Azərbaycan prezidenti İlham Əliyev Bakı vaxtı ilə bu gün gecə saatlarında vitse-prezident Cozef Baydenlə görüşüb. Co Bayden prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib.
Ağ Evdən yayılan açıqlamada deyilir ki, Cozef Bayden Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılmasını alqışlayıb, bu sahədə irəliləyişi davam etdirməyə çağırıb. Vitse-prezident bununla bağlı qeyd edib ki, vətəndaş cəmiyyəti və qanunun aliliyi Azərbaycanın inkişafı, çiçəklənməsi üçün mühümdür.