BBC Türkce yazır ki, prezident Recep Tayyip Erdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün getdiyi Washingtonda dövlət katibi John Kerry ilə danışıqların ardınca, analitik mərkəzlərin təmsilçiləri ilə də bir araya gəlib.
Erdoğan politoloqlarla görüşündə deyib ki, Türkiyəyə yaxın regionda böyük dağıntılar və insan draması yaşanır.
Prezident deyib ki, Türkiyə nəzarətsiz siyasi vahidlərin mövcud olduğu bir coğrafiyada hadisələri regional və qlobal sülhə xidmət edəcək bir istiqamətə yönləndirməyə çalışır.
“Bu səylərimizdə zaman-zaman yalqız qaldığımızı hiss etsək də, ABŞ-ın bizi anladığını və yanımızda olduğunu düşünmək istəyirik” – deyib Erdoğan.
Erdoğan ayrıca olaraq ABŞ və Türkiyə əlaqələrinin “qırılması qeyri-mümkün” bir səviyyədə olduğunu söyləyib.
Türkiyə prezidenti deyib ki, Ankara ABŞ-la münasibətlərini qarşılıqlı mənfəətlər əsasında davam etdirmək üçün səylər göstərir.
“Bizə ehtiyacınız var” mesajı
ABŞ-da çıxan Foreign Policy jurnalının internet saytında isə sözü gedən görüşdə iştirak etmiş bir təhlilçinin mülahizələrinə yer verilib.
Adının çəkilməsini istəməyən mənbə jurnala müsahibəsində deyib ki, Erdoğan bu görüş zamanı etdiyi çıxışında “hərlənib-fırlanıb” elə hey eyni məqamı vurğulayırmış: “Terrorçu terrorçudur, onun pisi, yaxşısı olmur”.
BBC Türkce yazır ki, ABŞ və Türkiyə arasında Suriyadakı PYD kürd qruplaşması və onun hərbi qolu olan YPG-yə münasibət məsələsində fikir ixtilafı davam edir. Türkiyə PYD və YPG-ni “bir terror qrupu” və PKK-nın əlavəsi kimi görürsə də, ABŞ PYD-yə Suriyada İŞİD-ə qarşı mübarizədə önəmli bir müttəfiq kimi baxır.
Sözü gedən mənbə Foreign Policy dərgisinə bildirib ki, Erdoğan görüşdəki çıxışı zamanı Barack Obamanı və Ağ Evin Yaxın Şərq siyasətini kəskin tənqid edib.
Görüş iştirakçısının sözlərinə görə, Erdoğan Amerikaya “bizə ehtiyacınız var” və “ABŞ Suriyadakı mübarizədə Türkiyəsiz qalib gələ bilməyəcək” mesajlarını verib.
Türkiyə prezidenti habelə ABŞ mediasında Türkiyə əleyhinə işləyən jurnalistlərin olduğuna üstüörtülü işarə edib.
Çərşənbə axşamı keçirilən bu görüşdə iştirak edənlərdən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin nümayəndəsi Julie Smith Erdoğanın vitse-prezident Biden-lə də görüşünün nəzərdə tutulduğunu xatırladıb və deyib ki, iki ölkə arasındakı münasibətlərin yenidən məcrasına qayıtması üçün bir neçə gün kifayət etməyəcək.
Julie Smith deyib ki, Washington Erdoğanın mətbuat azadlığı başda olmaqla atdığı addımlardan son dərəcə dərin narahatlıq keçirir.
Maraqlıdır ki, xanım Smith-in özü Erdoğanla qapalı görüşün təfərrüatları ilə bağlı məlumat verməyib.
Erdoğan-Kerry görüşü
Erdoğan və Kerry arasında Türkiyənin Washington-dakı səfirliyində keçirilmiş görüş mətbuat üçün qapalı olub.
Görüşün 45 dəqiqə davam etdiyi bildirilib.
Doğan xəbər agentliyinin məlumatına görə bu görüşdə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, onun müavini Feridun Sinirlioğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Milli İstixbarat Təşkilatı (MİT) rəisinin müavini Hakan Fidan, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç və prezident administrasiyası rəhbərinin müavini İbrahim Kalın da iştirak ediblər.
Görüşə həmçinin ABŞ tərəfindən prezident Barack Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi elçisi Brett McGurk ve dövlət katibin müavini Victoria Nuland qatılıblar.
(bbc azəri)