“Düşmən bizim yazdıqlarımızı oxuyur, hətta bəzən öz marağına uyğun olaraq təhrif edib, çap da edir. Nə edək, ölkəmizin problemlərindən danışmayaq?”
Bu sözləri Facebook səhifəsində AXCP sədri Əli Kərimli yazıb. Əli Kərimli suallarla dolu yazısına belə davam edib:
“Verilməli olan sualları verməyək? Deməyək ki, imkansız, məcburi köçkün ailəsində böyüyüb, 700 balla ali məktəbə qəbul olunacaq qədər istedadlı gəncimizin yeri ön cəbhə deyil? Bütün xalqlar belə istedadlı gənclərini himayə edir, onların elmi nailiyyətilə özü də ucalır.
Deməyək ki, savaşın elə ilk günlərindən ailənin tək oğullarını ön cəbhəyə göndərmək olmaz? Əbülfəz Elçibəyin prezident olduğu dövrdə demək olar ki, hər gün savaş var idi. Torpaqlarımızın 40 faizi düşməndən azad edilmişdi. Ordumuz Xankəndinin bir neçə kilometrliyinə çatmışdı (hərçənd ki, xəyanət və Rusiyanın dəstəyilə düşmən həmin dövrdə Kəlbəcəri işğal edə bilmişdi, lakin yalnız Kəlbəcəri!), amma dövlət ailənin tək oğullarını döyüşə səfərbər etmirdi, onlarsız keçinirdi. 20 ildən artıq ordu quruculuğu ilə məşğuluq. Təbii ki, ordumuz indi daha güclüdür. Daha yaxşı silahlanıb. Niyə 3 gün atəşkəs pozulan kimi evin tək oğlunu göndəririk ön cəbhəyə? Dünyanın bütün ordularında hücum əməliyyatlarını xüsusi təyinatlılar həyata keçirir. Söhbət illərini hərbi hazırlığa vermiş peşəkarlardan gedir.
Çağırışçı əsgər də xüsusi təyinatlıların əldə etdiyi mövqeləri möhkəmləndirir. İndi biz təklif etməyək ki, ordumuzda könüllü şəkildə, müqavilə ilə döyüşən peşəkarların xüsusi çəkisi artırılsın, onların hərtərəfli hazırlığına və maddi təminatına zəruri xərclər təmin edilsin. Biz axı bir müasir silahımızın – dronun heç bir itkisiz ordumuza necə uğur qazandırdığını gördük. Sual etməyək ki, nəyə görə yalnız 1-2 drondan söhbət getsin? Ordumuzun büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən artıq deyil?
Həmin pulları Rusiyanın SSRİ-dən qalma silahlarına verməkdənsə, atəşkəs pozulan kimi düşmənə 50-100, hətta daha artıq dronlarla və başqa müasir və dəqiq silahlarala hücum etmək daha düzgün olmazdımı? Məgər aydın deyil ki, bu suallar və təkliflər ordumuzun daha güclü olub, daha az itki ilə torpaqlarımızı azad edə bilməsi üçün verilir? Hər bir azərbaycanlı üçün ordumuzun az itki verməsini arzulamaqdan təbii nə ola bilər?”