəsin üzünə açıqdır.
Ikincisi, “Azadlıq” qəzeti həqiqətən də şər-böhtan yazırsa, antiazərbaycan fəaliyyəti göstərirsə, bunu niyə sübut etmirsiniz? Niyə qəzeti məhkəməyə verib şərlə məşğul olduğunu isbatlamırsız?
Başa düşürük ki, hökumətin korrupsiya cinayətlərini üzə çıxarmaq, qondarma ittihamlarla həbs olunmuş insanların müdafiəsində durmaq, yaltaqlığa etiraz etmək, monopoliyanı çılpaqlığı ilə göstərmək, seçki saxtakarlığını faktlarla isbat etmək, məhkəmə sisteminin oyuncaq quruma çevrildiyini tirajlamaq, məmur banklarının girovuna çevrilmiş vətəndaşın dərdinə şərik olmaq sizlərin xoşuna gəlmir. Biz xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmağa, yalanın xidmətçisinə çevrilməyə, şəxsi mənfəətimiz üçün çalışmağa razı olmamışıq. Və bilmişik ki, buna görə çətinliklərlə, şər-böhtanla, təzyiqlərlə üzləşəcəyik. Həyat belədir, kiminin avtomobili, bahalı kreslosu rahat olur, kiminin də vicdanı.
“Azadlıq” qəzetinin Azərbaycan hökumətiylə bağlı korrupsiya araşdırmalarını tirajlamasına gəlincə, yenə də vicdanımız rahatdı. Xalqdan oğurlananı, xalqa göstəririk. Əgər bu araşdırmalar yalandırsa, ofşorlara milyardlar daşınmayıbsa, həmin beynəlxalq təşkilatları məhkəməyə verin, yalan dediklərini sübuta yetirin və biz də qəzetmizdə bunu tirajlayaq.
Necə olur ki, seçkini saxtalaşdırmaq milli maraqlara uyğun, seçki saxtakarlığını tirajlamaq milli maraqlara zidd olur? Niyə, milyardlarla neft pulunu talamaq azərbaycançılıq, bu talançılığa etiraz etmək isə antiazərbaycançılıq olur? Vicdanlı insanları şərləyib həbs etdirmək vətənə xidmət, onların günahsız olduğunu sübuta yetirmək dövlətə xəyanətdir?
Canab Sadıqov, “Azadlıq” qəzeti Azərbaycanın başının uca olması üçün çalışır, təmsil olunduğunuz hökumət isə bu başın əyilməsi üçün əlindən gələni əsirgəmir. Bugünə qədər Azərbaycan korrupsiyaya, repressiyalara, seçki saxtakarlığına, monopoliyalara, söz azadlığının boğulmasına görə tənqid olunub ki, bu işlərlə də “Azadlıq” qəzeti məşğul olmur.
Əli Kərimli məsələsinə gəlincə, Bəxtiyar Sadıqov lap “gül” vurub. Əlacları olsa, neft pullarının talan edilməsində, manatın devalvasiyasında, ixracın azalmasında da Əli Kərimlini ittiham edərlər. Indi isə Bəxtiyar Sadıqov cəbhədəki gərginlik zamanı Əli Kərimlinin yanlış mövqe tutduğunu, qeyri-ciddi təkliflər irəli sürdüyünü bildirir. Hətta, belə prinsipial məqamlarda iqtidar-müxalifət birliyinin zəruriliyini də vurğulayır.
Millətimizin vəkilinə xatırlatmaq istəyirik ki, Əli Kərimli ilk gündən ordunun yanında olduğunu, müharibə davam etdiyi müddətdə hökumətin yarıtmaz siyasətini tənqid etməyəcəyini və bu məsələdə həmrəyliyin vacibliyini bildirdi. Yəni, hökumətə mesaj verildi ki, daxildə heç bir problem yaranmayacaq, arxayın müharibəni davam etdirmək olar və müxalifət çiynini bu yükün altına verməyə hazırdı. Amma Bəxtiyar Sadıqovun təmsil olunduğu hökumətin bu həmrəylikdən, sağlam mövqedən xoşu gəlmədi və Əli Kərimlinin evinin önündə siyasi klounların tamaşası təşkil edildi. Bəli, iqtidar-müxalifət birliyindən dəm vuran Bəxtiyar Sadıqovun hökuməti ən prinsipial məqamda da şəxsi maraqlardan çıxış etdi. Erməninin işğal etdiyi Qarabağı Əli Kərimlidən tələb etməyə başladılar. Bir daha sübut olundu ki, bu hökumət üçün müqəddəs heç nə yoxdur. Sonrakı mərhələ də göstərdi ki, Əli Kərimli öz mövqeyində haqlıdır, təklifləri real vəziyyətə adekvatdır və bütün yazdıqları dövlətin maraqları daxilindədir.
Bu qədər açıq dəstəkdən, bu qədər sağlam mövqedən sonra Əli Kərimlini ittiham etmək üçün adamda “sifət kolleksiyası” olmalıdır.
Cənab Sadıqov onu da deyib ki, Əli Kərimli xilas yolunu bilirdisə iqtidarda olanda tətbiq edərdi. Xalqımızın bəxtiyar oğluna xatırladaq ki, bəyənmədiyiniz AXC hakimiyyəti dövründə könüllü batalyonlar Xankəndinin 5 kilometrliyinə qədər getmişdilər. Türkiyədən dəvət olunmuş peşəkar zabitlər 7000 nəfərdən ibarət “komando” hazırlayırdı və bu prosesə Əli Kərimli rəhbərlik edirdi. Amma analoqsuz hökumət iş başına gəldi, 6 rayon işğal edildi, könüllü batalyonlar ləğv olundu və məğlubiyyətin atəşkəsi imzalandı. Yəni, imkan versəydiniz başlanmış işlərin nəticəsi də olacaqdı.
Bir sözlə, bu gün “Azadlıq” qəzetinə də, Əli Kərimliyə də cəmiyyətin münasibəti aydın görünür. “Azadlıq” qəzetində bir materialın oxunma sayı, “Azərbaycan” qəzetinin bütün materiallarnın oxunma sayından çoxdur. Yaxud, Əli Kərimlinin evinin qarşısına göndərilmiş qulbeçələrə cəmiyyətin münasibəti, sosial şəbəkələrdəki nifrət və lənət də açıq şəkildə göründü. Bütün bunlar isə ictimai rəydi, mövqedi, münasibətdi, qiymətdi. Yəni, kimin şərlə məşğul olduğunu, kimin antiAzərbaycan mövqedən çıxış etdiyini cəmiyyət gözəl bilir.
P.S. Cənab Sadıqov, əmin olun ki, “Azadlıq” qəzetinin planlaşdırmasında Əli Kərimlinin heç bir müdaxiləsi yoxdur. Əli Kərimli sadəcə olaraq hökumətin pis planlaşdırılımış siyasətinə müdaxilə edir.
İlham