ABŞ və Avropa Birliyi Ali Radanın qərarını alqışladı
Ukrayna baş prokuroru Viktor Şokin martın 29-da istefaya göndərilib. Martın 28-də Kiyevdə Şokinin istefası tələbilə keçirilən mitinqdən sonra Ukrayna Ali Radası məsələni ən qısa zamanda səsverməyə çıxaracağını bəyan etmişdi.
Prezident Petro Poroşenko baş prokurorun istefasına bu il fevralın 19-da qərar vermişdi. Bununla bağlı Radaya müraciət ünvanlayan Poroşenko eyni zamanda hökumətin də istefa verməsini istəmişdi. Lakin Ali Rada Şokindən fərqli olaraq baş nazir Arseni Yatsenyukun məsələsini ertələməyə qərar verdi.
Radanın iclasında Şokinin ölkənin baş prokuroru vəzifəsindən azad edilməsi təsdiqlənib. Onun istefası üçün azı 226 deputatın səs verməsi lazım olduğu halda 289 deputat səs verib.
Viktor Şokin bu vəzifəyə ötən ilin fevralında təyin edilmişdi. Ukrayna Konstitusiyasına görə, prezidenti təyin etmək və işdən azad etmək prezidentin səlahiyyətinə daxildir. Lakin ölkə rəhbəri bunu parlamentin razılığı ilə etməlidir.
Iclasdan sonra açıqlama verən Şokin Radanın qərarından razı qaldığını bildirib: “Radanın qərarını müsbət qarşılayıram. Prezident istefa qərarını təsdiqləyəndən sonra pensiyaya çıxmağı düşünürəm. 64 yaşım var və hesab etmirəm ki, bundan sonra prokurorluq orqanlarına qayıda bilərəm”.
Şokin onu da bildirib ki, prezident onun işdən azad edildiyi barədə sərəncam verəndən sonra, qaydaya uyğun olaraq baş prokuror səlahiyyətləri müavini Yuri Sevruka həvalə olunmalıdır.
ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet Vaşinqtonun Şokinin istefasını alqışladığını bildirib. Səfirin sözlərinə görə, indi əsas məsələ yeni baş prokurorla prokurorluq sistemində hansı islahatların aparılacağını müəyyən etməkdir: “Yeni prokuror müstəqil, peşəkar və “Avromaydan” prinsiplərinə sadiq olmalıdır. Bu keyfiyyətlərə sahib birini tapmaq lazımdır. Şokin belə ola bilmədi. Və bu vəzifədən getməyi çox yaxşı oldu”.
Istefa qərarına Avropa Birliyindən də müsbət reaksiya gəlib. Qurumun Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski ümid etdiyini bildirib ki, Şokinin gedişi prokurorluq orqanlarında müsbət dəyişikliklərə gətirib çıxaracaq: “Ümid edirik ki, yeni baş prokuror bu qurumu siyasi təsirdən və təzyiqdən azad edə biləcək. Həmçinin cəmiyyətdə etibar qazana biləcək. Prokurorluq orqanları ədaləti və qanunun aliliyini təmin etməlidir. Ukrayna xalqının da gözləntiləri budur”.
Qeyd edək ki, Radanın məlum qərarından əvvəl Şokin müavini David Sakvarelidzeni vəzifəsindən azad edib. Sakvarelidze korrupsiya ilə mübarizə və nəzarət idarəsində islahatlar aparılması işinə cavabdeh idi.
Şokinin imzaladığı əmrdə Sakvarelidzeinin işdən çıxarılmasının nəzarət idarəsi strukturunun Ukrayna qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə edildiyi qeyd olunub.
Şokin Sakvarelidzeni prokuror etikası qaydalarını kobud şəkildə pozduğunu iddia edir.
Gürcüstan əsilli David Sakvarelidze Ukraynadan vətəndaşlıq alaraq 2015-ci ilin fevral ayından baş prokurorun müavini vəzifəsində çalışıb. Sakvarelidzeinin iddiasına görə, Viktor Şokin ondan qisas almaq üçün bu addımı atıb.