«Heç kimə qəzəbim, küskünlüyüm yoxdur, haqqımı halal edirəm»
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında mayın 4-də keçirilən 1 saat 40 dəqiqəlik kritik görüşün ardınca bu gün AKP-nin Mərkəzi Idarə Heyəti toplanıb. Partiyanın baş qərargahında keçirilən iclası Davudoğlu çağırsa da, özü toplantıya bir saatdan artıq gecikib. Təxminən 40 dəqiqə davam edən iclasdan sonra AKP-nin fövqəladə qurultayının mayın 22-nə təyin olunduğu açıqlanıb.
Iclas zamanı Davudoğlu Idarə Heyətinin üzvləri ilə vidalaşıb. Toplantı ilə bağlı ilk açıqlama Davudoğlunun müşaviri Hayati Yızıçıdan gəlib.
O bildirib ki, yaranmış problemləri həll edəcək yeganə orqan qurultaydır: “Bunlar qeyri-adi kimi görünən, lakin əslində adi şeylərdir. Yaranmış problemləri müzakirə apararaq, partiyamızın prioritetlərini diqqətə alaraq çözürük. Partiyalarda bu cür problemləri yoluna qoyacaq orqan qurultaydır”.
Davudoğlunun yerinə kim gəlir?
AKP-nin yeni sədrinin kim olacağı ilə bağlı suala cavabında isə H.Yazıçı deyib ki, partiyanın maraqları nəyi tələb etsə, böyük qurultayda ona qərar veriləcək.
Hökumətə yaxın mənbələrdən alınan bilgilərə görə, AKP sədri postuna Davudoğlunun yerinə bu namizədləri irəli sürəcək:
Ədalət naziri Bəkir Bozdağ, Nəqliyyat naziri Binəli Yıldırım, Energetika və təbii sərvətlər naziri Berat Albayrak (Ərdoğanın kürəkəni), səhiyyə naziri Mehmet Müəzzinoğlu və baş nazirin müavini Numan Kurtulmuş.
Ərdoğan: “Xeyirli olsun!”
Baş verənlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan da açıqlama gəlib. Ərdoğan mayın 22-nə təyin olunan fövqəladə qurultayda Əhməd Davudoğlunun AKP sədrliyinə namizəd olmayacağını belə qiymətləndirib: “Xeyirli olsun. Baş nazirin öz qərarıdır”.
AKP-nin birliyi üçün sədrlikdən gedirəm
AKP Idarə Heyətinin iclasından sonra Əhməd Davudoğlu media qarşısına çıxaraq mayın 22-nə fövqəladə qurultay təyin etdiyini təsdiqləyib:
«Əziz millətim, dəyərli vətəndaşlarım. Türkiyə baş naziri və AKP sədri olaraq hər birinizi salamlayıram. Son 25 ildə müasir tarixin ən köklü dönüş nöqtələrinin yaşandığı bir mərhələyə şahid oluruq. Akademik, baş nazirin baş müşaviri, səfir, xarici işlər naziri və baş nazir olaraq bu 25 ildə əziz millətimin xidmətində olmaq mənim üçün böyük fəxr olub. Partiyamızın birinci fövqəladə qurultayında sədrimiz hörmətli Rəcəb Tayyib Ərdoğandan müqəddəs bir əmanəti təhvil aldım. Həmin vaxt çıxışımda səsləndirdiyim fikirləri özümə şüar bildim.
Arxaya baxanda görürəm ki…
Arxaya baxanda bu dəyərlərin heç birindən vaz keçmədiyimi, gerçəkləşməsi üçün canla-başla çalışdığımı görürəm. Hesab edirəm ki, əziz millətimiz də buna şahiddir. 20 aylıq mərhələ üç hissəyə ayrılır. Birinci mərhələ 2014-cü ilin 28 avqustundan 2015-ci ilin 7 iyununa qədər olan müddətdir. Bu mərhələnin ən əlamətdar hadisəsi qurucu, xarizmatik bir liderdən sonra AKP-nin seçkiyə hazırlaşması idi. Keçmiş təcrübə göstərdi ki, xarizmatik liderlərdən sonra partiyalar güc itirməyə başlayır. Bir çox fikirlər səsləndirildi. 3 dönəmlik yoldaşlarla bağlı… Həmd olsun, mənim AKP-yə sədr olduğum müddətdə partiyada bir istefa, bir qardaş ixtilafı belə, yaşanmadı. Partiyamızın onurğasından heç nə əksilmədi. Keçmiş ANAP, DYP təcürəbələrini bilənlər bunu görürlər. Yenə 62-ci hökumət dönəmində hədəfim ölkəni seçkiyə aparmaq idi. «Paralel quruluş»un fəaliyyətləri, Suriyada baş verənlər və s. olaylar yaşandı. Şükürlər olsun ki, 62-ci hökumətimiz 7 iyuna ölkəni sabit şəkildə apara bildi. Daha sonra Kobani, 6-7-8 oktyabr olayları… Əhatəli təhlükəsizlik planını həyata keçirdik. Bu mərhələdə əsas hədəf hörmətli prezidentimizin dönəmindəki sərmayələrin problemsiz davam etdirilməsi, ölkənin iqtisadi istiqrarının qorunması idi. Osman Qazi körpüsünün iftixarını birlikdə yaşadıq. Nazirlər Kabinetinə rəhbərliyim dövründə heç bir layihənin icrasındə axsama olmadı.
