Telefon zəng çaldı, götürdüm, Alim Qasımov idi…Bu barədə sonra… Alimin zəngi məni düşüncələrə qərq etdi. Günlərlə düşündüm,gözümün önünə gördüyüm insanlar gəldi. O insanlar ki, onları bütün Azərbaycan tanıyır: Tutduğu vəzifəsinə görə,sənətinə görə! Taleyim mənə həmin insanları yaxından görməyi,bəzilərilə təmasda olmağı qismət eləyib. Qısası,böyük insanların böyüklüyünün şahidi olmuşam.
Telefon zəngi…
Bəs niyə indi,illər keçəndən sonra bu barədə yazmağa, oxucularla fikir paylaşmağa qərar verdim?
Peşəm jurnalistdir. Ona görə də mətbuatımızın bu günkü durumu məni də narahat edir. Azərbaycan telekanalları nəyə xidmət edir, bir onların başqanları bilir, bir də hər şeyə qadir olan Allah! Qəzetlərin 99 faizi məddahlıq yarışmasının güzgüsünə çevrilib. Qaldı o bir faiz, onlar da əsasən problemlərdən, həyatımızın keşməkeşlərindən yazırlar (düz də eləyirlər!)
Amma mənəvi dəyərlərimizin təbliğini gözləyən insanlar da minlərlədir, bəlkə də milyonlarladır. Məncə, böyük insanların böyüklüyü də mənəvi dəyərlərin bir parçasıdır. Odur ki, Alimin telefon zəngi məni bu mövzuda yazmağa həvəsləndirdi. Bəlkə oxuyub razı qalanlar oldu…Bəlkə də!..
Beləliklə, əvvəlcə eşitdiklərim:
22 il Kəlbəcər və Yardımlı rayonlarında birinci katib(rayonun müstəsna səlahiyyətləri olan rəhbəri), 10 il Şamaxı rayonunda icraiyyə komitəsinin sədri(rayonda ikinci rəhbər) işləmiş Səfər Verdiyevin dediklərindən:
Cavan oğlan idim. Kəlbəcərdə birinci katib işləyirdim. Mərkəzi Komitədən gəlib işimizi yoxlayıb büronun müzakirəsinə hazırladılar. O zaman, qayda belə idi ki,müzakirədən əvvəl qərar layihəsi ilə cavabdeh şəxsləri tanış edirdilər. Məni də Mərkəzi Komitəyə çağırıb həmin sənədlə tanış etdilər. Qərarda vəzifədən azad olunmağım haqqında maddə var idi.
Çox götür qoy etdim, Səməd qağanın(o bizim rayonda bir-iki dəfə olmuşdu və məndən böyük olduğu üçün ona qağa deyirdim) yanına getməyi qərara aldım. Getdim,hər şeyi olduğu kimi ona danışdım. Axşam idi. O,telefonu götürüb zəng vurdu. Qulaqlarıma inanmadım: Səməd Vurğun Mərkəzi Komitənin birinci katibi (respublikanın rəhbəri) Imam Mustafayevlə danışırdı.
– Imam, Sizə gəlmək istəyirəm. Sonra üzünü mənə tutub dedi:dur gedək, Imam bizi gözləyir.
O an mən nələr keçirdiyimi bir Allah bilir. Tərəddüdün də yeri yox idi. Getdik, Səməd Vurğun məni təqdim elədi. Söhbət xeyli uzandı və mən o vəzifədə qalan, 20 il qaldım.
Beləliklə, öz gördüklərim: Imam Mustafayev
1957-ci ilin yaz günləri idi. Doqquzuncu sinifdə oxuyurdum. Şənbə günü dərsdən çıxıb rayon mərkəzi olan Mərəzədən 14 kilometrlikdə olan kəndimizə – Bəkləyə getmək üçün maşın gözləyirdim. Birdən yanımda qara bir “Zim” dayandı. Maşından ucaboylu bir nəfər düşüb məni çağırdı. Tanıdım, qəzetlərdə şəklini görmüşdüm: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Imam Mustafayev idi. Salam verdim, salamımı mehribanlıqla alıb soruşdu:
– Oğul bala,raykom Qəhrəmanovu tanıyırsan?
– Tanıyıram dedim,oğlu mənimlə oxuyur.
– Evi uzaqda deyilsə,get onu çağır,-dedi
– Evləri lap yaxındadır,10-15 metr ancaq olar,deyib,qaça-qaça onlara getdim.
– Kamal əmi,(oğlu ilə yaxınlıq etdiyim üçün evlərinə gedib-gəlirdim) yoldaş Mustafayev səni gözləyir.
Qəhrəmanov mənə inanmırmış kimi təəccüblə soruşdu:
– Kim?. .
