“Moskva Yerevana, Yerevan da Moskvaya lazımdır”
“The Washington Post” qəzetində Oxford Universitetindən post-Sovet dövrü eksperti Samuel Ramani yazır ki, hələ ötən fevralda Rusiyanın hərbi hava qüvvələri Ermənistandakı Rusiya bazasına MiG-29 qırıcılarının və başqa müasir döyüş təyyalərinin göndəriləcəyini elan etmişdi.
Moskva həmçinin Yerevana 200 milyon dollarlıq güzəştli kredit vəd etmişdi, amma Ermənistan bu pula elə Rusiyadan silahlar almalıdır.
Bundan başqa Rusiya Ermənistanı həm də İranın milli enerji şəbəkəsinin regional qovşağı halına gətirmək niyyətlərini bildirmişdi.
Qəzet yazır ki, Rusiya Sovet İttifaqı çökəndən bəri Dağlıq Qarabağ bölgəsinə görə Azərbaycanla müharibə şəraitində olan Ermənistana əhəmiyyətli hərbi yardım göstərib.
Lakin son vaxtlar Rusiyanın Ermənistana dəstəyi xüsusilə artıb. Məqalə müəllifi hesab edir ki, Rusiya-Ermənistan münasibətlərinin son aylarda fəallaşmasının üç başlıca məqsədi var.
Bunlardan birincisi Türkiyənin mühasirəyə alınması məqsədidir.
Ramani yazır ki, Rusiyanın Ermənistanda möhkəmlənməsi onun Türkiyə hökumətini təhdid etmək kimi daha geniş strategiyasının yalnız bir hissəsidir.
Rusiya əmin olmaq istəyir ki, Türkiyə innən belə onun Suriyaya uçan təyyarələrini vurmağa cəsarət etməyəcək.
Türkiyənin blokadası
Vladimir Putin əsas niyyətlərinə Türkiyənin sərhədi boyunca Rusiya qoşunlarının yerləşdirilməsidir.
Məqalədə deyilir ki, Türkiyə özünün bu şəkildə əhatələnməsini düşmən hərəkəti hesab edir. Moskva artıq 2014-cü ildə Türkiyədən şimalda yerləşən Krımı ilhaq edib, Suriya münaqişəsinə müdaxilə etməklə isə onun cənub sərhədlərində oturub.
Rusiyanın ikinci məqsədi Dağlıq Qarabağ münaqişəsinin vaxtaşırı alovlandırılması və vəziyyətin stabilsizləşdirilməsidir. İki ölkə arasındakı düşmənçiliyə baxmayaraq, Moskva həm Azərbaycana, həm də Ermənistana silah satmaqda davam edir.
Ramani yazır ki, Azərbaycan hərbi potensial baxımından Ermənistandan güclü olsa da, Moskvanın dəstəyi Yerevanı Qarabağ münaqişəsini alovlandırmağa ürəkləndirə bilər.
Məqalədə xartırladılır ki, 2015-ci ilin dekabrında Ermənistanın müdafiə naziri Azərbaycanı təxribatda və atəşkəsi pozmaqda ittiham etmişdi. “The Washington Post” yazarının fikrincə, bu, Ermənistan hərbiyyəsinin Qarabağ münaqişəsinə daha yaxın müdaxiləsi üçün bəhanə də ola bilərdi.
Ramani yazır ki, baş verənlərin arxasında Azərbaycanın Türkiyə ilə sıx mədəni bağlarının olması, Bakının Ankaranı həyati müttəfiq hesab etməsi və Türkiyənin Azərbaycanın böyük enerji ehtiyatlarına olan ehtiyacı dayanır.
Rusiya Ermənistana hərbi dəstəyini artırmaqla, Türkiyənin Qafqaz strategiyasını buxovlamağa çalışır.
Samuel Ramaninin fikrincə Rusiyanın Ermənistana hərbi yardımı artırmaq qərarının ikinci məqsədi onun Suriyada apardığı Əsədyönlü, anti-İD kampaniyası ilə bağlıdır.
Məqalədə deyilir ki, Suriya-Türkiyə münasibətləri 2011-ci ildə, Ankara anti-Əsəd qiyamçıları dəstəkləməyə başlayandan pozulub.
“Ermənipərəst Əsəd”
Samuel Ramaninin məqaləsində ən diqqətəlayiq məqamlardan biri də onun, Sovet İttifaqının çöküşündən sonra Ermənistan və Suriyanın Bəəsçi hökuməti arasında sıx diplomatik münasibətlərin yaranmasından yazmasıdır.
