Panama prokurorluğu sənəddə açıqlanan faktlarla bağlı cinayət işi başlatdı
«Transparency International» dünya ölkələrini offşor şirkətlərə qadağa qoyan qanunun qəbuluna çağırdı
“Panama sənədləri” açıqlanan kimi dünya mediasının bir nömrəli müzakirə mövzusuna çevrilib. Mətbuat təhqiqatda adı keçən siyasilərdən məsələyə kimin necə reaksiya verdiyini də araşdırıb. Məsələn, sənəddə adı çəkilən liderlərdən Ukrayna prezidenti Pyotr Poroşenko bütün məsuliyyəti öz hüquqşünasları və maliyyə məslhətçilərinin üzərinə qoyur.
Islandiya baş naziri David Qyunleyqsson ona məxsus offşor şirkətlə bağlı sualdan yayınır. Rusiya isə bütün bütün bunları dünyanın Moskva əleyhinə yeni oyunu kimi qiymətləndirir.
Poroşenko nə deyir?
Ukrayna prezidenti bildirir ki, onun hüquqşünasları offşor qalmaqalı ilə bağlı mətbuata izahat verəcək. Poroşenkonun sözlərinə görə, o, gəlir deklarasiyasına, vergilərin ödənməsinə Ukrayna qanunvericiliyi və beynəlxalq hüquqa uyğun olaraq ciddi riayət edən şəxslərdəndir: “Prezident olandan sonra mən səhmlərin idarəsindən uzaqlaşdım. Bu işi müvafiq konsaltinq və hüquq şirkətlərinə həvalə etdim. Gözləyirəm ki, onlar Ukrayna və beynəlxalq mediaya lazımi izahatı versinlər”.
Sahibi olduğu “Roşen” şirkətinin satışı üçün Poroşenkonun tutduğu “Avellum” hüquq şirkəti iddia edir ki, bu prosedur üçün offşor şirkətin qurulması zəruri idi: “Xarici yuridiksiyada bu şirkətin qurulması səhmlərin ötürülməsi üçün yeganə imkan idi”.
Hüquq şirkəti bildirir ki, bu prosedur üçün heç bir bank hesabı açılmayıb və hər hansı maliyyə əməliyyatı aparılmayıb. Ona görə də vergidən yayınma ilə bağlı bütün iddialar əsassızdır.
Hüquqşünaslar deyir ki, Poroşenko bu şirkətləri deklarasiyada göstərməli deyildi. Çünki ortada hər hansı ödənişlər yoxdur və səhmlərin nominal dəyəri olmayıb.
ABŞ tələsəməməyi tövsiyə edir
ABŞ hesab edir ki, “Panama sənədləri”ndə Poroşenko ilə bağlı yer alan məlumatlara dair nəticə çıxarmaq hələ tezdir.
Ağ Evin sözçüsü Coş Ernest hələ ki ittihamları şərh edə bilməyəcəyini deyib: “Hesab edirəm ki, tələsik nəticələr çıxarmaq lazım deyil”.
Ernest onu da vurğulayıb ki, məhz Poroşenko Ukraynada korrupsiyaya qarşı mübarizədə xeyli islahatlar həyata keçirib.
Islandiyada isə baş nazir Qyunnleyqssonun istefası tələbilə nəhəng mitinq keçirilib. Müxalifətin təşkil etdiyi aksiya parlament binasının önündə baş tutub.
Minlərlə paytaxt sakini etiraza qoşularaq offşor zonalarda şirkət quran Qyunnleyqssonun baş nazir postunu tutmağa haqqının olmadığını bildirib.
“Panama sənədləri”nə görə, offşor zonada fəaliyyət göstərən “Wintris” şirkəti baş nazirin xanımı Anna Siqurlaun Paulsdottirninin adınadır.
Baş nazir özü həmin şirkətin Irlandiya vergi xidməti tərəfindən yoxlanıldığını deyərək bu məsələyə görə vəzifədən getmək fikrində olmadığını bəyan edib. Jurnalistlərin onu vergidən yayınmaqda ittiham etməsini isə cəfəngiyyat adlandırıb.
Islandiya müxalifəti sənədlərin açıqlandığı gündən Qyunnleyqssonun istefasını və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Elə ilk gün 23 min nəfər baş nazirin istefası ilə bağlı petisiyanı imzalayıb.
Dünən günün sonunda məlum olub ki, baş nazir offşor qalmaqalına görə istefa verib. O həmçinin ölkə prezidentinə parlamentin buraxılması ilə bağlı müraciət ünvanlayıb.
