Brüssel aeroportunda 50 terrorçunun işlədiyinə dair şübhələr var
22 mart terrorunun baş verdiyi Brüsselin “Zaventem” aeroportunda IŞID-in 50 əlaltısının işlədiyi ehtimal olunur. Bu sensasion bəyanatla Belçikanın “De Standaard” qəzeti Brüssel polisindən aldığı bilgiyə istinadən məlumat yayıb.
Polisdən verilən məlumatda bildirilir ki, IŞID-də təzlükəsizlik xidmətinin buraxılış vərəqəsi var və adamdarı istənilən vaxt təyyarənin göyərtəsinə sərbəst şəkildə girə bilir: “Ehtimal olunur ki, IŞID-in adamları əsasən hava limanındakı mağazalarda, təmizlik xidmətində, həmçinin yüklərin təhvil verildiyi bölmədə işləyir. Bununla yanaşı, yükdaşıma bölməsində və mağaza işçiləri arasında kriminal keçmişi olanlar var. Polis ehtimal edir ki, IŞID-çilər onları çox rahatlıqla ələ ala bilərdi”.
Bu arada, Belçikada baş verən terror aktlarından sonra xarici turistlərin çoxu otel nömrələrinin rezervasiyasını ləğv edərək bu ölkəyə səfərdən imtina edib. Brüsseldə müştəri çatışmazlığı səbəbindən otellər qiymətləri yetmiş faiz aşağı salıb. Brüsselin mehmanxana biznesi assosiasiyasının məlumatına əsasən hazırda paytaxt otellərinin cəmi 20 faizi doludur.
Xatırladaq ki, martın 22-də Brüsselin beynəlxalq hava limanında və metroda törədilən partlayışlar nəticəsində 30-dan artıq insan həyatını itirib, 300-dən artıq insan yaralanıb.
Brüsseldə baş verən son teraktdan sonra belə, Avropadan IŞID-ə qoşulanların sayında azalma müşahid olunmur. Son olaraq Suriyaya getmək istəyən dörd Isveç vətəndaşı Türkiyədə saxlanılıb. Onlar IŞID terror təşkilatına qoşulmaq cəhdində şübhəli bilinirlər.
Isveç KIV-lərində Krallığın Xarici Işlər Nazirliyinə istinadla yayılmış məlumata görə, bu şəxslər hələ mart ayının əvvəlində saxlanılıb. Saxlanılanların adları və onlar barəsində ətraflı məlumat verilmir. Lakin məlum olan budur ki, saxlanılanlardan üçü Isveç vətəndaşıdır, dördüncünün isə Isveçdə yaşamaq hüququ verən sənədi var.
Isveç mediası bildirir ki, saxlanılan şəxslər IŞID-ə qoşulmaq üçün Suriyaya gedirdilər. Isveç XIN nümayəndəsi Katarina Birenius Roslund curnalistlərə müsahibəsində bildirib ki, saxlanılmış şəxslər Isveçin qərb və mərkəz regionlarında yaşayırdı.
Isveç təhlükəsizlik polisinin (SAPO) məlumatına görə, son illərdə 300-ə yaxın Isveç vətəndaşı Suriyaya və Iraqa gedərək orada terrorçu qruplara qoşulub. Onlardan 135-i Isveçə qayıdıb, 44 nəfəri isə həlak olmuş hesab edilir.
Isveç parlamenti ölkə vətəndaşlarının terror təşkilatlarına qoşulması hallarının artmasına qarşı mübarizənin sərtləşdirilməsi barədə qanun layihəsi qəbul edib. Aprelin 1-dən Isveçdə qüvvəyə minəcək yeni qanuna görə, terror cinayətlərinin törədilməsində, hazırlanmasında və ya terror aktları törətməyi öyrənməkdə şübhəli bilinən şəxslərin səfərləri qadağan olunacaq.
Bütün bunlara baxmayaraq, Pentaqon IŞID-in məğlubiyyətə yaxın olduğunu bəyan edib. Bunu qurum rəhbərinin müavini Robert Uork “Washington Post”a bildirib: “Heç vaxt olmadığımız qədər əminik ki, IŞID məğlubiyyətə doğru irəliləyir”.
Lakin Uork bildirib ki, bu terror qruplaşmasını məğlub etmək üçün təkcə hərbi gücÿkifayət etmir: “Siyasi müstəvidə də tədbirlər görülməlidir”.
Qeyd edək ki, Brüssel teraktından sonra ABŞ prezidenti Barak Obama IŞID-ə qarşı mübarizəni gücləndirmək barədə təlimat verib.