Leyla Zahidova: “Polislər yoldaşımın pencəyinin cibinə narkotiki atanda gözümlə gördüm, qışqırdım…”
Rövşən Zahidov: “Mən qızımın soyuducusu üçün ayda 50 manat krediti güclə ödəyirəm, mənim heroin almağa pulum hardan?”
“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi və aparıcısı Qənimət Zahidə görə şərlənərək həbs olunan qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Dünənki məhkəmə iclasında Rövşən Zahidovun həyat yoldaşı Leyla Zahidova şahid qismində ifadə verərək, evlərinə narkotikin necə atıldığını danışıb.
Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan Leyla Zahidova bildirib ki, həyat yoldaşını ötən il iyulun 20-də həbs ediblər: “Yoldaşım ustadır, onu iş gördürmək adı ilə rayona çağırıb, orada tutublar. Qaynıma xəbər gəldi, dedilər ki, Qənimət Zahidova görə tutulub. Yoldaşım tutulandan sonra bir ağ “Hiva” hər gün qapımızda fırlanırdı. Birinci dəfə gələndə qonşunun uşaqlarından soruşub ki, “Rövşəngilin evi hansıdır?” Bir neçə dəfə gəlib fırlanandan sonra qonşu dedi ki, “bu, polis rəisinin müavinidir”. Dərhal qohumlarımıza, qayınlarıma, baldızıma xəbər verdim. Qorxurdum ki, gəlib evimizə, həyətimizə nəsə atarlar. Bir neçə gün hamısı bizdə qaldılar. Bir gün qohumun hüzrü düşmüşdü, hamısı rayona yas yerinə getdilər, mən evdə tək qaldım. Elə onlar gedəndən az sonra evə hücum elədilər, insan kimi də yox… 30-40 nəfər olardılar, qapını təpikləyirdilər. Evi dağıdıb-tökdülər…”
“Dedilər ki, Zahidovların hamısı həbs olunur”
Leyla Zahidova deyir ki, həyat yoldaşının pencəyinin cibinə polislərin narkotiki necə qoyduğunu öz gözlərilə görüb. Bunu onların özünə də deyib: “Yoldaşımı saxlayandan sonra yaxınlıqda yaşayan qızımdan xahiş elədim, gəlib mənə kömək elədi. Bir gün əvvəl pal-paltarı yudu, yoldaşımın işdə geyindiyi, köhnə pencəyini də yuyub asdı. Həmin gün səhər tezdən mal-qaranı sağmaq üçün tövləyə keçəndə zivədən o pencəyi çıxarıb geyindim. Evə qayıdandan sonra gətirib mismardan asdım. Evdə axtarış aparanda gözümlə gördüm ki, pencəyin cibinə nəsə qoydular. Qışqırdım, ağladım ki, mənim evimi dağıtmayın, Allahsız hərəkət eləməyin. Gətirib dərmanları tökdüm ortaya ki, baxın, mənim yoldaşım xəstə adamdır, iynə-dərmanla yaşayır, insafınız olsun. Veclərinə almadılar. Pencəyin cibinə qoyandan sonra mənə dedilər ki, gəl bu pencəyi götür, cibinə bax. Dedim ki, yox. Axı görmüşdüm ki, cibinə nəsə qoyublar. Məni məcbur elədilər, əlimi salanda nəsə bir bükülü vardı. Götürdüm, dedim ki, bunu siz qoymusuz, yarım saat əvvəl mən bu pencəyi əynimdən çıxarıb asmışdım, onun cibində heç nə yox idi. Dünən də bu pencək yuyulub. Allah qənim olsun onlara, bildiklərini elədilər…”
Leyla Zahidovanın sözlərinə görə, evə gələn polislər onu hədələyiblər: “Mənə bir neçə vərəqə qol çəkdirdilər, hədələdilər ki, çəkməsən, yoldaşına ziyan olacaq. Mən də heç bilmədim ki, nəyə qol çəkdirdilər. Heç latın qrafikası ilə oxuya bilmirəm. Sonra dedilər ki, Zahidovların hamısı həbs olunur. Ona görə qorxudan familiyamı İbrahimova dedim. İbrahimova mənim ailə qurmamışdan əvvəlki familiyamdı. İnanın, qorxudan atamın adı da yadımdan çıxdı, bir xeyli vaxt yadıma sala bilmədim ki, onlara deyim…”
İttihama görə Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov narkotiki atasının əmisi oğlu Rövşən Zahidova verib. O da pencəyinin cibində saxlayıb.
Leyla Zahidova isə deyir ki, həyat yoldaşı əmisi oğlanları ilə uzun illərdir ki, küsülüdür: “Mən 28 ildir bu ocağa gəlmişəm, onun əmisi uşaqlarını tanımamışam. Çünki araları olmayıb. Rüfət Zahidovun üzünü görməmişəm. Mən heç Qənimət Zahidovu da tanımıram”.
“Mənim qarşımda ailəmi, uşaqlarımı şərt qoydular…”
Rövşən Zahidov da narkotikin ona məxsus olmadığını bildirib: “Mən 20-si tutulmuşam, 24-ü isə evimizdə axtarış olub. 24-nə kimi evə xəbər göndərə bilməzdim ki, narkotiki götürsünlər? Hər şey məntiqlə olmalıdır axı. Mən qızımın soyuducusu üçün ayda 50 manat krediti güclə ödəyirəm, mənim heroin almağa pulum hardan? Ancaq dəli hamının istifadə etdiyi pencəyin cibinə heroin qoya bilər”.
Daha sonra Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Baba Atakişiyev dindirilib. O, ifadə verməyə başlamamışdan əvvəl Rövşən Zahidov ondan vicdanlı olub, düzgün danışmasını istəyib. Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov “Heç kəsə təzyiq etmək olmaz”, – deyə irad tutanda Rövşən Zahidov belə cavab verib: “Bəs mənə niyə təzyiq ediblər? Mənim qarşımda ailəmi, uşaqlarımı şərt qoydular. İndi mən də deyirəm ki, kişi olsun, düzünü danışsın…”
Baba Atakişiyev bildirib ki, Rövşən Zahidovun evində axtarışda iştirak edib və orada pencəyin cibindən narkotik aşkarlanıb.
Polis əməkdaşı ifadəsində hal şahidlərinin şöbənin qarşısındakı küçədən götürülüb axtarışa aparıldığını desə də, ondan sonra dindirilən hal şahidləri Mehman Hidayətov və Seymur Adıgözəlov fərqli ifadə verib.
Mehman Hidayətov deyib ki, taksi sürücüsüdür, Şamaxı şəhərində maşında müştərini apararkən polislər saxlayıb, onlarla axtarışa getməyi xahiş edib. O da maşından müştərini düşürüb, polislərə qoşulub, Rövşən Zahidovun evinə gedib. Amma istintaqa ifadəsində polislərin ona Muğanlı kəndində yaxınlaşdığını göstərib. Hidayətov ziddiyyəti belə izah edib: “Orada düz yazmamışam”.
Maraqlıdır ki, sözügedən pencək evin birinci mərtəbəsində olsa da, hal şahidi Seymur Adıgözəlov narkotikin ikinci mərtəbədəki pencəkdən tapıldığını iddia edib.
Bununla belə, adları çəkilən hal şahidlərinin hər ikisi təsdiqləyib ki, axtarış zamanı Leyla Zahidova polislərə narkotikin həyat yoldaşına məxsus olmadığını, onların özləri tərəfindən pencəyin cibinə atıldığını deyib.
Məhkəmə prosesi aprelin 12-də davam edəcək.
Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.
Aytən