Media nümayəndələri etiraz aksiyalarına başlamaq niyyətindədir
İctimai Palata mediaya yaradılan maneələri dünən dəyirmi masada müzakirəyə çıxardı. Tədbirdə İctimai Palata rəhbərliyilə yanaşı, bir sıra tanınmış jurnalistlər, ictimai xadimlər də iştirak edirdi. Qəzet yayımıyla məşğul olan və media ilə bağlı yaradılan təşkilatların nümayəndələri də bu dəyirmi masaya dəvət almışdılar, amma nədənsə, fəaliyyət istiqamətlərilə bağlı tədbirə qatılmamışdılar.
Xalqın sözü hədəfdədir
Dəyirmi masanın aparıcısı isə İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir idi. O, mövzu ilə bağlı qısa çıxışında bildirdi ki, Azərbaycanda xalqın sözü hədəfə alınıb, hakimiyyət özünü maariflənmənin, inkişafın, tərəqqinin düşməninə çevirib. Mehriban Vəzirin sözlərinə görə, müxtəlif bəhanələrlə qəzet köşklərinin yığışdırılması əhalini həqiqətlərdən uzaq saxlamağa xidmət edir.
Murdar həbs, dağıdıcı məhkəmə qərarları…
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev media sahəsində vəziyyətin pisləşdiyini vurğulayaraq, hazırkı durumun mərhum jurnalist Elmar Hüseynovun qətlindən sonrakı dövrə bənzədiyini dedi. Mətbuata qarşı yeni basqı dalğasının başladığını qeyd edən Mehman Əliyev dediyinə sübut kimi, konkret misallar da çəkdi: “Əvəz Zeynallının “donos” əsasında həyata keçirilən murdar həbsi, Rafiq Tağının qətli, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə qarşı dağıdıcı məhkəmə qərarları bu hücumun tərkib hissəsidir”.
Çirkli pullar mediada…
Mehman Əliyev hakimiyyətin azad mətbuatı sıradan çıxarmaq üçün media sektorundakı nəşrlərə külli miqdarda pul axıtmasında da danışdı. Dedi ki, 2005-ci ildən sonra xalqın cibindən oğurlanaraq mediaya gələn çirkli pulların həcmi 200 milyondan çoxdur. Bu pullar heç bir gəliri və satışı olmayan qəzetlərə ayrılır. Başqa sözlə, bu da çirkli pulların yuyulmasının bir mexanizmidir.
Mehman Əliyev hökumətin jurnalistlər üçün ev tikmək təşəbbüsünü də “məkrli niyyət” kimi qiymətləndirərək, tənqid etdi. Bildirdi ki, jurnalist üçün ev tikməyə ehtiyac yoxdur, elə şərait yaratmaq lazımdır ki, jurnalist özü özünə ev, avtomobil ala bilsin: “Bu sual daha aktual olmalıdır ki, mən Mehman Əliyevin 54 yaşım var, niyə görə bu vaxta qədər evim yoxdur? Niyə?”
Qəzet köşklərinin yığışdırılmasına toxunan Mehman Əliyev dedi ki, bu, birbaşa hakim ailənin işdir. Hökumətin bu addımın məsuliyyətini Hacıbala Abutalıbovun üzərinə atması isə heç kimin inanmayacağı yalandır. M.Əliyev xatırlatdı ki, bir neçə il əvvəl hakimiyyət Bakıda yüzlərlə köşkü “səkilərdə hərəkəti məhdudlaşdırır” bəhanəsilə yığışdırsa da, indi həmin köşklərin yerində mini-marketlər qurulur. Bu marketlərdə isə ya ümumiyyətlə qəzetlər satılmır, ya da köhnələri satılır.
Məruzəçi vəziyyətdən çıxış yolu kimi, siyasi partiyaların, QHT-lərin, azad söz tərəfdarlarının səfərbərliyini vacib saydı.
Medianın qan damarının məhv edilməsi
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olduqca çətin, maddi və mənəvi terror mühitində çalışdıqlarını qeyd etdi: “Hazırda mətbuata qarşı məhdudlaşdırma proqramı işə salınıb. Cəmiyyətin demokratik kəsimləri, cəmiyyət özü güclü olanda bizə təzyiqlər də az olur. Bu gün mətbuat uçuruma gedir. Elmar Hüseynovun ölümündən sonra mətbuata gənclərin axını dayanıb. Artıq valideynlər övladlarının bu peşəyə yiyələnməsini istəmirlər”.
Rauf Arifoğlu qəzet yayımına olan qadağalar və “Yeni Müsavat”ın üzləşdiyi məhkəmə çəkişmələri barədə də məlumat verdi: “Köşklərin və səyyar yayımın dayandırılması qan damarlarımızın məhv edilməsi kimidir. Reklam bazarı olmadığından “Yeni Müsavat” yalnız yayımdan qazanır. Aylıq məsrəflərimizin həcmi 40-50 min manatdır. Qəzet yayımına yaradılan əngəllər nəticəsində biz gündə 1700 tiraj itiririk. Təkcə 40 gündə qəzetimiz 14 min manat itirib. Bugünlərdə “Qasid”in 120 ədəd köşkünü götürüb, yerinə 70-ni qoyublar. Yeni “press köşk”lərə köhnə qəzetlər qoyulur. Köşklərin yığışdırılması hakimiyyətyönlü qəzetlərə də təsir edir və onların sahibləri də bunu etiraf edirlər”.