Dumanlı havanı sevən bütün çaqqallar üzə çıxdı
İkinci mərhələ ən kritik olanı idi. Türk demokratiya tarixinin ən kritik dönəmi – 7 iyun – 1 noyabr. 13 illik iqtidar dönəmindən sonra partiyamızın çoxluğu qazana bilməməsinə görə dumanlı havanı sevən bütün çaqqallar üzə çıxmışdı. 7 iyunda partiyamızda hüzn vardı. O gün «AKP-nin yenidən Bismillah deyəcəyi bir gündür» dedim. Hamı şahid oldu ki, başımızı dik tutduq. Həmin vaxt bəyan etdim ki, biz bu ölkəni bir saniyə də hökumətsiz qoymayacağıq. Xaos, hökumətsizlik, iradəsizlik gözləyənlər qarşılarında dəmir kimi iradə gördülər. Çətin dövr idi. Müvəqqəti hökumət çətin qərarlar verməli idi. Suruçdakı hücum, ardınca DEAŞ, DHKPC, PKK hücumları ölkəmizi hərtərəfli savaşla qarşı-qarşıya qoymuşdu. Təhlükəsizlik qüvvələrinə bu təlimatı verdik: madam ki, savaş elan ediblər, ölkəmizin bütün dağları, dərələri, vadiləri, şəhərləri, məzarları terrordan təmizlənməyənə qədər mücadilə edəcəyik. Şükürlər olsun ki, güzşətə getmədik. AKP iqtidarı qarşıdakı mərhələdə də iqtidarı bu güzəştlərə getməyəcək.
Terror hücumlarına baxmayaraq, 1 noyabr seçkisini keçirdik. Ortaya qürur duyacağımız bir nəticə çıxdı. 85 faiz iştirak, 97 faiz təmsilçilik və 49,5 faizlə gələn AKP iqtidarı. Bu nəticədə əməyi olan hər kəsə, seçicilərimizə təşəkkür etməyi borc bilirəm. Seçkidən sonra ilk qərarımız bu idi: madam ki, millətim güvəndi, 3 ayda bütün vədlərimizi yerinə yetirdim. Və bunun rahatlığını, qürurunu yaşayıram.
Dəqiqliklə deyirəm – 1 noyabr öncəsi 81 vilayəti dolaşaraq seçim meydanlarında verdiyim sözlərin heç biri yarımçıq qalmadı. Janla-başla çalışdım. Millət şahidimdir.
Son nəfəsimə qədər ona vəfa borcum olacaq
AKP sədri olaraq mayın 22-də fövqəladə qurultaya getmək qərarı verdim. Sual yarana bilər ki, 1 noyabrda məğlub olan müxalifət liderləri kürsüdə qala-qala niyə mən qurultaya qərar verirəm? Bu qərarımın hər hansı uğursuzluqla, peşmanlıqla əlaqəsi yoxdur.
Həyat insana çox şey öyrədir. Mənim dəyişməz prinsiplərim var. Tutduğum məqamların heç birini mən istəmədim. Heç bir vəzifə üçün lobbiçilik etmədim və ya tələb irəli sürmədim.
Həyatda inanmadığım heç nəyi müdafiə etmədim. İnandığım heç bir mövqedən də geri çəkilmədim.
Yoldan əvvəl yol arxadaşı sözü var. Mən yola çıxdığım arxadaşlarımın mənimlə olmalarını, olmadıqları zaman da mənə söyləmələrini istəyirəm.
Partiya rəhbərliyində son yaşananlar çox da önəm kəsb etmir. İlk imzanı mən atdım. Ancaq tətbiq edilən metodları münasib bilmədim. Bu mövzuda apardığım məsləhətləşmələr nəticəsində AKP-nin birliyi naminə dostların dəyişməsindənsə, sədrin dəyişməsinin daha doğru olacağını düşündüm.
Bu şərtlərlə sədrliyə namizəd olmağı düşünmürəm. Bütün arxadaşlar birlik və bərabərlik içində olmalıdır. AKP-nin taleyi sadəcə onun taleyi deyil, Türkiyənin taleyidir.
Prezidentlə dostluğumuz hər şeydən öndə gəlir. Son nəfəsimə qədər ona vəfa borcumu davam etdirəcəm. Onun şərəfi mənim şərəfim, onun ailəsinin şərəfi ailəmin şərəfidir.
Heç kimə qəzəbim, küskünlüyüm yoxdur. Haqqımı halal edirəm!».