Nemət Əliyev: «Hesab edirəm ki, yaxın vaxtlarda manatın kəskin şəkildə dəyərdən düşməsinin şahidi olacağıq»
Azərbaycanda dolların məzənnəsi son günlər ucuzlaşmaqda davam edir. Başqa sözlə, milli valyuta olan manat dollara nisbətdə möhkəmlənir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, ərzaq bazarında səngimə, mal-məhsulda dayanma və digər amillər dollara tələbi azaldır.
Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, bu məsələnin heç bir iqtisadi bazası, psixoloji-sosial əsası yoxdur. Son günlər manatın nisbətən dəyərini artırması Mərkəzi Bankın subyektiv mülahizələri əsasında həyata keçirilir. Ekspert istisna etmir ki, hətta ictimai fikri azdırmaq, yanlış istiqamətə yönəltmək kimi məqsədlər də var: “Istisna olunmur ki, yaxın günlərdə milli valyutanın daha sürətli devalvasiya prosesi həyata keçirilsin. Çünki ölkədə milli valyutanın dəyərdən düşməsinə əsas verən şərtlər var. Bu amillərin və şərtlərin siyahısı da genişlənir”.
Ekspert deyir ki, ölkəyə xarici valyuta gətirmək niyyəti, qeyri-neft sahələrində mal-məhsul istehsalına ehtiyac cüzi şəkildədir. Onun fikrincə, indiki halda, Mərkəzi Bank yüngülvari bir manipulyasiya etməklə, insanları çaşdırmağa yönəlik addımlar atır.
Nemət Əliyev qeyd edir ki, bu ilin ilk ayında dövlət büdcəsində xərclər üzrə hökumət öhdəlikləri yerinə yetirə bilməyib: “Hətta investisiya fəaliyyəti 86 faiz azalmaqla, kapital yatırımı zəifləyib. Tikinti, aqrar, rabitə, informasiya texnologiyaları sahəsində vəziyyət gərginləşib. Bütövlükdə qeyri-neft sektorunda yatırımlar 41 faiz azalıb. Xarici şirkətlərin ölkəyə yatırımı kəskin azalıb. Belə bir vəziyyətdə heç vəchlə demək olmaz ki, milli valyuta möhkəmlənsin”.
Ekspert Mərkəzi Bankın ötən il iki dəfə həyata keçirdiyi devalvasiya prosesini yada salaraq, əhalinin başının altına yastıq qoyulduğunu düşünür: “Indi də həmin vəziyyətdir. Hesab edirəm ki, biz yaxın vaxtlarda manatın kəskin şəkildə dəyərdən düşməsinin şahidi olacağıq. Çünki manatın möhkəmlənməsinə heç bir əsas yoxdur. Ona görə də Mərkəzi Bank öz üzərinə düşən məsuliyyəti dərk etməli, ölkənin sosial, iqtisadi həyatındakı yaranan kataklizmlərin fərqində olmalıdır”.
Nigar