Rusiya prezidenti canlı efirdə 80 suala cavab verdi, Suriya, Türkiyə və Qarabağdan da danışdı
Rusiya prezidenti Vladimir Putin dünən növbəti (14-cü) dəfə canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırıb. Proqram başlayana qədər studiyaya 2,3 milyondan çox sual daxil olub. Onların arasında təxminən 1,5 milyon telefon zəngi, 400 min SMS olub. Həmçinin sosial şəbəkə istifadəçilərindən 70 mindən çox sual gəlib. 3 saat 40 dəqiqə davam edən proqramda Putin ölkədə iqtisadi vəziyyət, xarici siyasət, beynəlxalq terrorizmə qarşı mübarizəyə dair sualları cavablandırıb.
Rusiya prezidenti efir müddətində 80 suala cavab verib. Son 3 ildir ki, Putin canlı efirdən 4 saata yaxın vətəndaşların suallarını cavablandırır. Ilk belə canlı efir 2001-ci ildə baş tutmuşdu.
Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualın cavabında Putin deyib ki, bu problem yalnız siyasi vasitələrlə kompromisə nail olmaq yolu ilə həll edilməlidir: “Biz münaqişəni tənzimləmək, tərəflərin hər ikisi üçün məqbul həll tapmaq üçün nə mümkündürsə edəcəyik. Qarabağ məsələsinin uzunmüddətli həlli lazımdır və əlbəttə ki, bu həll yalnız siyasi vasitələrlə mümkündür. Kompromis tapılmalıdır”.
Putin deyib ki, Rusiya bu münaqişənin həllində son dərəcə maraqlıdır: “Kim nə deyir desin, Rusiya bu problemin həllində maraqlıdır, çünki biz həm Azərbaycanla, həm də Ermənistanla iş aparmaq istəyirik. Rusiya bu işə gücü çatan dərəcədə töhfə verəcək. Lakin aydın məsələdir ki, son qərarı Ermənistan xalqı və Azərbaycan xalqı qəbul etməlidir”.
V.Putin çıxışında “Panama sənədləri”dən də danışıb. O bildirib ki, bu sənədlərin sızdırılması təxribatdır və məqsəd rusiyalılar arasında şübhə toxumu səpməkdir: “Qarşıdan gələn parlament və prezident seçkiləri ərəfəsində ictimai rəyi çaşdırmaq istəyirlər”.
Putin yaxın dostu Sergei Polduginin Panamadakı ofşor şirkətlərdə 2 milyard dollarədək vəsaitinin olması barədə məlumatları da təkzib edib: “Poldugin qazandığı bütün pullara musiqi alətləri alaraq Rusiyaya gətirib”.
Rusiya iqtisadiyyatının hələ tam düzəlmədiyini deyən Putin bununla belə, müsbətə doğru hərəkətin olduğunu qeyd edib. Onun sözlərinə görə gələn il Rusiyada 1,4 faiz artım olacaq. Dediyinə görə, Rusiyada ərzaq məhsullarının bahalaşması müvəqqətidir və daxili məhsullar hesabına qiymətlər düşəcək.
Prezident makroiqtisadi göstəricilərdən danışıb, ölkə rezervlərinin 2014-cü ilin əvvəlində olduğu səviyyəyə qayıtdığını söyləyib: “Ölkə iqtisadiyyatı özünə gəlib. Hökumət bu il ümumi daxili məhsulun azacıq düşəcəyini gözləyir. Indiki templə xərclənsə, Rusiyanın azı 4 illik ehtiyatı var. Hazırda isə ölkə 4 ay heç nə etməsə belə, pulu olacaq”.
Putin bildirib ki, keçmiş maliyyə naziri Aleksey Kudrin prezidentin yanındakı ekspertlər şurasınada işləyəcək və ola bilsin ki, qurumun müavinlərindən biri olacaq.
Kreml rəhbəri Suriyadakı vəziyyətə də toxunub. Bildirib ki, Suriya ilə bağlı sülh danışıqları davam etdirilməli, yeni konstitusiya hazırlanmalı və bunun əsasında seçki keçirilməlidir: “Suriyadan qoşunlarımızı elə uğurla çıxardıq ki, bundan sonra qüvvələrimiz Palmiranı tutdu”.
Putin onu da qeyd edib ki, Rusiya Türkiyəni dost sayır, ancaq bəzi türkiyəli siyasətçilərlə problemləri var.
Putinin 12 yaşlı tamaşaçının “Poroşenko (Ukrayna prezidenti) və Ərdoğanın (Türkiyə prezidenti) batdığını görsəydiz, birinci hansını xilas edərdiniz?” sualına isə cavabı belə olub: “Əgər kimsə batmağa qərar veribsə, onu xilas etmək mümkün deyil. Lakin əlbəttə ki, biz istənilən tərəfdaşımıza yardım və dost əlimizi uzatmağa hazırıq. Amma o özü bunu istəyirsə…”.