Britaniya müstəqil təhqiqat başladır
Britaniya xarici işlər naziri Filip Hemmond “Panama sənədləri”ndə yer alan bilgilərin maraqlı olduğunu deyib.
“Reuters”in xəbərinə görə, Britaniya artıq müstəqil təhqiqat başlatmaq barədə qərar verib. Və “Panama sənədləri”nin surətini almaq üçün müraciət edib.
Qeyd edək ki, sənədlərdə Britaniya baş naziri Devid Kameronun mərhum atası I.Kameronun adı və Britaniya parlamentinin yuxarı palatasında təmsil olunan Mühafizəkarlar Partiyasının bir neçə üzvünün adı çəkilir.
Rusiya hər şeyi inkar edir
“Panama sənədləri”nin əsas fiqurlarından olan Rusiya hər şeyi inkar edir. Putinin mətbuat katibi Dmitri Peskov sənədlərdə Rusiya prezidentinə aid heç nə olmadığını deyir, bununla belə məlumatların Kreml rəhbərinə qarşı yönəldiyini düşünür: “Düzdür, faktiki olaraq Putinin adı keçmir. Söhbət başqa liderlərdən gedir. Lakin bizə aydındır ki, bu cür təşəbbüslərin əsas hədəfi bizim prezidentimizdir. Nəzərə almaq lazımdır ki, qarşıda parlament seçkiləri gəlir. Iki il sonra isə prezident seçkiləri keçiriləcək”.
Peskov onu da bildirib ki, “Panama sənədləri”ndə iddia olunduğu kimi, həyat yoldaşı Tatyana Navkanın heç vaxt offşor şirkəti olmayıb.
Panama prokurorluğu hərəkət keçdi
Yeri gəlmişkən, Panama Baş Prokurorluğunda məlum təhqiqatla bağlı cinayət işi başladılıb. Prokurorluq bəyan edib ki, “Panama sənədləri”ndə yer alan faktlar təhqiqatın obyekti olacaq: “Bu yolla qanunsuz fəaliyyətlər, cinayətkarlar, onların əlbir olduğu şəxslər ifşa olunacaq və bu cinayətlərlə vurulan zərər müəyyənləşdiriləcək. Bu da öz növbəsində çirkli pulların transmilli səviyyəd yuyulmasına qarşı mübarizəni gücləndirmiş olacaq”.
Panama prokurorluğu onu da əlavə edib ki, araşdırmaya dəstək verəcək məlumatlara sahib olmaq üçün beynəlxalq əməkdaşlığa hazırdır.
“Transparency International” çağırış etdi
Bu arada, “Transparency International” beynəlxalq antikorrupsiya təşkilatı “Panama sənədləri”nin açıqlanmasından sonra beynəlxalq ictimaiyyəti offşor şirkətlərin fəaliyyətinin qanunsuz hesab edilməsinə dair qanun qəbul etməyə çağırıb.
Təşkilat hesab edir ki, məlum araşdırma qlobal maliyyə sisteminin qaranlıq tərəflərini üzə çıxarır. Və məlum olur ki, banklar, hüquqşünaslar və peşəkar maliyyəçilər korrupsionerlərə gizli şirkətlərdə çirkli pullarını gizlətməyə şərait yaradırlar.
“Transparency International”a görə, liderlər bir araya gələrək irimiqyaslı korrupsiyanı dəstəkləyən bu şirkətlərin qadağasına nail olmalıdılar.
Qurum “Böyük doqquzluğa” daxil olan ölkələri mülkiyyətin reyestri ilə bağlı açıqlığa təminat verməyə və bunu etməyən dövlətlərə sanksiya tətbiq etməyə də çağırıb.
“Transparency International”ın fikrincə, bu addım vəsaitlərin offşor firmalarda gizlədilməsinə imkan verməyəcək.
Xatırladaq ki, offşorlarla bağlı son təhqiqatı 78-dən artıq ölkənin 400 jurnalisti hazırlayıb. ICIJ-in bu səs-küylü təhqiqatı “Panama sənədləri” (Panama Papers) adı altında dərc olunub.
Gültəkin
Ofşor zonada korrupsiya ittihamlarına dair sənədlərdə dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı var. Onların arasında İslandiya və Pakistanın Baş nazirləri, Ukrayna prezidenti, Azərbaycan prezidentinin ailəsi və Səudiyyə Kralı da var.