Samir Əliyev: «Kreditləri qadağan etmək deyil, müəyyən dərəcədə məhdudlaşdırmaq gərəkdir»
Azərbaycanda yeni yardılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ANS TV-yə verdiyi müsahibəsində bir daha hökumətin yürütdüyü iqtisadi siyasətə aydınlıq gətirib. R.Aslanlının dediklərindən bir daha məlum olub ki, dollarla kredit götürənlərə kompensasiya birmənalı olaraq verilməyəcək. Eyni zamanda istehlak kreditlərinin verilməsi şərtləri daha da ağırlaşacaq.
Dollarla kredit götürənlər kompensasiyadan əllərini üzsünlər
R.Aslanlı bildirib ki, dollar kreditləri üzrə güzəştlərin edilməsini banklar ilə müştəriləri arasında olan məsələdir. “Borclarını qaytarmaq istəməyən və ya borclarını qaytarmaq iqtidarında olmayan kateqoriyaları bir-birindən ayırmaq elə də asan deyil. Bu insanlara güzəşt etsək, biz bir növ onları mükafatlandırırıq, amma məsuliyyətli olub, xarici valyutada olan borclarını vaxtı çatmamış və ya vaxtı çatdıqda qaytarmış məsuliyyətli şəxsləri isə cəzalandırırıq. Onlar axı borclarını yeni məzənnə ilə qaytarıblar?! O ki qaldı mövcud olan problemin həllinə baxış, bu, iki tərəf arasında olan münasibətlərdir, yəni banklar ilə əhali arasında. Bu, dövlətin deyil, banklar və borcalanların qarşılıqlı razılaşmaları üzərində həll olunmalı məsələdir. Bu mənim subyektiv fikrimdir. Ola bilsin ki, banklar bu gün bir qədər ürkək davranırlar. Bu gün öz pozitiv addımlarını ictimaiyyətə açmaqdan xoflanırlar”.
Kredit şərtləri sərtləşir
R.Aslanlı eyni zamanda vurğulayıb ki, maya qədər kreditləşməyə yeni baxışı və hüquqi çərçivələri müəyyənləşdirən yeni bir model hazırlanacaq. “Söhbət sağlam və məsuliyyətli kreditləşmədən gedir. Guman edirəm ki, bu model may ayına kimi hazır olacaq və biz onu bank sektorunun təmsilçiləri və içtimayyətlə müzakirə edəcəyik”,- deyə R.Aslanlı bildirib.
R.Aslanlı eyni zamanda iqtisadiyyatdakı manat qıtlığına da münasibət bildirib. O deyib ki, iqtisadi aktivlik bərpa olunduqdan sonra yeni investisiyalara, yeni pula təlabat yaranacaq: “Yeni pula təlabat yarandıqda Mərkəzi Bank pul bazasını genişləndirir. Bu olmadan Mərkəzi Bankın genişləndirdiyi pul bazası, yəni çap edərək iqtisadiyyata yönləndirdiyi manat sonradan yenə xarici valyuta ehtiyatlarına təsir edə bilir”.
Mərkəzi Bankla Palatanın mövqeyi üst-üstə düşür
Iqtisadçı Samir Əliyev hesab edir ki, R.Aslanlının açıqlaması sübut edir ki, Palatanın mövqeyi bir çox məsələlərdə Mərkəzi Bankla üst-üstə düşür. S.Əliyevin sözlərinə görə, məsələn, manat qıtlığı ilə bağlı məsələdə Palata da bir daha dəstəklədi ki, iqtisadiyyatda risk yüksəkdir və manatın yönəldilməsi dollar alışını stimullaşdıra bilər. Eyni zamanda Palata sədri problemin bank sektorunda deyil, bankdan kənar sektorda daha yüksək olduğunu göstərdi: “Əsas mesajlar da onunla bağlı oldu ki, Palatanın kredit verilməsi şərtlərini yumşaltmaq fikri yoxdur. Bu sərtləşdirmə davam edəcək. Palata sədrinin diliylə desək, bu vaxta qədər aqressiv kreditləşmə olub. Ona görə Palatanın əsas işi kredit şərtlərini sərtləşdirmək olacaq. Burada əsas nüans onunla bağlıdır ki, Mərkəzi Bankın son dəyişikliyinə görə, aylıq ödəniş aylıq gəlirdən çox ola bilməz. Ayda 200 manat qazanan ən çoxu 100 manat kredit ödənişi edə bilər. Bu sistemə ötən ilin avqust ayından keçilsə də, bəzi banklar buna əməl etmir. Ola bilsin ki, bu əlli faizlik hədd bir qədər də aşağı salınsın. Bu göstərici hətta qırx faiz də edilə bilər. Bu isə kredit şərtlərinin daha da ağırlaşması deməkdir”.
Bəs kredit şərtlərinin bu formada ağırlaşdırılması nə dərəcədə ədadlətlidir?
S.Əliyev hesab edir ki, Azərbaycanda əsas problem kredit faizlərinin həddindən artıq yüksək olmasıdır. Amma bütün dünyada kredit verilərkən, kredit götürənlərin gəlirləri nəzərdən keçirilir. S.Əliyev vurğuladı ki, Azərbaycanda kredit ödənişlərinin aylıq qazancda payına diqqət yetirməyə çox gec başlayıblar. Onun fikrincə, əgər zamanında bu istiqamətdə müvafiq addım atılsaydı, kreditlərin ödənişi ilə bağlı hazırkı problemlər yaşanmazdı: “Hər bir halda kredit məsələlərini qadağan etmək deyil, müəyyən dərəcədə məhdudlaşdırmaq gərəkdir. Dollar kreditlərini dollar qazancı olan insanlara verilməsinin tərəfdarıyam. Manatla qazanan insanlara dollarla kredit verilə bilməz. Palata bütün bunları qadağan edir. Palatanın kreditləri qadağan etməsi ədalətsizlikdir. Amma Palatanın işi ondan ibarətdir ki, uyğunsuzluqları aradan qaldırsın. Qanunvericiliyin sərtləşdirilməsi ona xidmət etməlidir”.
Dollar krediti götürən və iki devalvasiyadan ziyan çəkənlərə dövlətin kompensasiya verməyəcəyinin artıq dəqiqləşdiyini deyən S.Əliyev vurğuladı ki, S.Şərifovun, E.Rüstəmovun və Palata rəhbərliyinin ayrı-ayrı çıxışlarında bu fikir görünür.
Xəyal