Neft qiymətləri “dirilənədək” neft rejimləri çökə bilər

daily-telegraph

neftBritaniyanın ən parlaq neft təhlilçilərindən biri Ambrose Evans-Pritchard “The Daily Telegraph” qəzetində yazır ki, ötən həftə sonu OPEC ölkələrinin Rusiya ilə danışıqlarının iflasa uğraması qlobal bazarlardakı tələb-təklif balansına bir zərrə də təsir tməyib.

“Hasilatın dondurulması barədə xəyallar siyasi gözdən pərdə asmadan başqa bir şey deyildir” – yazır ekspert. Məqalədə deyilir ki, OPEC kartelinin heç bir üzvü hazırda, onsuz da indi olduğundan artıq neft hasil etmək iqtidarında deyildir.

Rusiya tükənməkdə olan Qərbi Sibir yataqlarının son qətrələrini sağmaqdadır. Sanksiyalar onu yeni yataqlar inkişaf etdirmək imkanından məhrum edib. Müəllifin fikrincə, Səudiyyənin Doha sammitində özünün Körfəz ölkələri ilə ittifaqını pozması bir daha sübut edib ki, innən belə qlobal nefti idarə edən hansısa bir strukturun olması barədə son ümidlər puç olub.

“Bu onu göstərir ki, OPEC hər hansı mənalı bir şəkildə artıq mövcud deyil” – yazır Ambrose Evans-Pritchard. Brent markasından olan neftin qiyməti erkən Asiya bazarlarında 7 faiz düşüb, lakin ən heyrətamizi qiymətlərin necə bir sürətlə dirçəlməsi olub.

Rejimlər çökə bilər

RBC Capital Markets Helima Croft deyib ki, OPEC-ə üzv olan rejimlərin əksəriyyəti, hətta neft qiymətlərinin 100 dollar olduğu vaxtlarda da, siyasət və təhlükəsizlik məsələlərinin həllində vurnuxurdular, indi isə onlar öz sabitliklərini qoruyub saxlamaq üçün borca girməyə hazırdırlar.

Venesuela artıq çöküb. O dörd günlük iş həftəsinə keçib. İnflyasiya 700 faizə çatıb. Prezident Maduro neftçilərin maaşlarını vermək üçün pul tapmır. Qəzet yazır ki, belə davam edərsə, ölkə 2002-ci ildə olduğu kimi hasilatı 80 faiz azaltmalı olacaq və Çinin maliyyə dəstəyi olmasa, humanitar fəlakətlə üzləşəcək.

Anqola artıq borc almaq üçün maliyyə təsisatlarına üz tutub. Nigeriyada Buhari hökuməti silahlı qruplaşmaların rüşvət pulunu verə bilmədiyindən mədən və kəmərlərə hücumlar artıb. İndi ölkə günə 390 min barrel az neft ixrac edir.

Gələcək neft bazarının ümidi olan İraq da hələlik yaxşı durumda deyil. O da Beynəlxalq Valyuta Fonduna möhtac qalıb. Belə bir şəraitdə İŞİD Liviyanın neft rayonları üzərində nəzərətini gücləndirib və başqa bir neft ölkəsi olan Əlcəzairi “qarışdaracağını” vəd edib.

“Bu ölkələrdən hər biri istənilən an nəzarətdən çıxa bilər. Onlardan iki-üçünün eyni vaxtda nəzarətdən çıxması da istisna olunmur – yazır təhlilçi, – Ucuz neft heç vaxt iqtisadiyyatımız üçün təhlükə olmayıb, lakin biz növbəti neft qıtlığından daha çox qorxmalıyıq”.

Hollandiyaya neft lazım olmayacaq

Hollandiya tamamilə elektrikə keçməyə hazırlaşır

Sanki bu mövzunun davamı olaraq “The Guardian” yazır ki, Hollandiya tamamilə elektrikə keçməyə və 2025-ci ildədək benzin və dizel yanacağı işlədən maşınları qadağan etməyə hazırlaşır.

Məqalədə deyilir ki, belə bir qanun layihəsi artıq Senat səsverməsinə təqdim olunub. Qanun layihəsində 2025-ci ildən başlayaraq benzin və dizellə işləyən avtomobillərin satışına qadağan qoyulması nəzərdə tutulub.

“The Guardian” yazır ki, parlamentin aşağı palatasından keçmiş bu qanun layihəsinə senat bu günlərdə baxacaq. Məqalədə deyilir ki, koalisiya üzvü olan leyboristlərin təqdim etdiyi layihənin ilkin variantında benzinlə işləyən maşınların tamamilə qadağan olunması nəzərədə tutulmuşdu, lakin sonradan artıq mövcud avtomobillərin sıradan çıxanadək istifadədə qalmasına icazə verilib.

Lakin qanun 2025-ci ildən sonra ölkədə benzinlə işləyən avtomobillərin satışını qeyd-şərtsiz qadağan edəcək. Layihədə həmçinin qarşıdan gələn 10 ildə bütün Hollandiya yol şəbəkəsinin elektrikləşdirilməsi nəzərədə tutulur.

Bununla belə, koalisiyanın əsas partiyası VVD bu qanunun əleyhinədir. VVD lideri Halbe Zijlstra qanunun müddəlarında nəzərdə tutulmuş məqsədləri qeyri-real adlandırıb. Lakin leyboristlər əmindirlər ki, “benzinsizləşdirmə” artıq 2023-cü ilin sonlarından nəzərə çarpmağa başlayacaq. “The Guardian” yazır ki, hazırda Hollandiyada satılan elektrik avtomobilləri bütün avtomobil satışının yalnız 10 faizini təşkil edir.

BBC Azərbaycanca