Ölkə başçısı portfelsiz nazirlə nələri müzakirə edib?
Bu günlərdə ölkə başçısı Ilham Əliyev nəqliyyat naziri Ziya Məmmədovu qəbul edib. “Azadlıq”a daxil olan məlumata görə, ölkə başçısı ilə nazir arasındakı görüş 90 dəqiqə çəkib. Görüşdə nələrin müzakirə olunduğu barədə dəqiq bilgi yoxdur.
Ilham Əliyevin Ziya Məmmədovu qəbul etməsi sıradan bir məsələ deyil. Nəzərə alınmalıdır ki, Ziya Məmmədov hazırda faktiki olaraq portfelsiz nazirdir. Avropa Oyunlarına bir gün qalmış Atletlər kəndində baş verən qəzadan sonra nəqliyyat naziri hədəfə gəlib. Həmin hadisədən sonra Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb. Bu günlərdə onun adı yenidən gündəmə gəlib. Yayılan məlumatlarda bildirilirdi ki, Nəqliyyat Nazirliyinin ləğvi ilə bağlı sənədlər artıq hazırdır. Nazirlikdə yüksək vəzifə tutanlara əşyalarını toplamaq tapşırılıb. Bildirilirdi ki, Yaxın günlərdə nazirliyin ləğv olunması barədə qərar elan olunacaq.
Digər məlumatlarda isə bildirilirdi ki, Ziya Məmmədovun səlahiyyətlərini itirməsinə rəğmən hələ də nazir postunda saxlanılması ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlıdır.
ABŞ-ın prezidentliyə namizədi Donald Trampın Ziya Məmmədovla yaxın münasibətlərinin olması Prezident Administrasiyasında nəqliyyat naziri ilə bağlı yekun qərarın yubanmasına səbəb olub. Hakimiyyət düşünür ki, Tramp prezident seçiləcəyi təqdirdə Ziya Məmmədov onlar üçün əhəmiyyətli fiqura çevrilə bilər.
Bəzi ehtimallara görə, Ilham Əliyevin görüşü bu məsələ və Ziya Məmmədovun gələcək taleyi ilə bağlı ola bilər.