Sülhəddin Əkbər: «Azərbaycanın ABŞ-la, Avropa Birliyi ilə münasibətləri normallaşdırmağa çalışdığı bir zamanda Rusiya Bakıya xəbərdarlıq edir»
Region üçün kifayət qədər gərgin bir durumda Rusiyadan maraqlı mesajlar gəlib. “Rusiya üçün başlıca strateji təhdid ABŞ-ın onu zəiflətməyə və amerikayönümlü rejimlərlə əhatəyə almaq siyasətidir”. Bu qənaət Rusiyada “Valday” diskussiya klubunun və XIN-ə bağlı “Xarici siyasət” agentliyinin hazırladığı “Beynəlxalq təhdidlər-2016″ adlı hesabatında əksini tapıb. Hesabat martın 29-da geniş publikaya təqdim olunub, sənədin xülasəsi haqda ”Izvestiya” yazıb. (virtualaz.org)
“Valday” diskussiya klubu əsasən Kremlə yaxın ekspertlərdən formalaşdırılıb. Ənənəvi olaraq prezident Vladimir Putin hər il “Valday” klubunun yay diskussiyalarına qatılır, ekspertlərin müxtəlif mövzularla bağlı suallarına cavab verir. Hesabatı klubun bir qrup aparıcı eksperti hazırlayıb, onların arasında keçmiş kəşfiyyatçı (qeyri-leqal) Andrey Bezrukov da var.
ABŞ-ın regiondakı planları
Ekspertlərin qənaətinə görə, ABŞ nəzərə alır ki, zəif, qitənin dərinliklərinə sıxışdırılmış Rusiya ciddi iqtisadi rəqib olmayacaq və Avrasiyada alternativ güc mərkəzinə çevrilməyəcək. Habelə zəif Rusiya Çin ekspansiyası ilə mübarizə aparacaq və bu məsələdə Amerikanın əsas partnyoruna çevrilməyə məcbur olacaq.
Lakin ekspertlərə görə Rusiya Suriyadakı əməliyyatlarda əldə etdiyi nəticələr sayəsində Qərblə münasibətlərdə yeni modus operandi tapmağa başladı. Bu əməliyyatların nəticəsi olaraq Moskva Dəməşqdə ona dost rejimi qoruyub saxladı Aralıq dənizindəki hərbi-dəniz bazasını möhkəmləndirdi, Yaxın Şərqdə aparıcı güc kimi möhkəmləndi.
“Türkiyə potensial təhlükə kimi”
Bununla belə ekspertlər Rusiyanın Suriya böhranına müdaxiləsinin dolayısı təhdidlər meydana gətirdiyini, o cümlədən Türkiyə ilə birbaşa hərbi münaqişə riski yaratdığını düşünürlər. Onların fikrincə Türkiyə ilə münaqişə XXI əsrdə döyüş cəbhəsinin olmadığı və irimiqyaslı itkilərin qeydə alınmadığı, ancaq kosmik peyklərin vurulduğu, rabitə sistemlərinin, logistik şəbəkələrin və internet-infrastrukturun sıradan çıxarıldığı ilk müharibə ola bilər.
Hesabatın müəlliflərindən Andrey Suşentsov Türkiyə ilə potensial müharibə riski barədə danışarkən deyib ki, Rusiyanın 2020-ci ilə qədər Müdafiə planına dəyişiklik edilir. Türkiyə ilə münaqişə ssenariləri əsasında hərbi təlimlər keçirilir. Türklər də təlimlər keçirir, ehtiyatdan hərbçiləri toplayır.
Qarabağda “gürcü ssenarisi”
“Valday” ekpertlərinə görə 2016-cı ildə Rusiya KIV-lərin nadir hallarda diqqət mərkəzində olduğuna görə sıravi vətəndaşlar üçün o qədər də aydın olmayan təhdidlərlə də qarşılaşa bilər. Bunların arasında ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin mümkün eskalasiyasıdır. Ekspertlər qeyd edirlər ki, Suriya və Ukrayna böhranlarına görə Qarabağ məsələsi ikinci plana keçib, ancaq münaqişənin hər an alovlanmaq təhlükəsi azalmayıb.
Hesabatda qeyd edilir ki, son vaxtlar Qarabağ münaqişəsi zonasında o cümlədən artilleriyadan istifadə olunmaqla atışmalar artıb, tərəflər əsl silahlanma yarışına giriblər. “Hadisələrin belə inkişafı Moskvanın və Bakının maraqları ilə kəskin ziddiyət təşkil edə, o cümlədən Moskvanın Irəvanın tərəfindən münaqişəyə qatılması və 2008-ci il ”gürcü ssenarisi”nin təkrarlanmasına gətirib çıxara bilər. Bu isə Türkiyə ilə münasibətlərin daha da pisləşməsi deməkdir. Çünki Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyirlər” – Rusiya ekspertləri vurğulayır.
Hesabatda bir neçə məqam diqqət çəkir. Onlardan biri Qarabağla bağlıdır. Rus ekspertlərin Qarabağda gürcü ssenarisinin təkrar olunacağına işarə vurması, bu baş verəcəyi təqdirdə Rusiyanın Ermənistanın tərəfindən çıxış edəcəyinin açıq bəyan olunması maraq doğurur.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, Ukrayna böhranından sonra Rusiya Azərbaycan hakimiyyətinə həm açıq, həm də qapalı kanallarla öz mesajlarını ünvanlayır. ABŞ-ın Rusiya ilə postsovet məkanında, o cümlədən bizim regionumuzda qarşıdurmasının həlledici mərhələyə qədəm qoyduğunu deyən S.Əkbər bildirdi ki, həlledici mərhələdə də konfliktlərin çözülməsi önəmli rol oynayır. Çünki konfliktlər Rusiyanın regionlarda əsas təsir vasitəsidir: “Geosiyasi qarşıdurma zəiflədikcə Rusiya tükənən resursları hesabına postsovet məkanında mövqelərini qoruyub saxlamağa çalışır. Postsovet məkanındakı qarşıdurmanın sınma xətti GUAM-dır. GUAM-da artıq üç ölkə strateci seçimini edib. Yeganə seçim etməyən Azərbaycandır. Bu baxımdan Rusiyanın Azərbaycana diqqət artıracağı gözləniləndir. Bu baxımdan Azərbaycanın ABŞ-la, Avropa Birliyi ilə münasibətləri normallaşdırmağa çalışdığı bir zamanda Rusiya rəsmi Bakıya açıq xəbərdarlıq edir. Rusiya Azərbaycanın yenidən Ukrayna böhranından əvvəlki mövqeyinə qayıtmasını istəyir”.
S.Əkbər onu da vurğuladı ki, hazırkı dönəmdə Azərbaycanın Qərbin həm maliyyə, həm də siyasi dəstəyinə ehtiyacı var.
Xəyal