Məqalədə deyilir ki, Suriyada 120 min erməninin yaşaması bu ölkəni Yerevan üçün mühüm müttəfiqə çevirib. Yerevan-Dəməşq münasibətləri Suriyada Əsəd rejimi tərəfindən törədilən qırğınların beynəlxalq icmada kəskin tənqidi zamanı da möhkəmlənməkdə davam edib. Rusiya kimi Ermənistan da Bəşər əl-Əsədi Suriyanın legitim lideri hesab edir.
Ramani yazır ki, Ermənistanın Suriya ilə bağlarının başlanğıcı bir əsr bundan əvvələ gedir. 2015-ci ilin mayında Suriyaya səfər edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 1915-ci ildə Türkiyədə törədilmiş qırğınlar zamanı erməni xalqına verdiyi dəstək üçün Suriya xalqına təşəkkür bildirmişdi. O həmçinin Əsəd rejiminin erməni diasporasına mehriban münasibətini yüksək qiymətləndirdiyini demişdi və bildirmişdi ki, Suriyada rejim dəyişikliyi daha bir “erməni soyqırımına” səbəb ola bilər.
Bəşər Əsəd isə öz növbəsində rəsmi Yerevanın belə dəstəyinə “erməni soyqırımını” rəsmən tanımaqla təşəkkür etmişdi.
Ramani yazır ki, Əsəd bu cəncəl məsələ barədə mövqe bildirən ilk Suriya prezidenti olmuşdu və bu, Suriyanın siyasətindəki ciddi dəyişiklikdən xəbər verirdi. Halbuki müharibədən əvvəl Suriya rejimi erməni qətliamlarına aid kitabları senzura edir, xarici film heyətlərinin “Türkiyənin hərbi cinayətlər” törətdiyi yerlərə getməsinin qarşısını alırdı.
Samuel Ramani yazır ki, Rusiyanın Ermənistanla sıx münasibətlərinin daha bir məqsədi Yerevanda rejim dəyişikliyinə yol verilməməsidir.
Məqalədə deyilir ki, Rusiyanın digər iki yaxın müttəfiqi – Belarus və Qazaxıstan xarici ticarət əlaqələrində Qərbə meyl etsə də, Rusiya Ermənistanın ən böyük ticarət partnyoru olaraq qalır. Ermənistandan Rusiyaya ixrac bütün ixracatın 22,6 faizini, Rusiyadan idxal isə bütün idxalın 24,8 faizini təşkil edir.
Ramani yazır ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı 2014-cü ilin böhranını onun da yaşamasına səbəb olub. Həmin ilin yayında Yerevanda “Elektrik Yerevan” adı altında keçən izdihamlı etirazlar da məhz bu böhranla bağlı idi.
Məqalədə deyilir ki, prezident Serj Sarkisyanın Rusiyaya loyallığı onun Qərb dəyərlərinə şübhə ilə baxmasından doğur, lakin prezidentin anti-Qərb mövqeyi Ermənistanda getdikcə artan narazılıqla qarşılanır.
Sarkisyanın özünü birmənalı şəkildə rusiyayönlü elan etməsi isə, o deməkdir ki, Moskva onun rejimini qərbpərəst liberallardan müdafiə etməyə məcburdur. Ermənistan bütün Qafqazda Rusiyanın Avrasiya İttifaqına üzv olan yeganə ölkədir. Bu qərar Sarkisyanı Rusiyanın dəstəyindən daha da asılı vəziyyətə gətirib.
Ramaninin firkincə, Rusiya Sarkisyana hərbi dəstək verməklə, əslində onu siyasi rəqiblərindən müdafiə etmiş olur. Müəllif hesab edir ki, Moskvanın Yerevana hərbi dəstəyinin məhz kütləvi etirazların ardınca intensivləşməsi bununla bağlıdır.
Ramani yazır ki, Ermənistanda hər hansı hakimiyyət dəyişikliyi, Rusiyanı Qafqazdan və deməli tam mənasında supergüc olmaqdan məhrum edə bilər.
Rusiyanın özündə keçiriləcək seçkilər ərəfəsində isə Putin kütlələri inandırmalıdır ki, onun hökuməti hələ də keçmiş Sovet ərazilərinə nəzarət edir. (BBC azeri)