Moskvanın ulu öndərə vəfasızlığı

1982-1987-ci illərdə SSRI Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin katibliyinin, SSRI Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu Idarəsinin və SSRI Səhiyyə Nazirliyi 4-cü Idarəsinin keçmiş əməkdaşlarından ibarət nümayəndə heyəti Bakıya gəlib. Heydər Əliyev Fondunun təşkil etdiyi bu tədbirdə, qonaqlar ulu öndərin Moskvada heykəlinin qoyulmasının vacibliyini qeyd ediblər.
“Səs” qəzetindən bu yazını oxuya-oxuya, Google-da axtarış verdim və heyrətə gəldim, Moskvada ulu öndərə bu vaxtadək heykəl qoyulmayıb!!!
Daha doğrusu, bir dəfə qoymaq istəyiblər, amma yerli sakinlərin piket keçirməsi, Moskvanın yəhudi əsilli meri Lujkovu qorxuya saldı və xüsusi sərəncamla, Aeroport rayonunda nəzərdə tutulan heykəl və parkın inşası dayandırıldı. Bu xoşagəlməz insident, 2006-cı ilin martında olub. Artıq Lujkovun torbası çoxdan tikilib, 2 idir ki, Moskvanı xalis Sibir rusu Sergey Sobyanin idarə edir. Deməli, məsələyə yenidən qayıtmaq olar.
Mən də o fikirdəyəm ki, Moskvada mütləq Heydər Əliyevə heykəl qoyulmalıdır. Bunun üçün hər hansı ictimai fəallıq lazımdırsa, lap Moskvada piket keçirmək, Bakıdakı rus səfirliyin önündə fədakarlıq etmək çağırışı olsa, məmnuniyyətlə iştirak edərdim.
Keçmiş SSRI-nin keçmiş idarələrinin keçmiş əməkdaşları ilə tam razıyam – sağlığında qoyulmalıydı o heykəl…
Onun başçılığı altında Azərbaycan, Moskva üçün nələr etmədi ki…
…Mən bu dövrün canlı şahidiyəm. Orta məktəbdə dərs öyrənmək əvəzinə, qul kimi tarlalarda çalışırdıq. May ayından başlayaraq, pambıq tarlalarında, alaq otlarını təmizləyir, eyni zamanda seyrəltmə aparırdıq. Daha sonra pambıq kolunu zərərverici qurd olan “sovka”dan təmizləyirdik. Ittifaqın bütün şagirdləri sentyabrın 1-də çantalarını götürüb dərsə gedəndə, biz də önlük taxıb pambıq yığmağa başlayırdıq. Son qozayadək məhsulu toplayandan sonra bizi, geridə qalan rayonlara “avral” (desant) kimi atırdılar. Beləliklə, noyabrın ortalarından başlayaraq, martın 20-nə kimi məktəblərə dönürdük. Həm dincəlir(!), həm də oxuyurduq.
Pambıqdan başqa üzümçülük də, əsas sahələrdən biri sayılırdı. Bizim kolxozda həm də üzüm yığılırdı. Üzüm yığımı daha ağır zəhmət tələb edirdi, 15 yaşım olanda bir mövsüm çalışdım, ağır vedrələri maşına tökməkdən əllərimin içi elə günə düşmüşdü ki, bir-iki ay qələm tuta bilmirdim. Üzümü bazardan alan oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, yox, “elə şeylərə” yol verilmirdi, hər axşam işin sonunda ciddi kontroldan keçirdik, iş zənbilimizdən bir salxım üzüm çıxsaydı, birinci dəfə xəbərdarlıq edilirdik, daha sonra isə.., dövlət əmlakını mənimsəmə maddəsi ilə mühakimə qaçılmaz olurdu.
Pambıq və üzüm sahələri kəndlərə bitişik olduğundan, dərman səpən təyyarələr kəndi də, zəhərli maddələrə “qonaq edirdilər”, mal-qara və onlara “bərabər tutulan” (!) insanların zəhərlənməsi adi hal idi. Zəhərləndinsə, günah özündədir, çünki təyyarələr öncə kənddən aralı tarlalardan başlayırdılar, buna görə heç rüşvət almağı ağıllarına belə gətirmirdilər(!). Rusiya və Ukraynadan olan pilotlar isə, bəzən kəndi zəhərləməkdən yayınmaq üçün manevrlər edirdilər, biz bunu onların sərt hərəkət trayektoriyası cızdığı zaman hiss edirdik…
Məhsul yığımı zamanı insanların bir yerdən digər yerlərə gediş – gəlişi məhdudlaşdırılırdı, toy, kiçik toy, nişan kimi mərasimlər qadağan idi.
Əslində insanlarda bu müddət ərzində, heç o barədə fikirləşməyə vaxt da olmurdu. 18 saat işləyəndən sonra, yeganə arzu beş-altı saat yatıb dincəlmək idi. Digər intim məsələlərə nə vaxt, nə də taqət (!) qalırdı.
Əvəzində hər il respublikamız keçici bayraq və digər həvəsləndirici mükafatlara layiq görülürdü.
Yığılan pambığın hər kiloqramına görə dövlət 10 qəpik, üzümün hər tonuna görə isə təxminən 12-14 manata yaxın pul ödəyirdi… Normal ailənin gəliri 2-4 min manat aralığında dəyişirdi. Rusiyada ilə nisbətdə bu çox aşağı məbləğ idi. Məhz bu səbəbdən, 1970-ci ildən başlayaraq, əhalinin gənc təbəqəsinin kütləvi şəkildə Rusiyaya köçü başladı. Bu ciddi rəqəmlərlə müşayiət olunan və demoqrafik dəyişiklik yaratmaq gücündə bir miqrasiya hadisəsi idi. Bunu da rus xalqına bir növ lütf kimi dəyərləndirmək lazımdır. Minlərlə rus qızı, azərbaycanlı gəncləri ilə sağlam ailə həyatı qurdu…
SSRI-nin varisi kimi Rusiya öz paytaxtında Heydər Əliyevə heykəl üçün yer ayırmaması tarixi ədalətsizlikdir. Bivəfa Moskva!.. Sən nəinki Heydər Əliyevə, hətta boynuna döşlük taxıb, pambıq yığan Azərbaycan məktəblisinə də, Moskvanın mərkəzində heykəl qoymalısan. Bu, haqqın təntənəsi olardı. Ədalətini göstər, Moskva!!!