İntiqam Əliyev dünəndən artıq evindədir. Təbrik edirəm İntiqam bəyi. Allah qalan siyasi məhbuslarımızın da qapısını açsın. İntiqam Əliyev daxil, o adamların heç biri məhbəsdə oturmalı deyildilər.
Rejimin hakim olduğu 23 ildə, vəzifədən alınan çinli-çinli məmurların nümunəsi, həbs ediləsi əsil cinayətkarların ünvanını göstərdi. Ən yüksək rütbəli məmurlar, onlara həvalə edilmiş sahələri öz ailə biznesinə çevirib nəsillikcə çapıb talayıblar bu ölkəni. Amma həbsxanalarda talançılar deyil, oğrunun üzünə oğrusan deyənlər yatırlar. Nə etməli, bu da bir taledir. Millətini, dövlətini canından artıq sevən, haqqı, ədaləti hər şeydən uca tutan bütün insanların bütün zamanlarda yaşadığı taledir. Səbəbkarlar isə həmişə öz cəzalarını alıblar və əksəriyyəti də elə bu fani dünyada. Axirət dünyasındakıları isə allah bilər, amma o dünyaya nə tövr aparmasından o dünyadakı aqibətini də elə təxmin etmək olar.
İntiqam Əliyev 597 gün məhbus həyatı yaşadı. Bu müddəti il yarımdan bir az artiq, iki ildən bir az əskik və sair bu tipli sözlərlə ifadə edənlər üçün təkrar edirəm – İntiqam bəy, düz 1 il 7 ay 19 gün həbsdə olub. Bu müddətin hər günü ağır olub, sınaq olub. Rejim bu müddəti İntiqam bəydən gördüklərinə kifayət edəcək əvəz bilib, azad etməyib onu. Bunların puldan, dünya malından gözləri doymadığı kimi, taladıqları ömürlərdən də doymurlar. Məcbur edildilər. 5 il şərti cəza verməklə onu heç olmasa bu müddətə söndürdüklərini zənn edirlərsə, yanılırlar.
İntiqam bəyin məhbəsdən qabaqkı həyatı kimi, məhbəs həyatı da bir nümunə oldu. Zahirən, intellektual sahədə çalışanlar, düşüncə adamları təzyiqlərə, məhrumiyyətlərə daha az dayanıqlı görünürlər. Amma həbsxana fiziki sınaq yeri deyil, mənəvi sınaq meydanıdır. Və mənən güclü, möhkəm iradəli adamlar bu sınaqdan uğurla çıxmağı bacarırlar. Çox özündən deyənlərin oradan necə çıxdıqlarını görmüşük. Amma, çox uzaqlara getmədən, elə bu günlərimizdə Leyla və Arif Yunusların, Tofiq Yaqublunun, İntiqam Əliyevin və onlarla başqalarının bu imtahandan necə uğurla çıxdıqlarını da gördük.
Məndə Əli İnsanova qarşı qatı, davamlı bir antipatiya var. Onu bu rejimin arxitektorlarından biri hesab edirəm. Amma bu ağır günlərində nümayiş etdirdiyi dəmir iradə hörmət doğurmaya bilmir. Xədicə İsmayılova, İlqar Məmmədov, Seymur Həzi, Fuad Qəhrəmanlı və digər dostlarımız da bu gün üzləşdikləri mənəvi terroru uğurla adlamaqdadırlar.
Sınmayacaqlar, günahsız insanları məhbəslərə doldurub ömürlərini çürütməyin. Bu sizə əlavə günah yükündən savayı heç nə verməyəcək.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.