«Məhkəmənin belə ədalətsiz mövqeyinə təəccüblənmədik»
«Vasifin də, vəfat edən Cavanşirin də taleyinə xətt çəkən avtoritar rejimdir»
Lənkəran Ağır Cinayətlər Məhkəməsində AXCP-nin Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmovun məhkəməsi başa çatıb. Dünənki məhkəmə iclasında hakim Xamməd Nuriyev Vasifin 8 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib. Qeyd edək ki, prokuror Vasif üçün 10 il həbs cəzası istəmişdi.
1996-cı il təvəllüdlü Vasif Mirələmov oxuduğu Cəlilabad rayon 7 saylı orta məktəbin X sinif şagirdi Cavanşir Həsənlini qətlə yetirməkdə ittiham olunurdu.
Xatırladaq ki, hadisə ötən il aprelin 5-də baş verib. Həmin vaxt Vasifin atası Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında ağır xəsarət alaraq xəstəxanada müalicə olunurdu. Cavanşir Həsənli Vasif Mirələmliyə atasının mitinqdə iştirakı, tutduğu siyasi mövqe ilə bağlı qıcıqlandırıcı sözlər deyib və bu zəmində onların arasında münaqişə yaranıb. Cavanşir Həsənli bıçaq yarası ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Cavanşir Həsənli Cəlilabad Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.
Təzəxan Mirələmli “Azadlıq”a açıqlamasında məhkəmənin hökmü ilə bağlı fikirlərini bölüşüb: “Mənim üçün də, Vasif üçün də bu, gözlənilən idi. Azərbaycan məhkəmələri ədaləti üzə çıxaran orqan kimi etimadı çoxdan itiriblər. Vasif özü məhkəmədən əvvəl zaldakı yaxınlarına təsəlli verdi, hər şeyin yaxşı olacağını bildirdi. O, hökmü də qürurla qarşıladı. Məhkəmənin hökmü şübhəsiz ki, ədalətsiz və qanunsuz idi. Proses zamanı cinayət hadisəsinin əsl səbəbləri qətiyyən araşdırılmadı. Şahidlərin məhkəmədə verdiyi ifadələr istintaqdakılardan köklü şəkildə fərqlənsə də, hakim bu hallara göz yumdu. Ən qəribəsi isə odur ki, şahidlərin məhkəmədə yox, istintaqda dediklərini əsas götürüb hökm oxudu. Hakimlər, hətta bizi son söz deməkdən də məhrum etdi ki, bu da ən böyük ədalətsizlikdir”.
Təzəxan Mirələmli onu da əlavə etdi ki, hökmü alan kimi apelyasiya şikayəti verəcəklər. Mərhum Cavanşir Həsənlinin qohumlarının hökmdən nə dərəcədə razı qalıb-qalmadıqları isə ona bəlli deyil. Bu ailə prosesə iki dəfə gəldikdən sonra məhkəmə iclaslarına qatılmayıblar.
“Oğlumun başına gələnlərin hamısı birbaşa mənim siyasi fəaliyyətimə görədir. Vasifin də, vəfat edən Cavanşirin də taleyinə xətt çəkən avtoritar rejimdir. Bizi əqidəmizə görə repressiyaya məruz qoyurlar. Ancaq bu nanəciblik bir gün, özü də tezliklə sona çatacaq”, – deyə Təzəxan Mirələmli bildirib.
Natiq