Ilham Ismayıl: «PKK heç vaxt Qarabağda erməninin tərəfindən Azərbaycana qarşı vuruşmayacaq»
Xarici Işlər Nazirliyi (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev PKK terrorçularının Qarabağa yerləşdirilməsi məsələsinə Xarici Işlər Nazirliyində kompleks şəkildə baxıldığını söyləyib. XIN rəsmisi bildirib ki, Qarabağda 400-ə yaxın PKK terrorçusunun yerləşdirilməsi məsələsi KIV-də gedən məlumat idi: “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müxtəlif təxribatçı fəaliyyətlər həyata keçirilir. Qeyd olunan məlumat da mətbuatda yayılmışdı. Hələ ki həmin məsələyə XIN-də baxılır”.
Xatırladaq ki, Türkiyə mətbuatı cəbhədə artan gərginlik zamanı 400-ə yaxın PKK terrorçusunun Qarabağ ərazisinə yerləşdirilməsi barədə məlumat yayıb.
Informasiyalarda PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndikləri qeyd edilib (Modern.az).
Ekspert Ilham Ismayıl söyləyir ki, Qarabağda PKK-çıların, Suriyadan olan qaçqınların, terrorçuların yerləşdirilməsiylə bağlı məlumatlar gəzir. Lakin bu məlumatlar mövzu kimi olsa da, ortada hələlik konkret fakt yoxdur: “PKK-nı maraqlandıran Türkiyə və orada olan olaylardır. Onları Qarabağda hazırlayıb Türkiyəyə göndərmək çox çətin prosesdir. PKK heç vaxt Qarabağda erməninin tərəfindən Azərbaycana qarşı vuruşmayacaq. Çünki PKK-nın hədəfində Türkiyədir. Bu, təbliğat vasitəsi ola bilər, başqa bir şey deyil”.
Nigar