– Bir də təkrarladım:yoldaş Mustafayev!
O,tələsik arxamca gəldi. Salamlaşıb, görüşdülər. Qulağım Qəhrəmanovun bu sözlərini çaldı:
– Yoldaş Mustafayev, heç olmasa zəng çalardınız.
– Ehtiyac duymadım, dedi Mustafayev. Sonra üzünü mənə tutub soruşdu:
– Oğul bala,hara gedirsən? Yəqin maşın gözləyirsən?
– Bəli, Bəkləyə gedəcəm,- dedim.
– Gəl otur qabaqda, biz də Xilmilliyə gedirik.
Bu gün, bu əhvalat çoxlarına nağıl kimi gələr. Amma həqiqət idi: respublikanın rəhbəri əvvəlcədən xəbərdarlıq etmədən, həm də mühafizəçisiz rayona gəlmişdi və respublikanın bəlkə də ən böyük kolxozuna – Xilmilli kəndinə gedirdi və məktəb şagirdini öz maşınına otuzdurmuşdu.
Maşında necə oxuduğumu soruşdu. Mənim əvəzimə raykom katibi cavab verdi: mənim oğlumla bir sinifdədir, məktəbin ən yaxşı oxuyanlarından biridir.
Akademik (sonralar bildim ki,Azərbaycanda əkilən buğda sortları onun yetirdikləridir) rəhbərimiz xeyli tövsiyyələr verdi.
Haşiyə: görəsən indi elə bir rayonun icra başçısı tapılarmı ki, mühafizəçilərin müşayəti olmadan kabinetdən çıxsın?!
Vəli Axundov
Azərbaycan Dövlət Universitetində oxuyurduq. Ali məktəbimiz indiki Istiqlal küçəsində, Iqtisad Universitetinin binasında yerləşirdi. (Tariximizə hörmət naminə bu bina əvvəlki adı ilə də saxlanılmalı idi. Bu səhvi elə indi də düzəltmək olar!!!)
Akademiyanın binasında yazıçıların ikinci qurultayının sonuncu günü idi. Deyirdilər ki, təşkilat məsələsindən əvvəl saat 11-də Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov çıxış edəcək. Tələbə dostum şair Səyavuş Sərxanlı ilə qərara gəldik ki, gedib qurultayda iştirak edək, görək rəhbərimiz nə danışacaq və necə danışacaq.
Alaqapıdan çıxmışdıq ki, ilk gözlənilməz vəziyyətlə rastlaşdıq: Vəli Axundov əlində şlyapa, kiminləsə söhbət edə-edə akademiyanın binasına tərəf gedirdi. Tələbə və gənclik marağı ilə onların arxasınca getdik. Akademiyaya çatanda o, dayandı. Bir qədər aralıda şairələr Mirvarid Dilbazi ilə Mədinə Gürgün də binaya yaxınlaşırdılar. V.Axundov onlarla görüşüb salamlaşdı, sonra qapını açıb yol göstərdi. Xanımlar tərəddüd etsələr də, o “yol xanımlarındır” deyib, şairələri irəli buraxdı(!!!).
Mən və Səyavuş binaya sərbəst daxil olduq. Nə üst-başımızı yoxlayan oldu, nə qurultay nümayəndəsi olub-olmadığımızı! Nədə ki, yoxlayıcı aparatın altından keçdik!!! Bəli, böyük Seyid Əzim demişkən “zaman ol zaman idi”.
…Iclasa sədrlik edən sözü V.Axundova verdi.
O,çıxışına belə başladı:
– Hörmətli qurultay iştirakçıları, mənim üçün iki saatlıq çıxış yazıb hazırlayıblar ( O,qovluğu yuxarı qaldırıb göstərdi və kənara qoydu). Birinci qurultayınızdan düz otuz il keçib. Bu illər ərzində Azərbaycan ədəbi mühitində çox böyük hadisələr baş verib. Mən də Sizin bir oxucunuz kimi bu hadisələrin şahidi olmuşam. Ona görə də bir oxucu kimi öz təəsüratlarımı Sizinlə bölüşmək istəyirəm.
V.Axundov mahir natiq idi. Mən həm Azərbaycan dilində, həm də rus dilində elə şirin danışan ikinci natiq tanımıram. Elə natiqlik məharəti ilə də ilk anda o, zalı süküta qərq etdi. Iki saat yarım ərzində nəsrimizin, şeirimizin, ədəbi tənqidimizin otuz ildə keçdiyi yolu elə təhlil etdi ki, qurultay iştirakçıları heyrətlərini gizlədə bilmirdilər.
