Cəsur Sümərinli, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri
Bu günlərdə Birləşmiş Ştatların Müdafiə Departamenti postsovet məkanının 3 respublikası – Azərbaycan, Gürcüstan və Moldova ilə hərbi-siyasi danışıqlar aparır. Rəsmi məlumatlarda bildirilir ki, Birləşmiş Ştatların Avropa Komandanlığının (EUCOM) komandanı Filip Breedlove martın 22-24-də Gürcüstan və Moldovaya səfər etdiyi zaman ABŞ Müdafiə katibinin nümayəndəsi Maykl Karpenter Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Idarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla müzakirə olunan məsələlər Gürcüstan və Moldova hərbi rəhbərlikləri ilə müzakirə olunanlardan fərqli olsa da, güman ki, əsas hədəf eynidir: Azərbaycan, Gürcüstan və Moldovanın təhlükəsizliklərinin qorunması.
Gürcüstan və Moldovanın müdafiə nazirliklərinin yaydığı məlumatlarda amerikalı generalla görüşlərin mövzusunun orduda islahatlar, birgə təlimər və eyni zamanda Rusiyanın təcavüzkar siyasətinin qarşısının alınması olduğu bildirilir. Azərbaycan tərəfinin yaydığı rəsmi məlumata görə isə, Vaşinqtonda aşağıdakı məsələlər müzakirə olunub:
– NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi,
– NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi,
– Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq,
– Azərbaycanla ABŞ arasında qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar.
Göründüyü kimi, faktik olaraq konkret mövzulardan danışılmasa da, uzunmüddətli fasilədən sonra ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq münasibətlərinin yenidən canlanacağı perspektivi ortaya çıxır.
ABŞ-Azərbaycan hərbi münasibətləri: buz niyə yarandı?
Xatırladaq ki, ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq münasibətləri ümumilikdə təxminən 3 ilə yaxındır dondurulub. Diplomatik mənbələr bunu rəsmi Bakının yürütdüyü daxili və xarici siyasətin təsirindən baş verdiyini bildirirlər. Dondurulmuş əməkdaşlıq planları sırasına Azərbaycan hərbçilərinin Birləşmiş Ştatlarda müxtəlif təlim-təhsil kurslarında iştirakı, Birləşmiş Ştatların təlimatçılarının Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq prosesinə dəstəyi, ABŞ Avropa Komandanlığının Xəzərdə təhlükəsizlik problemlərinin həllində rəsmi Bakıya dəstəyi, iki ölkə arasında enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mübadilə və s. var. Xüsusilə də Birləşmiş Ştatlar 5-6 il öncə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş öhdəliklərin bir çoxunun icrasında rəsmi Bakıya xüsusi dəstək verirdi. Bu dəstək içərisində Azərbaycan Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin imkanlarının gücləndirilməsi, orduda idarəetmə, xüsusilə də çavuş idarəetməsinin tətbiq olunması istiqamətində davamlı yardımlar yer tuturdu.
Xəzərin təhlükəsizliyi istiqamətində ABŞ Avropa Komandanlığı ilə Azərbaycan Müdafiə Nazirliyinin hər il yenilədiyi Iş Planı vardı, bu plan üzrə bir vaxtlar Azərbaycan Hərbi Dəniz Qüvvələrində diqqətçəkən işlər görülmüşdü. Buraya hərbi gəmilərin, katerlərin müasirləşdirilməsi, hərbi heyətin bilik və təcrübəsinin artırılması daxil idi. Lakin bu Iş Planı artıq 4 ildən artıqdır yenilənmir və faktik olaraq dondurulub. Bu, qeyri-rəsmi məlumatlara görə, rəsmi Bakının istəyi ilə belədir. Faktiki olaraq Azərbaycan hakimiyyəti sözügedən Iş Planını uzatmaqdan və onun parlamentdə təsdiqlənməyə çıxartmaqdan imtina edib.
Sonuncu dəfə ötən ilin iyulunda Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-ın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət etmişdi. Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, Nəcməddin Sadıkov ABŞ hərbi attaşesi ilə fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib. “N.Sadıkov qeyd edib ki, Dövlət Departamentinin ölkəmizə qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq biz NATO-nun etibarlı tərəfdaşı kimi cıxış etməkdə davam edirik və Əfqanıstanda bizə həvalə olunmuş missiyanı uğurla yerinə yetiririk”.
Müdafiə Nazirliyinin yaydığı məlumatda daha sonra bildirilirdi: “Bir ilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur. ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün uğurlarını nümayiş etdirir. Dövlət Departamentindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və ABŞ Dövlət Departamenti qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir”.
“Danışıqların sonunda N.Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, bizim hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib. Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümidini ifadə edib”,- deyə Müdafiə Nazirliyi bəyan edirdi.
