Nemət Əliyev: «Bank sektorunun devalvasiyaya tab gətirməməsi beynəlxalq kredit təşkilatlarını Azərbycanla daha ehtiyatlı davranmağa məcbur edib»
Rövşən Ağayev: «Kredit reytinqinin pisləşməsi bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb”
Manatın devalvasiyasından sonra ən ciddi ziyan görən bank sektorudur. Hər ötən ay problemli kreditlərin artması, bankların kredit vermək imkanlarının məhdudlaşdırılması vəziyyəti daha da acınacaqlaşdırıb.
Statistik məlumatlara görə, ötən ilin yanvarından – birinci devalvasiya öncəsi dövrdən indiyədək Azərbaycanın bank sektorunun xarici aktivləri 1.9 milyard dollar (47.5 faiz) artaraq 4 milyard dollardan 5.9 milyard dollara yüksəlib. Əvəzində bankların xarici öhdəlikləri 1.4 milyard dollar (22.3 faiz) azalaraq 6.3 milyard dollardan 4.9 milyard dollara enib.
İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayev facebook səhifəsində paylaşdığı statusda qeyd edir ki, bankların xarici aktivlərinə bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir: “Bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və hesablardakı xarici valyuta ilə nağd qalıqları və s. (məsələn, qiymətli metallar formasında saxlancları) daxildir.
Bu statistikada diqqətçəkən bir məqam var: son 2-3 ayda xarici valyutaların orta hesabla 7-8 faiz ucuzlaşdığı dövrdə bankların xarici valyuta aktivlərini artırması manat ekvivalentində onlar üçün itki deməkdir. Belə şəraitdə bank sektorunun xarici aktivlərində ən azından kəskin artımı (48 faiz) maraqlı görünür.
Birinci devalvasiyadan əvvəl banklarımızın xarici öhdəlikləri xarici aktivlərindən 2.5 milyard dollar çox idi. İndi isə əksinə, aktivlər öhdəliklərdən 1.3 milyard dollar çoxdu”.
Ekspertə görə, xarici öhdəliklərin sürətlə azalmasının isə 2 mümkün səbəbi ola bilər: “Birincisi banklar mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar; ikincisi kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb”.
İqtisadçı Nemət Əliyevin isə fikrincə, iki devalvasiyadan sonra Azərbaycanın bank sektorunun buna tab gətirməməsi beynəlxalq kredit təşkilatlarının Azərbycanla daha ehtiyatlı davranmağa məcbur elədi. Xarici banklar kəskin şəkildə məsələ ortaya qoyublar ki, nə qədər gec deyil həmin maliyyə vəsaitlərini geri qaytarmaq lazımdır: «Beynəlxalq maliyyə qurumları Azərbaycana verdiyi maliyyə vəsaitəlprinin bir hissəsini geri ala biliblər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyi qiymətli kağızlar buraxmaqla vətəndaşlardan müəyyən miqdarda vəsait cəlb edə bilib. Amma hər bir halda beynəlxalq reytinq təşkilatlarının Azərbaycanla bağlı rəyləri xarici investorları Azərbaycandan qaçaq salan faktordur. İnvestorlar Azərbaycana kredit yatırmağın əhəmiyyətsiz və təhlükəli olduğunu anlayırlar».
N.Əliyev onu da qeyd etdi ki, beynəlxalq reytinq təşkilatlarının Azərbaycanın reytinqini aşağı salmasının bu məsələyə təsiri var.
Xəyal