Will Gore Britaniyada kifayət qədər tanınan jurnalistdir. O, “The Independent” və “Evening Standard” qəzetlərinin baş redaktor müavinidir. Gore həftədə bir dəfə çıxan sütununda media etikası barədə yazır.
Məhz buna görə də onun “The Independent” qəzetində dərc olunmuş son məqaləsində cavab axtardığı sual təəccüblü səslənmir.
“Nə üçün Avropanı Ankara və Lahor, Brüssel və Paris qədər yandırmır?”
Will Gore yazır ki, ötən həftə ona hiddətlənmiş oxucudan bir zəng gəlib. Zəng edən soruşurmuş ki, nə üçün Brüsseldə baş vermiş “terror aktlarına” bu qədər yazı həsr edən media, bundan bir həftə əvvəl Ankara və İstanbulda törədilmiş aktlardan dodaqucu danışır.
Gore yazır ki, bu zəngi edən şəxs “terrora” məruz qalmış iki ölkəyə medianın belə fərqli yanaşması barədə sual verən yeganə şikayətçi deyil.
Məqalədə deyilir ki, belə sualları soruşmayanlar da var. Bunlardan bəziləri fərqli yanaşmanın kökündə irqçiliyin dayandığına inanırlar.
“Yəni biz, ağdərili avropalıları Avropanın sərhədlərindən kənarda olan qarayanız insanlardan daha yüksək qiymətləndiririk – yazır Gore, – Onların fikrincə dünən Lahorda baş vermis partlayışa olan münasibət məhz bu mülahizənin doğruluğunu isbat edir”.
Şüurlu və qeyri-şüurlu irqçilik?
“The İndependent” qəzetinin redaktor müavini bu fikirdədir ki, başqa medialardan fərqli olaraq onun qəzeti Türkiyədə baş vermiş “terror hadisələrinə” laqeyd qalmayıb.
Məsələn, martın 13-də Ankarada baş vermiş avtomobil partlayışından sonra “The İndependent” bu “terror hücumu” barədə xəbər və təhlil xarakterli yazılar verib.
“Amma bununla belə, biz Brüsseldə baş vermis hava limanı və metro partlayışılarını daha geniş işıqlandırmışıq” – yazır Gore.
Jurnalist bunu onunla izah etməyə çalışır ki, Belçika paytaxtı Avropanın içində olduğundan burada praktik məqsədlər də rol oynayıb. Məsələn, adamları maraqlandırırdı ki, Brüsselə necə getmək olar, yollar necədir və sair.
Gore etiraf edir ki, Belçikada baş vermiş hadisələrin geniş işıqlandırılması bu ölkənin adamları arasında yaşanmış sarsıntının dərəcəsindən asılı olub.
“Lakin burada şüurlu və ya qeyri-şüurlu bir irqçilik gizlənməyib ki?…Media avrosentrik bir gündəliyə malik deyildirmi?..” – deyə sual edir jurnalist.
Yaxınlıqdakı təhlükə
“Bu suallara müsbət cavab vermək işin sadə tərəfidir, – yazır Gore, – Burada belə bir fakt unudulur ki, britaniyalıların əksəriyyəti Brüsseldəki hücumun xəbərini alanda, dərhal baş verən müqayisə Ankara ilə yox, Londonla aparılır. Belçika paytaxtı bir çox xüsusiyyətlərinə görə Londona bənzəyir. O, bir çox britaniyalının səfər etdiyi şəhərdir. Qatarla ikicə saatlıq yoldur. Burada Avropa Komissiyası yerləşir… Bura münaqişəli ölkələrlə həmsərhəd deyil. Qısası, bu bizim tanıyıb-bildiyimiz bir yerdir”.
Jurnalist izah etməyə çalışır ki, Brüsselə Ankaradan daha artıq diqqət verilməsi irqçilik və ya dinlə yox, qorxu ilə bağlıdır.
“Bu ölkədəki insanlar, əlbəttə Türkiyədə (və ya Pakistanda və ya Malidə və ya Burkina Fasoda) baş verən “terror hadisələrindən” dəhşətə gəlirlər, amma və lakin onları daha çox yaxınlıqlarında baş verən və bir gün burada da baş verə biləcək hücumlar qorxudur” – yazır Gore.
Onun fikrincə Fransa və Belçika hücumlarının ardınca Britaniyada ifadə olunan həmrəylik daha çox yaxınların itirilməsinə verilən təskinlik kimidir.
Ankara da ağladır, Lahor da, amma…
“The İndependent”in redaktor müavini sual edir ki, elə isə medianın belə yanaşmasını dəyişmək düzgün olmazdımı?
“Lakin Belçika paytaxtında baş vermiş üçlü intiharçı partlayış, Türkiyədə baş vermiş terror aktlarından dahamı təəccüblüdür? Brüssel hücumu daha dəhşətli yox, daha ölümcül yox, daha müəmmalı yox, məhz daha gözlənilməz və daha proqnozlaşdırılmaz deyilmi? Əlbəttə belədir” – yazır Gore.
O bu qənaətdədir ki, Brüsseldə baş verən “terror aktları” britaniyalıların şəxsi təhlükəsizliyi barədə, Türkiyədə, İraqda və ya Nigeriya və Malidə baş verən aktlardan daha çox sual doğurur.
Redaktor müavini bu nəticəyə gəlir ki, məhz bu səbəblərə görə Brüsseldə baş verən hadisələrin Britaniya mediasında daha geniş işıqlandırılmasının praktik əhəmiyyəti var.
Jurnalistin fikrincə, “məhz bu səbəbdən də kimlərinsə Brüssel və Paris barədə Ankaradan daha çox yazması, onların irqçi olması və ya Ankara və Lahorda həlak olanlar üçün kədərlənməməsi demək deyildir”.
(bbc azəri)