Piketlər başlasın!
Rauf Arifoğlu vəziyyəti dəyişmək üçün “Azadlıq” və “Yeni Müsavat”ın kollektivlərinin meriyanın qarşısında piket keçirməsini təklif etdi.
“Xural” qəzetinin əmkdaşı Əfqan Muxtarlı əvvəlcə həbsdəki baş redaktorlarının İctimai Palataya təşəkkürünü çatdırdı. Əlavə etdi ki, “Xural”ın kollektivi də aksiyaya dəstək verməyə hazırdır.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da aksiya keçirilməsinin tərəfdarıdır. O bildirdi ki, QHT-lər də medianın müdafiəsi üçün yetərincə səy göstərməlidir. Çünki azad mətbuat olmayacağı halda, vətəndaş cəmiyyəti də normal iş görə bilməz.
Mediaya qarşı soyqırım
“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev mediaya qarşı son basqıları “hakimiyyətin soyqırım siyasətinin tərkib hissəsi” adlandırdı. O, “Azadlıq”ın analitik yazarı Seymur Həzinin son vaxtlar yenidən izlənməsini də həmin siyasət kontekstində şərh etdi. Bildirdi ki, hakimiyyətin belə davranmaq üçün əsası var. Çünki hakimiyyət cəmiyyətə obyektiv informasiyanın, həqiqətin çatdırılmasını istəmir.
Azad medainın qorunması üçün səfərbərliyin vacibliyini vurğulayan Rahim Hacıyev aksiyaları da məqsədəuyğun saydı, həmçinin “Azadlıq”ın kollektivinin buna hazır olduğunu açıqladı.
Bundan başqa, Rahim Hacıyev Azərbaycanda söz azadlığının durumu ilə bağlı beynəlxalq aləmə SOS siqanalı verməlməsini təklif etdi. Onun fikrincə, mediaya qarşı təzyiqlər, ölkədə mətbuatın gerçək durumunu əks etdirən bir müraciəti bütün demokratik düşüncəli təşkilat və şəxslərə imzalatdırıb, beynəlxalq aləmdə yaymaq lazımdır.
Hərəyə iki qəzet alaq!
İctimai Palatanın üzvü İmamverdi Cəfərov maraqlı bir təkliflə çıxış etdi. O, təklif etdi ki, azad media təmsilçisi olan iki qəzetə dəstək məqsədilə İctimai Palatanın 400-dək üzvü abunə yazılsın.
Jurnalist Sərdar Əlibəyli dəyirmi masa iştirakçılarını Əliyevçi rejimə qarşı vaxtında lazımi həmrəylik nümayiş etdirməməkdə qınadı.
Şahvələd Çobanoğlu niyə optimistdir?
Tanınmış yazar Şahvələd Çobanoğlu mediaya qarşı növbəti hücumları Azərbaycan hakimiyyətinin qlobal və daxili siyasi arenada özünü pis hiss etməsilə əlaqələndirdi. Dedi ki, Azərbaycan hakimiyyətini bir tərəfdən də internet acı həqiqətlə üz-üzə qoyur və bu, onlarda narahatlıq yaradır: “Çox təəssüf ki, hakimiyyət yenə də qüsurlarını düzəltmək əvəzinə, “güzgünü sındırmaq” prosesinə gedir”.
Ş.Çobanoğlu Azərbaycanda qəzet yayımı ilə bağlı bərbad durumu rəqəmlərin dililə ifadə etdi. Bildirdi ki, 2009-cu ildəki araşdırmalarına görə, ölkəmizdə 1 milyon əhaliyə 90 köşk düşürdü. Bu rəqəm normal ölkələrdə hər milyon nəfərə minumum 500-dür. Məsələn, Almaniyada bu rəqəm 1175-dir.
Mediaya qarşı basqılar şiddətlənsə də, Ş.Çobanoğlu bədbin deyil: “Tarix sübut edir ki, mütərəqqi ideyaları heç vaxt aradan qaldıra bilməzlər. Həqiqəti cəmiyyətdən gizlətmək istəyənlər bəri başdan məğlubdur”.
Amaşovun işçisi Abutalıbovu ittiham edir
Dəyirmi masada Mətbuat Şurası adından Müşfiq Ələsgərli çıxış etdi. O, qəzet yayımında problemlər olduğunu etiraf etdi. Bununla belə, əlavə etdi ki, bu, hakimiyyətin sifarişinin nəticəsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu problemlərin baiskarı Hacıbala Abutalıbovdur.
M.Ələsgərli dəyirmi masada səslənən tənqidi fikirlərin bir çoxunu inkar etdi, dedi ki, problemləri həll etmək üçün əvvəlcə onu düzgün müəyyənləşdirmək lazımdır. Bunu isə o, daha çox rejim əleyhinə səslənən fikirlərə cavab olaraq deyirdi.
