elnurastanbeyli@gmail.com
Ilham Əliyevin ABŞ səfəri öncəsi çox sayda siyasi məhbusun azadlığa buraxılacağı onsuz da gözlənilən idi. Necə ki, belə də oldu. Amma başda ABŞ olmaqla, Qərbdən və Avropadan gələn reaksiyalarda, məsələn, Novruzöncəsi imzalanan “əfv” sərəncamının alqışlanmasına baxmayaraq, hələ də həbsdə yetərincə siyasi, vicdan məhbusu olduğuna xüsusi diqqət çəkilməsi nəzərdən qaçmadı, qaçmamalıdır da.
Məlum “əfv” qərarına qarşılıq daha yüksək dozada övgü, alqış gözləyən Əliyev rejimi də, belə görünür, həm ABŞ, həm də Avropadan aydın şəkildə ifadə olunan bu məmnuniyyətsizliyi hiss etmiş olmalıdır ki, iki gün öncə Azərbaycan reallığında kifayət qədər sensasion sayılacaq xəbər gəldi. Məlum oldu ki, baş prokuror Zakir Qaralov Azərbaycanın ən dəyərli hüquqçularından biri, adını “Vicdan müəllim” kimi çağırdığımız, demokratik dünyanın azadlığa buraxılmasını xüsusi olaraq tələb etdiyi siyasi məhbusların başında gələn Intiqam Əliyev barədə həbs hökmündən protest verib, həmin protestə bu gün – yəni martın 28-də baxılmalıdır. Arzu edək ki, Intiqam müəllim də dəmir barmaqlıqlarla vidalaşacaq.
Amma belə bir həqiqət şübhəsiz, yenə də dəyişməyəcək: Azərbaycan zindanlarında rejimin siyasi sifarişlə, qondarma, əldəqayırma ittihamlarla həbs etdiyi kifayət qədər insan qalır, onlar törətmədikləri cinayətin cəzasını çəkməyə məhkum olublar, yeganə suçları ölkələrinin azad, demokratik, mədəni dünyanın bir parçasına çevrilməsi üçün çalışmaları, çapalamalarıdır. Həbsxanalarında bircə nəfər belə şərlənmiş, günahsız insan varsa, o ölkə çağdaş, demokratik, modern dünya ölkəsi ola bilməz. Həmin ölkədə ədalətin varlığından, hüququn üstünlüyündən danışmaq mümkünsüzdür.
Təəssüf ki, bu adi, sadə həqiqəti 22 ildir yaprtokratlara dərk və qəbul etdirmək mümkün olmadı. Bu rejim repressiyaları öz varoluşunun bir nömrəli qarantı kimi gördü, görür. Və nə yazıq ki, görməyə də davam edəcək.
Bəli, son yaşananlardan sonra xeyli adamda belə gözlənti yaranıb ki, qarşıdakı aylarda digər vicdan məhbusları, siyasi məhbuslar da azadlığa buraxılacaq. Əlbəttə, bu hamımızın istəyidir. Amma hakimiyyətin insan hüquqları və azadlıqları məsələsinə baxışlarının kökündən, fundamental şəkildə dəyişəcəyinə inanmaq böyük sadəlövhlük olardı. Düşünmək ki, bizi bu rejimin varlığı, mövcudluğu şəraitində qarşıda “siyasi məhbuslarsız Azərbaycan” gözləyir, bu çox primitiv inam, yersiz və aşırı optimizm olardı.
Siz hesab edirsinizmi ki, bu rejim korrupsiyasız öz varlığını davam etdirə bilər? Təcrübə göstərir ki, əsla, qətiyyən!
Yaxud polis gücü, dəyənək gücü, zor, işgəncə aparatı olmadan bu rejimin ayaqda qala bilmək imkanı sizə görə nə qədərdir? Yenə təcrübə göstərir ki, belə bir imkan sıfıra bərabərdir, hətta sıfırın altındadır.
Bu rejim hətta AzTV üslubundan, AzTV leksikonundan, AzTV ruhundan belə imtina edə, geri çəkilə bilməz, qalmışdı ki, öz repressiv, aqresssiv, basqıçı mahiyyətindən imtina etsin. Siyasi həbslər aparmamaq öz əlilə ölkədəki xof mühitini dağıtmaq deməkdir. Xof mühitini dağıtmaq isə – oturduğu budağı kəsmək.
Dediyim odur ki, son azadlığa buraxılmalar sevindiricidir, amma bu rejimin özünüislahının, ya da bizim – toplumun etiraz gücünün nəticəsi deyil. Bu, xarici konyunkturanın uğurudur.
Belədə isə “siyasi məhbuslarsız Azərbaycan” xəyal etmək çox qeyri-ciddi görünür.
“Siyasi məhbuslarsız Azərbaycan”ı ancaq ölkənin yerli imkanları, iç şərtləri, – əlbəttə, başda güclü, dəyanətli, dürüst, prinsipial, çalışqan və ağıllı protest qüvvələri olmaqla! – yarada bilər.
Bu gün o imkanlar və şərtlər reallıq olaraq nə qədərdirsə, “siyasi məhbuslarsız Azərbaycan” arzusunun gerçəkləşməsi ehtimalı da bir o qədərdir.