Türkiyənin «Yeni Şəfəq» qəzetində Azərbaycan hakimiyyəti haqqında gedən məlum yazı iqtidarı təşvişə salıb. Qəzetin Türkiyənin baş naziri Ərdoğana yaxınlığı bu təşvişi bir qədər də artırıb. Bunu Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Sultanoğlunun Türkiyənin “Yeni Çağ” qəzetində dərc olunan məqaləsi də sübut edir. «Şərq» qəzetinin yazdığına görə, konsul öncə mövqeyinin «Yeni Şəfəq»də çap olunmasına çalışsa da buna nail olmayıb. Əvəzində mövqeyini «Yeni Çağ» qəzetində ifadə edən konsul «maraqlı» ittihamlara yol verərərək, Azərbaycan hakimiyyətinin Türkiyə ilə əməkdaşlığa can atdığını «əsaslandırmağa» çalışıb.
Baş konsul məqaləsində Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasında kənar qüvvələrin maraqlı olduğunu və bu tip məqalələrin də kənardan ötürüldüyünü qeyd edib. Beləliklə, H.Sultanoğlu baş nazir Ərdoğana yaxın olan, əksər hallarda Ankaranın mövqeyini ifadə edən bir mətbu orqanı kənar qüvvələrə işləməkdə suçlayıb. Konsulun növbəti ittihamı da diqqətdən kənarda qala bilməz. H.Sultanoğlu konkret ad çəkməsə də, «Azadlıq» qəzetinə işarə vuraraq ünvanımıza bir sıra ittihamlar ünvanlayıb. «Azərbaycanda bunları yazan tək bir qəzet var. Onun sözünə baxıb iki qardaş ölkənin arasına nifaq salırlar, fəqət mənim dövlətim adına, dövlətimi təmsilən söylədiklərimi heçə sayırlar», deyə konsul vurğulayıb.
«Yeni Şəfəq» qəzetində dərc olunanlarla razılaşmayan konsul Azərbaycan hakimiyyətinin Fransaya qarşı bir sıra mühüm addımlar atdığını qeyd edib.
Hikmət