Nəcməddin Sadıkovun bəyanatından sonra proseslər maraqlı məcrada cərəyan etməyə başladı. Sanki rəsmi Bakı ABŞ-la hərbi əməkdaşlığı tam dayandırmağa, şərtlərinin yerinə yetirilməsində israr etməyə tərəddüd edirdi. Bir tərəfdən ABŞ-la Azərbaycan arasında siyasi gərginləşmə davam edir, Vaşinqtondan, Dövlət Departamentindən Azərbaycan hakimiyyətini ölkədə siyasi azadlıqları təmin etməyə, siyasi məhbusları azadlığa buraxmağa yönəlik kəskin bəyanatların ardı-arası kəsilmir, digər tərəfdən isə ABŞ-ın yüksək hərbi siyasi dairələrini təmsil edənlər Azərbaycana səfərlər edirlər. Ötən il noyabrın 7-də müdafiə naziri Zakir Həsənov Bakıda ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Rəsmi məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər müzakirə olunub.
Daha sonra, bu ilin yanvarın 13-də Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olundu.
Sonuncu dəfə isə martın 18-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Milli Qvardiyanın Quru Qoşunları komandanı, briqada generalı Hopper Smitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib. Keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin genişləndirilməsi, regional təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də ABŞ və NATO ilə qarşılıqlı uyarlılıq səviyyəsinin inkişaf etdirilməsi və digər istiqamətlərdə ikitərəfli təcrübə mübadiləsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bununla da son bir həftə ərzində Birləşmiş Ştatların Müdafiə Departamentinin EUCOM xətti ilə 3 ölkə – Azərbaycan, Gürcüstan və Moldova ilə hərbi-siyasi danışıqlar apardığı məlum olur. O da istisna deyil ki, bu danışıqlarda mətbuata ötürülməyən məsələlər var. Amma, rəsmi açıqlamalardan da belə görünür ki, hazırda Birləşmiş Ştatların postsovet ölkələri, xüsusilə də Rusiya ilə sərhəddə və ya onun bu və digər formada təcavüzünə məruz qalan ölkələrlə əməkdaşlığında xüsusi mərhələ başlayır.
Neftin qiymətinin düşməsi, iqtisadi böhran nəticəsində zəifləyən Rusiya bir neçə il öncənin Rusiyası kimi hadisələrə çevik və kəskin reaksiya verə bilmir.
Vaşinqtonda nə müzakirə olunub?
Diplomatik mənbələr bildirir ki, bu ilin fevralına qədər rəsmi Bakı Nəcməddin Sadıkovun ötən ilin yayında bəyan etdiyi tezisləri təkrarlamaqda davam edib. Təxminən “siz bizim siyasi durumumuza, daxili vəziyyətimizə qarışmayın, biz də əvəzində sizinlə hərbi əməkdaşlıq edək” kimi səslənən bu tezis çox keçmir ki, rəsmi Bakının gündəliyindən çıxarılır. Neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranmış hərtərəfli böhranla, o cümlədən ordu quruculuğu sahəsində maliyyə problemləri ilə üzləşən Azərbaycan hakimiyyəti mövqeyini yumşaltmağa məcbur olur. Verilən məlumata görə, bu ilin fevralında Azərbaycan hakimiyyəti ABŞ-la hərbi əməkdaşlığın “donunu açmaq” niyyətini diplomatik kanallarla Vaşinqtona göndərib. Situasiya isə ötən ilin yayındakı durumdan fərqlidir: artıq Azərbaycan hakimiyyəti ABŞ qarşısında hər hansı şərt qoymur.
“Birləşmiş Ştatlarda Bakıdan göndərilən mesajı diqqətlə araşdırıblar, lakin Azərbaycandakı siyasi problemlərin həllinin vacib olduğunu bildiriblər. Çox keçmir ki, rəsmi Bakı siyasi məhbusların bir hissəsini azadlığa buraxır və ardınca Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq sahəsində ciddi niyyətini bir daha bəyan edir. Nəticədə isə ilkin olaraq Vaşinqtonda general-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi MN və XIN nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul etməyə söz verirlər”,- deyə diplomatik mənbə bildirir.
Hərbi mənbələr Vaşinqtondakı görüşün detalları barədə müəyyən bilgiləri bölüşüblər. Azərbaycan tərəfi hərbi-siyasi məsləhətləşmələrdə Birləşmiş Ştatların ekspertlərinin dəstəyindən istifadə edəcəyi barədə ilkin razılıq verib…
FTƏP-in reallaşmasında ABŞ dəstəyi…
Hərbi mənbələrin məlumatına görə, hazırda Azərbaycan hakimiyyəti iki mürəkkəb hərbi sual qarşısındadır: postneft dövründə hərbi büdcəni şişirdilmiş hərbi ehtiyaclara necə uyğunlaşdırmaq və ikinci orduda hərbçilərin ixtisarını və mülkiləşməni necə aparmaq. Hər iki sualla bağlı NATO tərəfinin dəstəyinin olması mümkün hesab edilsə də, rəsmi Bakının buna nə dərəcədə razı olacağı sual doğurur.