Bəxtiyar Vahabzadə
Bəlkə də bu bir alın yazısıdır ki, böyük insan, görkəmli şairlə dəfələrlə görüşmüşəm. Birinci görüşümüz mənim üçün gözlənilməz idi. 1966-cı ilin may ayı idi. Universitetin üçüncü kursunda oxuyurdum, dekanlığa çağırıb dedilər ki, get ədəbiyyat kafedrasına Bəxtiyar müəllim səni gözləyir. Təəccüblə səbəbini soruşdum. Dedilər ki, bilmirik. Məni düşündürən o idi ki, Bəxtiyar müəllim ədəbiyyat kafedrasının professoru olsa da bizə dərs demirdi, məni-adi bir tələbəni hardan tanıya bilərdi. Səbəbini görüşümüzdən sonra başa düşdüm. O dövrdə universitetdə yalnız bir ədəbiyyat kafedrası var idi. Bizim ədəbiyyat müəllimlərimiz də o kafedrada işləyirdilər. Yəqin ki, onların tövsiyyəsi idi…
Salamlaşdıqdan sonra Bəxtiyar müəllim birbaşa mətləbə keçdi. “Azərbaycan” jurnalını oxuyub-oxumadığımı soruşdu. Cavabımdan razı qalıb dedi:
– Bu il jurnalın 4 sayı çıxıb. Xeyli şeir və poemalar dərc olunub. Onları bir daha diqqətlə oxu, iki həftədən sonra bazar günü saat 12-də səni evimizdə gözləyirəm. Mənim üçün gəncliyin fikir və düşüncələri maraqlıdır.
Onda Bəxtiyar müəllim Hüsü Hacıyev (indiki Azərbaycan) küçəsində yazıçılar üçün tikilmiş binanın üçüncü mərtəbəsində yaşayırdı. Məni mehribanlıqla, bir qədər də qayğılı qarşıladı. Çay gətizdirdi və başla, – dedi.
O, xüsusilə sevindi ki, mən daha çox adlı-sanlı şairlərdən yox, Əli Kərim yaradıcılığından daha şövqlə danışdım…
…Ikinci görüşdən bir amili xatırlatsam yerinə düşər. Bəxtiyar müəllim “Literaturnaya qazeta”nın baş redaktorunun müavini ilə Şamaxıya gəlmişdi. Raykom katibi mənə dedi ki, bunlar sənin adamlarındır, gedin görməli yerləri görsünlər.
Rəsədxanaya baş çəkdik, Pirqulu meşəsini gəzdik. Çay süfrəsi arxasında oturmuşduq ki, muğam səsi eşitdik. Qonaq soruşdu ki, muğamla estradanın fərqi nədədir? Bəxtiyar müəllim lakonik və məntiqi izahat verdi:
– Estrada çalınanda insanların ayaqları oynayır, muğam səslənəndə başı!
Qonaq çox razı qaldı. Sonralar Bəxtiyar Vahabzadə bu fikirlərini “Muğam” poemasında tərənnüm etdi…
…1997-ci il. Qaçqınkomun sədri işləyirdim. Telefon zəng çaldı. Götürdüm, səsindən tanıdım. Bəxtiyar müəllim idi. Salamlaşdıq. Çox həyacanla zəng etməyinin səbəbini açıqladı:
– Bu gün qəzetlərdən birində oxudum ki, Şuşa dram teatrının bir aktyoru ailəsilə birlikdə qalmağa yer tapa bilmədiyi üçün intihar etmək istəyir. Ürəyim ağrıdı, götürüb sənə zəng vurdum. Ona nə kömək eləyə bilərsən? Nəticəsini mənə çatdırarsan.
Xeyli fikirləşəndən sonra politologiya institutunun rektor əvəzi Əlikram Abdullayevə zəng vurdum. Yataqxanada 2 otaq verməyi xahiş etdim. Çətin olsa da o, köməyini əsirgəmədi. Beləliklə, həmin aktyor mənzillə təmin olundu.
Səhərisi gün o boyük şair, ahıl yaşda olmasına baxmayaraq yanıma gəldi. “Bir ailənin faciəsinin qarşısını aldığın üçün sənə minnətdarlıq etməyə gəldim. Bu gün ölkəmiz ağır günlərini yaşayır, gərək hər birimiz bir-birimizə arxa,dayaq olaq”- dedi.
Söhbətimiz uzun çəkdi. Çox problemlərdən danışdıq. Ədəbiyyatdan, şeirdən də söhbət açdıq.
– Arxasız, dayaqsız insan ömrü tənhalıqdır – dedim. Bəxtiyar müəllim, Siz demişkən:
Yarpağı tez solar tək ağacın da,
Kölgəsi yoxdursa, necə solmasın.
Meşələr sultanı, meşələr şahı
Aslanın özü də yalqız olmasın!
Nikbin əhvalla ayrıldıq…
ardı var