Avstraliya qəzeti şirkətlər arasındakı yazışmalardan yazdı
Britaniyada hakim Mühafizəkarlar Partiyası ilə ailəni hansı tellər bağlayır?
Araşdırmaçı jurnalistlər Riçard Baker və Nik McKenzie Avstraliyanın “The Sidney Morning Herald” nəşrində yazırlar ki, Panama sənədləri ilə “Unoal” şirkətinin serverlərindən sənəd sızması az qala eyni vaxta təsadüf edib. Lakin Avstraliya və Yeni Zelandiyanınn ən böyük media qrupu “Fairfax Media”nın əldə etdiyi e-maillər göstərir ki, bu təsadüf elə başlandığı yerdə də qurtarır.
Çünki bu yazışmalardan bəlli olur ki, jurnalistlərin öz təbirincə deyilsə, neft sənayesinin “rüşvət ustası” “Unaoil” şirkətinin sahibi olan Ahsani ailəsi də minlərlə başqa superzənginlər kimi Panamanın “Mossack Fonseca” hüquq firmasının xidmətlərindən istifadə edərək ofşor şirkətləri qurub.
“Fairfax Media”nın əldə etdiyi e-maillərdən bu da faş olur ki, Britaniyada hakim Mühafizəkarlar Partiyasının ən böyük donorlarından biri olan mülkiyyət maqnatı Cavad Mərəndi “Unaoil” şirkətinin Azərbaycan fəaliyyətində yaxından iştirak etməklə yanaşı, həm də “Mossack Fonseca” firmasının müştərisi olub.
Məqalədə deyilir ki, “Unaoil” şirkətinin maliyyə departamenti 2008-2009-cu illərdə “Mossack Fonseca”nın Panama ofisi ilə yazışmada olub. Bu yazışma “Unaoil” şirkətinin təsisçisi Ata Ahsani və şirkətin baş direktorları və onun oğulları Cyrus (Sirus) və Saman Ahsani arasında etibarnamənin tərtibi ilə bağlı idi.
Bu e-maillərdən “Unaoil” şirkətinin Karib körfəzi və Britaniyanın Vircin adalarındakı “vergi cənnətlərində” şirkətlər qurması bəlli olur.
Riçard Baker və Nick McKenzie yazırlar ki, “vergi cənnətlərində” – vergidən azad zonalarda şirkət yaratmaq və ya hesab açmaq cinayət sayılmır, amma “Unaoil” bu qurumlardan spesifik məqsədlər üçün istifadə edib.
Bu ayın əvvəllərində “Fairfax Media” bildirmişdi ki, Britaniyanın Vircin və Marşal adalarında yaradılmış şirkətlərdən bir neçə ölkədə siyasətçilərə, rəsmilərə və neft sənayesi rəhbərlərinə rüşvət pullarının ödənməsi üçün istifadə edilib.
Britaniya hakim partiyasına donorluq
Məqalədə deyilir ki, cənab Marandinin “Unaoil” şirkəti ilə əlaqələri Britaniya qəzetlərində başlıq olmağa layiq mövzudur. Belə ki, Britaniyada Mərəndi və onun xanımıÿ Nərminə hakim partiyanın əsas donoru kimi Mühafizəkarların hesabına 2014-cü ildən bəri 150 min funt sterlinq (280 min dollar) keçiriblər.
Londonda müstəsna dəbdəbəli mülklərə sahib olan cənab Mərəndi və onun xanımı Britaniya və Azərbaycan paytaxtları arasında şəxsi təyyarədə uçurlar.
Azərbaycan əsilli Mərəndi Londonda yaşayır və “Unaoil” şirkətinə bu şirkətin Azərbaycan superagenti Mohammad Reza Raeinlə dostluğu vasitəsilə bağlıdır.
Məqalədə deyilir ki, əvvəllər “Unaoil” şirkətinin Amerika əməliyyatçısı olmuş Raein, 1990-cı illərin sonlarından etibarən onun Azərbaycandakı maraqlarını təmsil edib, “Unaoil”a Halliburton və Kellogg&Brown Root (KBR) kimi “yağlı müştərilər” tapıb.
KBR-ın 1999-cu ildən bu yana olan sənədləri göstərir ki, cənab Raein hakim Əliyevlər ailəsinə son dərəcə yaxın olub.
“Fairfax Media” bundan əvvəl Azərbaycan parlamenti spikerinin müavini və vəzifəli neft rəsmisi, gizli yazışmalardakı kod adı V1 olan Valeh Ələsgərovun agent Raeinin məxfi mənbəyi olmasından yazmışdı.