Verilən məlumatlara görə, FTƏP-in qəbul olunduğu 2005-ci ildən bu yana sənəddə əksini tapan bir çox öhdəliklər sonradan Müdafiə Nazirliyində təmsil olunan yüksək vəzifəli generalların istəklərinə uyğun olaraq yerinə yetirilib. Əsas istiqamətlər: büdcə planlaşdırması, ştat-struktur dəyişiklikləri, şəffaflıq, hesabatlılıq, mülki nəzarət kimi istiqamətlər yerinə yetirilməmiş qalır…
Daha bir problem FTƏP öhdəlikləri içərisində əksini tapan Hərbi Doktrina, Dəniz Təhlükəsizliyi Strategiyası kimi sənədlərin ictimai müzakirə olmadan, tələm-tələsik qəbul edilməsi ilə bağlıdır. FTƏP-də əksini tapan növbəti sənəd – Strateji Müdafiə Icmalı hələ də qəbul edilməyib. Halbuki rəsmi Bakı bu sənədi (onun ilkin mətninin hazırlanmasında NATO və ABŞ hərbi ekspertləri iştirak etmişdi) 2012-ci ildə qəbul edəcəyinə söz vermişdi.
Amma əsas məsələ bununla da bitmir. Istər FTƏP, istərsə də digər sənədlər çərçivəsində mövcud olan əməkdaşlıqda Silahlı Qüvvələrdə korrupsiyanın, yeyintilərin qarşısının alınması kimi konkret öhdəliklər mövcud olmasına baxmayaraq, rəsmi Bakı indiyədək bunları yerinə yetirməkdən çəkinib…
Orduda korrupsiyaya qarşı mübarizədə ABŞ-ın və ümumiyyətlə, NATO-nun dəstəyindən istifadə etməyə nəhayət, qərar verəcəkmi? Müşahidələr göstərir ki, bu qəti inandırıcı deyil, böyük ehtimalla “orduda korrupsiyaya qarşı mübarizə” əvvəllər olduğu kimi yenə də Azərbaycan hərbi-siyasi hakimiyyətinin inhisarında qalacaq və hər hansı xarici zabitin oraya “burun soxması”na imkan verilməyəcək. Amma o da aydındır ki, bunsuz, Qərbdən hər hansı effektiv dəstək gözləmək əbəsdir. Əgər rəsmi Bakı “pulsuzluq dövrü”ndə Qərbdən yardım almaq arzusu varsa, o zaman hərbi büdcəni də Qərbə açmalıdır.
Ümumilikdə, araşdırmalar göstərir ki, hazırda baş verən bütün proseslər, rəsmi Bakının bir sıra siyasi məhbusları azadlığa buraxması, hər hansı şərt qoymadan ABŞ-la hərbi əməkdaşlığa başlamaq qərarı, Vaşinqtondakı görüşdə bir sıra mühüm hərbi məsələlərin müzakirəsi və ilkin razılıqlar və s. Azərbaycan prezidenti Ilham Əliyevin yaxında ABŞ-a gözlənilən səfərinə hesablanıb. Mətbuatın məlumatına görə, Ilham Əliyevin “Nüvə sammiti”ndə iştirakı gözlənilir və böyük ehtimalla onun ayaqüstü olsa da ABŞ prezidentinin sorğu-sualına tutulma ehtimalı var. Bu söhbət zamanı tərəflərin tutacağı mövqedən, Azərbaycanın nə dərəcədə Qərbə inteqrasiyaya hazır olmasından çox şey asılı olacaq.
Əsas məsələ: Rusiya nə edəcək?
Rusiyanın indiki vəziyyəti sakit müşahidə edildiyi sezilir. Suriyadan qoşunların çıxarılması qərarının ardınca baş verənlər sanki Rusiya üçün məğlubiyyət ssenarisinin işə düşdüyü qənaətini yaradır. Lakin müşahidələr göstərir ki, belə qənaət yanlışdır və Rusiya postsovet məkanında baş verə biləcək hadisələri qarşılamaq üçün təcavüzkar siyasətini qəfil gücləndirə bilər…
Azərbaycanda bir vaxtlar bir sıra təlim bazaları, eyni zamanda hərbi hava limanları, Xəzərdəki müşahidə məntəqələri NATO-nun, ABŞ-ın dəstəyi ilə yenilənib. Hazırda Azərbaycan hakimiyyəti ilə ABŞ arasında hərbi-siyasi münasibətlərin necə qurulmasından asılı olaraq anoloji praktik hərbi dəstək davam edə bilər. Amma bunun üçün rəsmi Bakı özünün strateji qərarını açıqlamalıdır: O, kimin yanındadır? Rusiyanın, yoxsa Avroatlantik məkanın?