“İlham Əliyev” adlı problem
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər çıxışına elə “problemin adının düzgünlüyünə” dair irada cavab verməklə başladı. Dedi ki, Azərbaycandakı problemin bir adı var, o da “İlham Əliyev”dir. İlham Əliyevin olmayacağı Azərbaycanda hazırda mövcud olan problemlərin əksəriyyəti də olmayacaq: “Problemlərimizin köklü həllindən söhbət gedirsə, hakimiyyət dəyişməlidir. Bu, Azərbaycanı düşünən insanların birgə vəzifəsidir”.
Qara siyahıya məmurlar salınmalıdır
Müsavat başqanı Mətbuat Şurasının bəzi qəzetləri “qara siyahıya” salmasının “böyük iş” kimi qələmə verilməsini şiddətlə qınadı. Dedi ki, qəzetləri, jurnalisti “qara siyahıya” salmaq olmaz. Oxucunun özünün “qara siyahısı” var, o, sanballı materialı olmayanları onsuz da həmin siyahıya salır. İsa Qəmbərin sözlərinə görə, Mətbuat Şurası söz azadlığının qayğısına qalmaq istəyirsə, buyursun, bu azadlığı məhdudlaşdıran, jurnalistləri döyən, öldürən, onlara ədalətsiz məhkəmə hökmü kəsən insanları “qara siyahıya” salsın.
Həmrəylik
İsa Qəmbər keçiriləcək hər bir aksiyada mediaya dəstək verməyə hazır olduqlarını da ifadə etdi. O, media nümayəndələrini İctimai Palata ilə həmrəylik nümayiş etdirərək, “Eurovision” yarışmasından fürsət kimi yararlanmağa çağırdı. Başqan təklif etdi ki, “Eurovision”la bağlı hakimiyyətin saytına paralel saytlar yaradılsın və orada ölkədəki söz, fikir azadlığının real mənzərəsini əks etdirən məlumatlar yerləşdirilsin.
Cinayətlərə göz yumulmamalıdır
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxışında azadlıqlar uğrunda media nümayəndələrinin ayrıca mübarizə aparmasını təqdir etmədi. O bildirdi ki, Azərbaycandakı sərt avtoritarizm bütün demokratik qüvvələrin, siyasi partiyaların, ictimai birliklərin, media orqanlarının birgə fəaliyyətini diqtə edir.
AXCP sədrinin mediaya yönəlik tənqidləri də oldu. Bunlardan biri də yersiz təəssübkeşliklə bağlı idi: “Hər il 10 milyonlarla pul xalqın cibindən cinayətkarcasına oğurlanaraq hökumətə xidmət üçün yaradılan və inkişaf etdirilən qəzetlərə ayrılır. Çox təəssüf edirəm ki, peşə həmrəyliyini əsas götürərək, mətbuatdakı azadlıq adaları da belə cinayətkar hərəkətlərə göz yumur. Hesab edirəm ki, bu cür cinayətlərə qarşı da media quruluşları sərt və adekvat mövqedə olmalıdır”.
Əli Kərimlinin təklifləri
Vəziyyəti dəyişmək üçün AXCP sədrinin bir neçə təklifi oldu. Onun fikrincə, əsas konsepsiya elə seçilməlidir ki, mediaya basqılar hökumətin öz əleyhinə çevrilsin. Bu baxımdan AXCP sədri hesab edir ki, bir neçə media orqanı bir araya gəlib, fövqəladə şəraitdə işləyərək, ölkədəki vəziyyəti dünyaya çatdıracaq materiallar hazırlamalıdır.
Daha bir istiqamət isə ölkədə söz azadlığıyla bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatlarla açıq və sərt dialoq olmalıdır. Əli Kərimlinin sözlərinə görə, həmin təşkilatlar mətbuatın durumuna heç bir isti-soyuğu olmayan layihələr keçirməkdən əl götürüb, real iş görməli, təkliflərlə çıxış etməlidirlər. AXCP sədri bu təşkilatlar vasitəsilə ölkədə alternativ çap və yayım orqanları yaradılmasını vacib saydı: “Biz bu sahədə hakimiyyətin monopoliyasını dağıtmalıyıq”.
Elmar Hüseynovun, Rafiq Tağının qətlini unutmamalıyıq!
“Yaddaşsızlığımız da hakimiyyətin işinə yarayır” deyən AXCP sədri qətlə yetirilən yazarlar Elmar Hüseynov və Rafiq Tağı ilə bağlı mövzuların gündəmdən düşməsini qınadı: “Bu cinayətlərin unudulmasına, adiləşməsinə imkan verməməliyik. Vaxtaşırı bu məsələlərin üzərinə getməliyik. Sübut etməliyik ki, hakimiyyətin azad mətbuatla barışmaqdan başqa yolu yoxdur”.
Dəyirmi Masa iştirakçıları sonda mediaya basqılarla bağlı bəyanat qəbul etdilər.
Natiq Güləhmədoğlu