Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, bu ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olundu.
Əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, qərarın ləğvi xüsusilə telefon və kompüter istifadəçiləri arasında müəyyən çaşqınlıq yaradıb.
Diqqət çəkən məqamlardan biri də Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) rəsmi saytında bu barədə qeydin verilməsidir. Hazırda saytda verilən təqvim yay vaxtına keçid nəzərə alınaraq təyin olunub. Yəni, rəsmi saytda təqvimi dəyişmək mümkün deyilmi ki, bunun üçün qeyd verilib?
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, problem tezliklə həll olunacaq:
“Nazirlər Kabineti tərəfindən yay vaxtına keçidin ləğv edilməsi barədə qərar verilən kimi biz də Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında qeyd verdik.
Həmçinin bölgələri də bu barədə məlumatlandırdıq ki, verilən qərar namaz vaxtlarında nəzərə alınsın. Saytdakı təqvimin indiki saata uyğunlaşdırılması texniki məsələ olduğundan tezliklə həll ediləcək”.
Qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar vermişdi.
Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi.