Müzəffər Baxışov: «Vətəndaş Mərkəzi Bankın devalvasiya qərarı ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilər»
Dolların manata nisbətdə bir il ərzində iki dəfə bahalaşması vətəndaşlara ciddi maddi ziyan vurdu. Birinci devalvasiya zamanı banka dollarda krediti olanların borcunun üstünə ümumilikdə 1.7 milyard manat gəldi.
Il ərzində krediti olan şəxslərə dövlət tərəfindən müəyyən ümidlər verildi. Öncə bəyan olundu ki, on minə qədər krediti olanların borcu əvvəlki məzənnə ilə qaytarılmasına şərait yaradılacaq. Sonra bu məbləğ 500-nə qədər azaldıldı və bəyan olundu ki, bu layihənin reallaşması üçün 250 milyon manat vəsait lazımdır. Amma bu məbləğ də “tapılmadı” və Mərkəzi Bankın rəhbərliyi vurğuladı ki, banklar xeyriyyəçilik təşkilatı deyil və belə bir addım ölkədə maliyyə intizamsızlığına gətirə bilər.
Dollarda krediti olanların ümidləri Konstitusiya Məhkəməsinin çıxardığı qərarla alt-üst oldu. Konstitusiya Məhkəməsi gözlənildiyi kimi bankların tərəfini tutan qərar verdi. Ilin sonunda baş verən devalvasiya dollarda kerditi olanların vəziyyətini bir qədər ağırlaşdırdı. Rəsmi statistik rəqəmlər də bunu deməyə əsas verir. Məlum olur ki, problemli kreditlərin həcmi durmadan artır. Manatla krediti olanların ödənişi 50 faizə, dollarda olanların ödənişi isə 30 faiz azalıb. Bəs vətəndaş heç bir günahı olmadan üzləşdiyi problemə və düşdüyü ziyana görə Avropa Məhkəməsinə müraciət edə bilərmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarından şikayət etmək olmaz. Amma vətəndaş kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı qərarı rəhbər tutaraq, həmin banklara müraciət edə bilər ki, kredit şərtlərinə yenidən baxıb, onları yüngülləşdirsinlər: “Əgər banklar bu müqavilə bağlanmasından imtina etsələr, vətəndaş bankı məhkəməyə verə bilər. Bütün məhkəmə instansiyaları bitdikdən sonra əgər qərar vətəndaşın xeyrinə olmasa, vətəndaş həmin qərarlardan Avropa Məhkəməsinə müraciət edə bilər”.
Vətəndaşdan asılı olmayaraq Mərkəzi Bankın manatla bağlı verdiyi iki dəfə devalvasiya qərarına gəlincə isə, M.Baxışov vurğuladı ki, devalvasiya qərarı MB-nin normativ xarakterli aktı ilə qəbul olunub. Qanunvericiliyə görə, bu normativ aktlardan inzibati məhkəmələrə müraciət etmək olar. “Vətəndaş Mərkəzi Bankın devalvasiya ilə əlaqədar qərarının etibarsız hesab edilməsyilə bağlı məhkəməyə müraciət edə bilər. Əgər məhkəmələr nəticə verməsə. Bütün instansiyalar bitiriləndən sonra Avropa Məhkəməsinə müraciət edə bilərlər”.
Xəyal