«The Daily Telegraph»: «Onun həbsxanaları işgəncə verilmiş opponentləri ilə doludur»
London meri Boris Conson “The Daily Telegraph”da qədim Palmira şəhərinin Suriya qoşunları tərəfindən geri almasından yazıb. BBC-xəbər verir ki, müəllif yazısı ilə çıxış edən mer Palmiranın IŞID-dən geri alınmasına son dərəcə sevindiyini bildirib:
“Bəli, mən bilirəm ki, Əsəd əcinnə və diktatordur. Öz xalqını çəllək bombaları ilə bombardman edib. Onun həbsxanaları işgəncə verilmiş opponentləri ilə doludur. O və atası uzun illər ərzində terror və zorakılıqla hakimiyyət sürüblər. Lakin iki səbəbə görə Əsəd qoşunlarının uğurundan məmnunluq duyuram. Birincisi, Əsəd recimi nə qədər qaba olsa da, IŞID-dəki opponentləri ondan daha və dəfələrlə pisdirlər”.
Özünü Islam Dövləti adlandıran təşkilatın törətdiyi bütün cinayət və zorakılıqları sadaladıqdan sonra London meri öz Əsədə niyə haqq qazandırdığının ikinci səbəbini açıqlayıb: “Ikinci səbəb qədim Palmiranın geri alınmasıdır. Bir çoxları üçün bunun ikinci dərəcəli məsələ olduğunu bilirəm. Lakin mənim üçün dünyanın ən nadir tarixi incilərindən birinin xilası böyük hadisədir. Əsədin qələbəsi arxeologiyanın qələbəsidir. IŞID o qədər vəhşi və geriqalmışdır ki, bütün islamaqədərki tikililəri gözəlliyindən asılı olmayaraq küfr sayır”.
Conson tarixi qoruğun rəhbəri Xalid əl-Əsədin Palmira amfiteatrında icra olunmuş edamını da yada salıb. Mer yazır ki, Palmiranın IŞID-in əlində olduğu bir il mənəviyyatın və mədəniyyətin fəlakəti çağı idi.
Boris Conson öz məqaləsində aprelin 19-da Londonun “Trafalqar” meydanında Palmira ilə həmrəylik üçün keçiriləcək böyük tədbirdən də söz açıb: “Həmin gün Londonun bu füsunkar meydanında Palmirada dağıdılmış Bel məbədinin 15 metrlik fraqment maketi nümayiş etdiriləcək. Bu layihəyə Rəqəmsal Arxeologiya Institutu (Institute of Digital Archaeology) rəhbərlik edir və ekspozisiya Harvard, Oxford və Dubay muzeyinin müştərək işidir. Bu mükəmməl bir maket olmayacaq. IŞID tərəfindən partladılmış məbəd qapılarının sarı-qırmızımtıl daş divarlarını plastik məmulat əvəz edəcək. Lakin bu maket hər halda çox gözəl olacaq və bizim kollektiv əzmimizi nümayiş etdirəcək”.
Məqalədə qeyd olunur ki, Bel məbədinin 2000 ildə çox sakinləri olub. Bizans zəmanəsində məbəd kilsəyə çevrilib. Sonra məscid olub. Buranı dağıtmaq bu axmaqlardan başqa heç kimin ağlına gəlməyib. Məbəd darvazasının Londonda ucaldılması həm də rəmzi məna daşıyacaq və Britaniyanın Palmiranın bərpasında rol oynamaq istəyindən xəbər verəcək”.
London meri təəssüflə yazır ki, Əsəd qüvvələrinin qazandığı uğurun arxasında nə Britaniyanın, nə də Qərbin konkret siyasəti olub: “Bəzi məlumatlara görə, ruslar Palmiranın alınmasında nəinki hava zərbələri, hətta quru qüvvələri ilə də iştirak ediblər. Əgər Putin manyakların Palmiradan rədd edilməsinə köməklik göstəribsə, nə qədər ağrılı olsa da, ruslara təşəkkür etməliyəm”.