“Əmiqızının əri”
Öz növbəsində, cənab Mərəndi də Azərbaycanın ən qüdrətli adamlarına yaxındır. Azərbaycanın “Paşa Constructions” şirkətinin baş icraçı direktoru kimi cənab Mərəndinin şirkətin sahibləri olan qüdrətli Paşayevlər ailəsinə birbaşa çıxışı var. Prezident Ilham Əliyevin həyat yoldaşıÿ Mehriban “Paşa” şirkətlər qrupunun sahibi Arif Paşayevin qızıdır.
Məqalədə deyilir ki, cənab Mərəndinin xanımıÿda Azərbaycanın ən nüfuzlu ailələrindən birinin – Əlizadələrin nümayəndəsidir. Onun atası Məmməd Əlizadə prezident Əliyevi dəstəkləyən siyasi partiyalardan birinin lideridir.
2005 və 2006-cı illərə aid sızmış e-maillərdən görünür ki, cənab Raein Ahsanilərdən “Cavad” adlı şəxsin bank hesablarına on minlərlə dollar köçürülməsini xahiş edib.
Riçard Baker və Nick McKenzie yazırlar ki, “Unaoil” şirkətinin maliyyə şöbəsi və baş əməliyyatçısı Saman Ahsani pul köçürmələri barədə tərəddüd keçirəndə, 2006-cı ilin fevralında Raein “Unaoil”in rəhbəri Cyrus Ahsani-yə şikayət edib və və bildirib ki, “biz eyni hesablara müntəzəm pul köçürmələri etmişik”.
“Əgər yadınızdadırsa, noyabrda biz əvvəlcə pulu cənab Marwan Sammana köçürməli idik, lakin sonra qərara aldıq ki, bu pulu, bizə daha asan olsun deyə Cavad köçürsün” – yazırdı Raein.
Raeinin yazışmasından həmin bu “Cavad”ın elə Mərəndi olduğu asan başa düşülür.
Raein 2006-cı ilin əvvəllərində “Unaoil”in icraçı direktorlarından Peter Willimonta bildirirdi ki, SOCAR dövlət neft şirkətində vəzifəli rəhbərlərdən biri, “Cavad”ın xanımınınÿəmisi Ilyasdır və “biz onu istədiyimiz vaxt görə bilərik”.
Riçard Baker və Nick McKenzie yazırlar ki, Mərəndinin xanımı ÿNərminənin əmisi Ilyas Əlizadə o vaxtlar SOCAR-ın texniki departamentinə rəhbərlik edib və eyni zamanda xarici əlaqələr bölümünün rəhbəri olub.
“Əməliyyat xərcləri”
Riçard Baker və Nick McKenzie xüsusilə vurğulamağı lazım bilirlər ki, Raeinin “Unoil”dən Mərəndiyə pul köçürülməsini israr etməsinin hər hansı qeyri-qanunu fəaliyyətlə bağlı olduğunu göstərən sübutlar yoxdur, lakin “Unaoil”dən Mərəndiyə ödəniş edilməsinin səbəbləri naməlum qalır.
Cənab Raein “Fairfax Media”nın israrlı xahişlərinə baxmayaraq, bu barədə şərh verməkdən imtina edib.
Cənab Marandinin sözçüsü deyib ki, o, heç vaxt Azərbaycanda və yaxud hər hansı başqa yerdə “Unaoil” şirkətində çalışmayıb və ya bu şirkətin adından iş görməyib.
“O, bircə dəfə ”Unaoil” şirkətinin adamı üçün ona “əməliyyat xərclərində” kömək məqsədilə 50 min dollar ödənməsini təşkil edib”- deyib sözçü.
Sözçü bunu da deyib ki, bu ödəniş cənab Mərəndinin “köhnə dostu” cənab Raein vasitəsilə edilib.
“Bundan başqa, onun ”Unaoil” şirkəti ilə və ya bu şirkət üçün heç bir işi olmayıb”- deyib Mərəndinin sözçüsü.
“The Guardian” qəzeti bu həftə Londonun dəbdəbəli Knightsbridge rayonunda çox müstəsna bir mülkün cənab Mərəndinin ofşor şirkətinə aid olduğunu açıqlayıb.
Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırması barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. Bakıda rəsmilər bundan öncə də dəfələrlə xarici nüfuzlu media orqanlarında bu cür ittihamlarla üzləşiblər. Hər dəfə dəfə də onlar bu cür ittihamları hansısa xarici dairələrin Bakının müstəqil siyasətinə qarşı təzyiq cəhdi adaladırılar.
“Azadlıq” radiosu