Maliyyə nazirinin nəzarətində olan «BakuBus» 18 saylı marşrutun sürücülərinin qazancına şərik olmaq istəyir
Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçiriblər. Sürücülər “BakuBus” MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə qarşı çıxıblar. Bu haqda etiraz aksiyası keçirən sürücülər “Report”a bildiriblər.
Sürücülər deyir ki, “BakuBus”a aid avtobusların sözügedən marşruta buraxılması 250 nəfərin işsiz qalması ilə nəticələnib. “Bizə öncədən heç bir məlumat verilməyib. Sadəcə, 18 saylı marşrutda istifadə olunan avtobusların istismara yaramadığı bildirilib. Halbuki, bu avtobuslar təmiz şərait, kondisioner və başqa zəruri sistemlərlə təmin edilib. Bizim marşrutun dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik”, – deyə sürücülər bildiriblər.
18 saylı marşrut həftənin bütün günləri saat 06:10-dan 23:00-dək Həmzə Babaşov küçəsi – Mərkəzi Univermaq xətti üzrə hərəkət edir.
“BakuBus” MMC Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından əvvəl fəaliyyətə başlayıb. Müasir avtobuslarla təchiz olunan “BakuBus” Bakıda əksər marşrutlara daxil edilməkdədir.
Bəzi iddialara görə, “BakuBus” maliyyə naziri Samir Şərifovun nəzarətindədin. Bu günlərdə ölkə başçısı Ilham Əliyev “BakuBus”un ikinci deposunun açılışında iştirak edərkən Samir Şərifovun onu müşayiət etməsi diqqətdən yayınmadı. Lakin sonradan Samir Şərifovun olduğu fotolar saytlardan yığışdırıldı. Hətta president.az saytı belə açılışla bağlı məlumata Samir Şərifovun olduğu fotonu verməyib.