Ramis Yunus: “İctimai diqqəti Əliyevlərin ofşor hesablarından yayındırmaq üçün Əli Kərimlinin evi qarşısında piketlər təşkil edir”
AXCP sədri Əli Kərimliyə qarşı hakimiyyətin təşkil etdiyi kampaniyaya – evinin önündə “etiraz aksiyaları” keçirilməsinə Amerikada yaşayan azərbaycanlı politoloq Ramis Yunus da münasibət bildirib. R.Yunus “Azərbaycan saatı” radiosunun rus dili bürosuna müsahibəsində bu məsələyə də toxunaraq, AXCP liderinin evi önünə göndərilənləri “manqurt” adlandırıb.
“Rejim ictimaiyyətin diqqətini Qarabağdan və Əliyev ailəsinin ofşorlardakı pullarının müzakirəsindən yayındırmaq üçün AXCP sədri Əli Kərimlinin evi qarşısında piketlər təşkil edir.
Mən şəxsən həm İlham Əliyevi, həm də Əli Kərimlini tanıyıram. İlham Əliyevlə tanışlığımızın 30 illik tarixi var və çox yaxşı bilirəm ki, Qarabağ savaşı zamanı o, hansı bizneslə məşgul olub. Əli Kərimlini isə 25 ildən çoxdur tanıyıram. İlk tanışlığımız Əli bəy könüllülərdən ibarət batalyonlar təşkil edəndə olub. Sonra biz onunla bir hökümətdə işləmişik və o zaman onu Dövlət Katibi vəzifəsində çox prinsipial, vicdanli və cəsarətli dövlət adamı kimi tanımışam. Məhz buna görə Əli Kərimli kimi vətənpərvər bir insanla İlham Əliyev kimi psevdovətənpərvər arasında olan fərqi yaxşı bilirəm.
Avtoritar hakimiyyətlərə manqurtarın çox olduğu ölkəni idarə etmək asandır. Bax, heç vaxt Qarabağa getməyəcək həmin o manqurtlar da Əli Kərimlinin evinin qarşısında toplaşır”, – deyə R.Yunus bildirib.