Yaxud şər-böhtanla mükafatlandırılan Qarabağ qaziləri
İlham Hüseyn
Bu ölkədə havanın yaxşı keçməsini, torpağın bol məhsul verməsini, inəyin 3 bala dünyaya gətirməsini, alçanın qışda çiçəkləməsini də hökumətin humanizmi kimi təqdim edirlər. Hətta futbolçumuz rəqib qapıya qol vuranda, müğənnimiz mahnı yarışında qalib gələndə də “ölkədə aparılan uğurlu siyasətin nəticəsidir” təbliğatı peyda olur.
Yeri gəlmişkən, milli valyutanın 2 dəfə devalvasiyasından, qiymətlərin 30-40 faiz bahalaşmasından sonra maaşlara 10 manatlıq artım edildi və bunu da hökumətin humanizmi kimi təqdim etdilər. Ancaq 100 faiz zərbə almış vətəndaşa 10 fazilik maaş artımı etmək absurdun zirvəsi sayılmalıdır.
Bütün bunları ona görə xatırlatdıq ki, hökumətimizin “humanizm” anlayışının hansı zirvələri fəth etdiyini aydın görək. Bildiyiniz kimi Azərbaycanı həm də “siyasi məhbuslar ölkəsi” kimi tanıyırlar. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, müxalif fəallar müxtəlif ittihamlarla həbs olunub. Amma bu adamlar müəyyən müddətdən sonra azadlığa buraxılanda “hökumətin humanizmi” şüarı yenə də işə düşür. Insanların azadlığını müəyyən müddətə oğurladıqları azmış kimi, 2-3 ildən sonra azadlığa çıxmalarını da “humanizm” kimi təqdim edirlər. Ancaq hökumət bu adamlardan üzr istəməli, təzminat ödəməli, bəraət verməlidir. Ümumiyyətlə, hökumətimizin “humanizm” haqqında düşüncələri o qədər inkişaf edib ki, Rüstəm Ibrahimbəyovun doğma qardaşının yas mərasimində iştirak etməsi də hökumətin humanizmi kimi qiymətləndirilir. Bəli, millət vəkili Aydın Mirzəzadə deyib ki, Rüstəm Ibrahimbəyovun ölkədə sərbəst hərəkəti humanistliyin göstəricisidir. Sanki Rüstəm Ibrahimbəyov ağır cinayətlər törədib və hökumət də onu həbsxanadan qardaşının yasına buraxıb.
Indi isə sizi hökumətin ən böyük “humanizm”i ilə tanış edək. Bildiyiniz kimi, bu gün şərlənərək həbsə atılan cəbhəçilərdən ikisi Qarabağ qazisidir. Bəli, uzun müddətdir Asif Yusifli və Qadir Xudabaxşiyev saxta ittihamlarla həbs olunub.
Qeyd edək ki, Qadir Xudabaxşiyev həm şəkər xəstəliyindən, həm də böyrək problemlərindən əziyyət çəkir. Mingəçevirdə qaçqın qəsəbəsində yaşayır. Qanunsuz silah saxlamaqda ittiham edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Asif Yusiflinin də himayəsində 2 xəstə övladı var. Həbs olunmamışdan bir neçə gün əvvəl ağır ayaq əməliyyatı keçirmişdi. Hətta Asif Yusifli onun üzünə duran adamın tələb etdiyi məbləği də ödəmişdi. Yəni hazırda nə zərərçəkən var, nə də şikayətçi. Amma bütün bunlara baxmayaraq “ədalət məhkəməsi” onu uzun müddətə azadlıqdan məhrum etdi.
Yuxarıda da qeyd etdiyimiz kimi bu adamlar Azərbaycan torpaqları uğrunda döyüşüblər, xəsarət alıblar, əlillik dərəcələri var. Amma “Qarabağ boyda dərdimiz var” şüarı arxasında gizlənən hökumət bu adamlarla açıq düşmənçilik edir. Təbii ki, bu, ilk növbədə AXCP-yə olan münasibətdir. Sonuncu əfv sərəncamı da göstərdi ki, hökumət AXCP-yə qarşı nə qədər amansızdır və cəbhəçilərə güzəştə getmək istəmir.
Bəli, hökumətimiz o qədər humanistdir ki, günahsızlığı sübut olunmuş cəbhəçiləri zindanda girov saxlayır. O qədər humanist hökumətimiz var ki, Qarabağ qazilərini əsir götürüb. Bəli, Dilqəm, Şahbaz doğma yurdlarını ziyarət etdiklərinə görə Ermənistan həbsxanasında girovdu. Asif Yusifli, Qadir Xudabaxşiyev isə bu vətəni sevdikləri üçün, haqq uğrunda savaşdıqlarına görə Azərbaycanda həbs həyatı yaşayırlar. Bəli, Qarabağın işğalı Bakıda da davam edir. Hökumətin Qarabağ qazisinə münasibəti budur.
Qarabağ qazilərini ağır şəraitdə yaşatdıqları azmış kimi, üstəlik, ölkənin qəhrəman oğullarını cinayətkar kimi damğalayıblar.
Bir sözlə, hökumətin qısır humanizmindən yararlanlardan ikisi də vətən fədailəridir. Onlar həm düşmən cəbhəsində döyüşüblər, həm də Xalq Cəbhəsinin sıralarında mübarizə aparırlar. Bu ölkədə isə belə adamların qiyməti verilmir. Bu ölkədə oğrular, korrupsionerlər, saxtakarlar, fərarilər qəhrəman kimi təqdim edilir.
Əminik ki, ədalət bərqərar olacaq və kimin cinayətkar olduğu aydın görünəcək. Asiflər, Qadirlər zindanda olsalar da, ölkənin azadlıq, qəhərmanlıq simvoluna çevrilmiş adamlardı.