«Əsədin siyasi gələcəyi müzakirə mövzusu olmayacaq!»
Suriya danışıqlarının növbəti mərhələsi apreldə başlayacaq. Bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura məlumat verib. Onun sözlərinə görə, bu çərçivədə ilk toplantı aprelin 9-dan sonra olacaq:
“Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə Isveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar aprelin 9-dan sonra davam etdiriləcək və əsas diqqət siyasi keçid prosesinə yönələcək. Suriya müxalifəti danışıqların aprelin ilk günlərində, hökumət qüvvələri isə 13-də başlamasını istəyir”. Ötən günlər ərzində BMT-nin Cenevrə bölməsində aparılan danışıqlarda Suriya hökumətini və müxalifəti təmsil edən nümayəndə heyətlərinin görüşü və bu görüşün nə zaman baş tutması barədə razılıq əldə edilməyib. Mistura nümayəndə heyətləri ilə danışıqları ayrı-ayrılıqda keçirməli olub. ABŞ və Rusiyanın xarici işlər nazirləri münaqişə tərəflərini birbaşa danışıqlar üçün görüşməyə çağırıblar.
Suriya hökumətini təmsil edən nümayəndə heyəti ölkə başçısı Bəşər Əsədin siyasi gələcəyinin danışıqların mövzusu olmasına qəti etirazını bildirib. Nümayəndə heyəti apreldəki Cenevrə danışıqlarının gedişindən asılı olmayaraq, aprelin 13-də Suriyada parlament seçkilərinin keçiriləcəyini elan edib və yalnız bundan sonra Cenevrədə danışıqların mümkün olacağını bildirib. Müxalif qruplar isə parlament seçkilərini qeyri-legitim hesab edirlər.
Mistura mətbuat nümayəndələrinə son günlərdə aparılan danışıqların nəticəsinin on iki bəndlik sənəddə əksini tapdığını da bildirib: “Sənədin əsas məğzi ölkənin suverenliyinin qorunub saxlanması, heç bir regionun ölkənin tərkibindən çıxmaması və digər məsələlərdir”.
Xatırladaq ki, Suriya ilə bağlı son danışıqlarÿmartın 24-də Cenevrədə baş tutmuşdu. Həmin müzakirlərin nəticəsi olaraq qəbul edilən sənəd Suriyada 6 ay ərzində keçid hökumətinin formalaşdırılmasını, yeni Konstitusiyanın hazırlanmasını və yaxın 18 ayda azad seçkilərin keçirilməsini nəzərdə tutur.
Suriya ilə bağlı növbəti açıqlama ABŞ dövlət katibi Con Kerridən gəlib. Rusiya prezidenti Vladimir Putinlə 4 saatlıq görüşdən sonra Kerri bildirib ki, Vaşinqton və Moskva Suriyanın yeni Konstitusiyasının ilkin variantının avqust ayına qədər hazırlanmasına qərar verib. Tərəflər həmçinin Suriya hökuməti və üsyançılara siyasi keçid danışıqlarını sürətləndirmək məqsədilə təzyiq etmək barədə də razılığa gəliblər.
Suriyada 5 ildir davam edən müharibədə 250 mindən çox insan həlak olub, 11 milyon suriyalı ölkədən didərgin düşüb.