Bakı şəhəri, Zahid Xəlilov küçəsi, ev 18A, 4 saylı mənzildə yaşayan Qarabağ müharibəsi veteranı Saday Məmişov “Azadlıq”a müraciət edib. Prezident Ilham Əliyevə üz tutan şikayətçi 1984-cü ildən indiyə kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərində işlədiyini bildirib:
“Mən 1988-ci ildə ev nöbəsinə dayanmışam. 1995-ci ildən indiyədək yataqxanada sahəsi 13 kv.m olan otaqda 5 nəfərlik ailəmlə yaşayıram. Əvvəllər uşaqlar balaca olduğundan ikisi bir divanda yatırdı. Indi uşaqlar böyüyüb və evdə yatmağa yer yoxdur. Yemək-içməyimiz, yatmağımız hamısı bir otağın içindədir. Beş nəfər ailənin bir otaqda yaşaması dözülməzdir. Birimiz qrip olanda hamımız tutuluruq.
Cənab prezident, bu ölkənin ərazi bütövlüyü uğrunda döyüşəndə heç ağlıma gətirməzdim ki, bir gün gələcək evsiz, torpaqsız qalacağam. Mənim nə günahım var?! 32 il dövlət idarəsində işləyəsən, özün də yataqxanada yaşayasan. Sizə yazdığım məktubları Prezident Administrasiyasının məsul işçiləri idarəyə göndərirlər. Bütün bunlar bizdə sabaha inamsızlıq, ümidsizlik yaradır. Uşaqların nə günahı var ki, onlar belə dözülməz şəraitdə yaşayırlar. Oğlumu evin olmaması səbəbindən üç ildir evləndirə bilmirəm. Qızımın illik 3000 manat təhsil haqqını ödəməkdə çətinlik çəkirəm. Bu da məni bir ailə başçısı kimi çox üzür. Ailəmin üzünə baxa bilmirəm, xəcalət çəkirəm. Idarədən mənə bildirilir ki, gəmiçilik tərəfindən 2002-ci ildən mənzil fondu üçün tikinti işləri aparılmır və balansda olan mənzil fondu Nazirlər Kabinətinin 02.02 .2015-ci il tarixli sərəncamına əsasən, Bakı şəhər Icra Hakimiyyətinin balansına təhvil verilib. Bu səbəbdən xahişinizi yerinə yetirmək cəmiyyətin imkanı xaricindədir. Belə şəraitdə mən necə yaşayım?! Belə biganə münasibəti görüb həyatda yaşamaq belə istəmirəm. Sizdən bir müharibə veteranı kimi xahiş edirəm, mənim ev problemimin həllində öz köməyinizi əsirgəməyəsiniz”.
Sosial şöbə