Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kreditlərin verilməsi üzrə məhdudiyyətlərin tətbiq olunmasını sağlam məntiqlə izah etmək mümkün deyil. Hətta manatla kreditlərin verilməsini stimullaşdırılmaq cəhdi, yaxud da borcluların borc yükünü yüngülləşdirmək istəkləri ilə də izah etmək uğursuz yanaşmadır.
Kredit qoyuluşu üzrə müşahidə olunan tendensiya tamamilə fərqli yanaşma tələb edir. Müşahidə olunan tendensiya budur ki, ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi azalmaqda davam edir və iqtisadiyyatı tərk edən kreditlər geri qayıtmır.
Mərkəzi Bankın məlumatlarının təhlili göstərir ki, yalnız bu ilin mart ayında daha 640 milyon manatdan çox kredit vəsaiti geri çəkilib. Azalmanın 55%-dən çoxu sənaye və istehsal sektoruna, 24%-dən çoxu ev təsərrüfatlarına təsir edib. Ticarət və xidmət, nəqliyyat və rabitə, kənd təsərrüfatı sahələrinə də kredit qoyuluşu düşüb. Son 3 ayda ümumi kredit qoyuluşu üst-üstə 2 milyard manatdan çox azalıb.
Belə tendensiyanın yaşandığı bir dövrdə – kreditləşməyə böyük zərurət yarandığı bir vaxtda kreditləşmə yolunda nəinki maneə olmamalı, əksinə, bu istiqamətdə olan bütün əngəlləri aradan qaldırmaq lazımdır. Faiz dərəcələrinin aşağı salınmasına, manatla kreditlərin təklif olunmasına, kredit almış sahibkarların fəaliyyəti yolunda kök salmış monopoliya, korrupsiya, haqsız rəqabət kimi daha təhlükəli və daha ciddi problemlərin həllinə, Vergi və Gömrük orqanlarının sahibkarları incidən, onların normal fəaliyyətinə mane olan qanunsuz əməllərinə son qoyulmasına, ölkədə qanunların aliliyinin təmin olunmasına fokuslaşmaq lazımdır.